QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Neftçi” ilə “Qarabağ” ən sülhsevər komandalardır (apasport.az)

Peşəkar Futbol Liqasının rəsmi saytı 2012-ci ildən başlayaraq çempionat oyunlarında üz-üzə gələn klublar arasında oyunların balansını təqdim edir. Apasport.az saytının məlumatına görə, 20 milli çempionatımızdakı oyunların balansı bir sıra maraqlı məqamları üzə çıxarır.

691 cüt. İndiyə qədər Azərbaycan çempionatları tarixində 691 müxtəlif cüt üz-üzə gəlib. Lakin bunların 27-ü yalnız texniki nəticələrlə tarixdə qalıb. Digər 664 cüt isə ən azı 1 dəfə yaşıl meydanda münasibətlərini ayırd edib.

Əbədi cütlər. Bütün çempionatların iştirakçısı olan “Neftçi”, “Qarabağ” və “Turan”ın iştirakı ilə olan 3 cütdən 2-sinə hər çempionatda təsadüf olunub. Bunlar “Neftçi” – “Turan” və “Qarabağ” – “Turan” cütləridir. “Neftçi” ilə “Qarabağ” ayrı qruplara düşdükləri üçün 1993-cü il mövsümündə üz-üzə gəlməyiblər.

46 duel. Ən çox qarşılaşan komandalar da “Neftçi” və “Qarabağ”dır. Onlar təkcə çempionatda 46 dəfə görüşüblər.

23 qələbə. Eyni rəqibi ən çox məğlub edən komanda “Neftçi”dir. Bakılılar “Turan”ı rekord sayda – 23 dəfə məğlub edib. Eyni məntiqlə bir rəqibə ən çox uduzan da “Turan”dır.

19 “sülh”. Hamıdan çox heç-heçə edən komandalar “Neftçi” və “Qarabağ”dır. Əzəli rəqiblər 19 çempionat oyununda “sülh” bağlayıblar.

Barışmaz rəqiblər. Heç vaxt heç-heçə etməyib daha çox qarşılaşan cütlük isə “Qarabağ”la Sumqayıt “Xəzər”idir. Rəqiblər 19 dəfə görüşsə də heç-heçə üzü görməyiblər. Bu oyunlarda 16 dəfə “Qarabağ”, 3 dəfə “Xəzər” sevinib.

“Kabus”. Eyni rəqibə daha çox matçda uduzmayan komanda “Kəpəz”dir. Gəncə təmsilçisi MOİK üçün əsl “kabus”dur. Belə ki, rəqiblər arasında 22 oyunda 5 heç-heçə olubsa, digərlərində gəncəlilər sevinib.

63 qol. Bir rəqibin qapısına rekord sayda qol vuran komanda “Neftçi”dir. Bakılılar “Turan”ın qapısına 63 qol vurublar.

100-ə nə qaldı... “Neftçi” – “Turan” və “Qarabağ” – “Turan” duellərində 95 qol vurulub. Texniki nəticələrə görə hesablanan qollar nəzərə alınmasa “Neftçi” 63:32, “Qarabağ” isə 55:40 hesabı ilə tovuzluları üstələyir.

44 top fərqi. Balansdakı ən böyük top fərqi “Kəpəz” – MOİK oyunlarına aiddir. Həmin qarşılaşmalarda gəncəlilər 44 top fərqilə öndədir – 53:9.