QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Boyan Pavloviçin bilmədikləri – ARAŞDIRMA (apasport.az)

Azərbaycan Premyer Liqasında 722 dəqiqədir qol buraxmayan “Qarabağ”ın qapıçısı Boyan Pavloviçin 4 hədəfi qalıb. Apasport.az saytının məlumatına görə, 660 dəqiqə səddini arxada qoymaqla, dünya qapıçılarının ən uzun quru seriyalarının yer aldığı Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) reytinqinə düşən serbiyalı üçün daha 4 rekord mövcuddur.

Bəlkə də Pavloviçin özünün də bilmədiyi bu rekordların yenilənməsi üçün hələ çox tər tökməlidir.

1. “Qarabağ” tarixinin rekordu
Camaləddin Əliyev (“Qarabağ”) – 958
236 dəqiqəlik fərqi aradan qaldırmaq üçün “Xəzər Lənkəran” və “Qəbələ” ilə oyunları qolsuz keçirib, “Bakı” ilə XXV turun oyununda 2-ci hissənin ilk dəqiqəsini də etibarlı dayanmalıdır.

2. Serbiya rekordu
Nenad Lukiç (“Obiliç” və “Sutyeska”) - 988
Serbiyalı qolkiper həmyerlisi Nenadın ölkə rekordunun müəllifi olduğunu yəqin ki, bilmir. Lakin 266 dəqiqə də davam gətirməlidir ki, Serbiya tarixinə də düşsün. Bunun üçün ilk “altılığ”ın 3 turunda qol buraxmamaq, hətta “Bakı” ilə matçın 87-ci dəqiqəsində rəqib qolu görmək də kifayətdir.

3. Azərbaycan çempionatları rekordu
Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
Boyanı Azərbaycan çempionatları rekordundan 384 dəqiqə ayırır. Bu isə 4 oyun və 24 dəqiqə deməkdir. Yəni serbiyalı ilk “altılıq”da qeyd etdiyimiz “Xəzər Lənkəran”, “Qəbələ” və “Bakı” ilə oyunları deyil, qapısına son dəfə qol vuran “Neftçi” ilə növbəti – XXVI turun duelini də “quru” keçirməli, “İnter”lə oyunun 25-ci dəqiqəsinə kimi qol buraxmamalıdır. Bu kifayət qədər çətin olsa da, mümkünsüz deyil.

4. Mümkünsüz dünya rekordu
Geraldo Pereyra de Matos Filyo "Mazaropi” (“Vasko da Qama”, Braziliya) – 1816 dəqiqə
Pavloviçin bu mövsüm dünya rekordu etməsi mümkünsüzdür. Çünki o, “altılığ”ın 10 oyununda qol buraxmasa da, əfsanəvi “Mazaropi”yə çatmır. Bunu o, yalnız növbəti mövsüm nail ola bilər. Lakin bunun özü də az qala mümkünsüz görünür. 1094 dəqiqəlik fərqi aradan qaldırmaq üçün serbiyalı “altılıq”dakı 10 oyun, üstəlik, gələn mövsümün ilk 2 oyununu “dözməli”, 3-cü oyunda isə 15-ci dəqiqədən tez topu qapısından çıxarmalıdır.