QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Pavloviç: `Bilirəm ki, `toxunulmaz` qalmaq çətin olacaq` (korner.az)

Premyer Liqasının XIX turunda da qapısını toxunulmaz saxlayan "Qarabağ" özünəməxsus olan rekordunu yeniləyib. Korner.az xəbər verir ki, "Simurq"u 2:0 hesabı ilə məğlub edən Ağdam klubunun qapıçısı Boyan Pavloviç bununla da quru seriyasını 722 dəqiqəyə çatdırıb. O, sonuncu dəfə 2011-ci il noyabrın 26-da XIV turun "Neftçi"ylə görüşündə (1:2) qapısında qol görüb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan və dünyanın milli çempionatlardakı ən uzun quru seriyaları özündə əks etdirən siyahıya düşmək üçün lazım olan 660 dəqiqəlik normativi ödəyən serbiyalı legioner Azərbaycan çempionatları tarixinin 13-cü göstəricisinə imza atıb. "Qarabağ" tarixinin 2-ci nəticəsinin müəllifi indi bu siyahıda daha da irəliləməyə çalışacaq.

Qeyd edək ki, Pavloviçin nailiyyətinin İFFHS tərəfindən rəsmən tanınması üçün seriyanın qırılması zəruridir. Yalnız onun dəqiq göstəricisi müəyyənləşdikdən sonra qurumun Azərbaycan nümayəndəsi tərəfindən federasiya məlumatlandırılacaq və həmin vaxtdan sonra açıqlanacaq siyahıda Pavloviçin də adı olacaq.

25 yaşlı qolkiper bununla bağlı klubun rəsmi saytına açıqlamasında belə danışıb: "Təbii ki hər qapıçı tarixə düşmək istəyir. İstənilən qapıçının vəzifəsi ilk növbədə qol buraxmamaqdır. Fərqlənmək üçün 660 dəqiqəyə ehtiyacım olduğunu bilirdim. Hələ qış fasiləsində 4 "quru" oyun var idi. Mənə tez-tez rekord haqqında xatırladırdılar. Qarşıma belə konkret hədəf qoymamışdım. Hətta bu haqda danışanda belə fikri yayındırmağa çalışırdım. Matçlar ötdükcə artıq əsas gündəm bu oldu. Düzdü, yenə danışmaq istəmirdim. Amma məni məcbur etdiniz (gülür).

Təbii ki, qol buraxmamağımda müdafiənin böyük rolu var. Arxa xəttimiz olduqca güclüdür. Milli komandalarının futbolçularıdır. Onların dəstəyini qeyd etməliyəm. Həm komanda, həm də mənim üçün oynadılar. Hətta sonuncu matçda topu boş qapıdan da çıxardılar. Təbii ki, qol buraxmadıqda həm məndə, həm də qapıçıda özünə inam yaranır.

İndi kuboku da nəzərə alsaq, 9 oyundu qol buraxmırıq. Bu 9 oyunda ən çətin işim "Qəbələ"ylə oldu. Qarşıda bizi final mərhələsinin oyunları gözləyir. Bilirəm ki, "toxulmaz" qalmaq çətin olacaq. Amma "Qarabağ"ın qələbə qazanması daha vacibdir".

Azərbaycan çempionatının ən uzun quru seriyaları

1. Nizami Sadıqov ("Turan") - 1106 dəqiqə
2. Xalidu Sissoko (Seneqal, "Bakı") - 985
3. Xalidu Sissoko (Seneqal, "Bakı") - 971
4. Camaləddin Əliyev ("Qarabağ") - 958
5. Pavel Doroşev (Latviya, "Qəbələ") - 952
6. Elxan Həsənov ("Neftçi") - 943
7. Dmitri Kramarenko ("Karvan") - 798
8. Dmitri Kramarenko ("Neftçi") - 772
9. Rauf Mehdiyev ("Olimpik") - 746
10. Elşən Poladov ("Bakı") -744
11. Nadir Şükürov ("Dinamo") -741
12. Aleksandr Martyoşkin (Belarus, "Xəzər Lənkəran") - 735
13. Boyan Pavloviç (Serbiya, "Qarabağ") - 722
13. Kamran Ağayev ("Xəzər Lənkəran") - 720
14. Camaləddin Əliyev ("Qarabağ") - 700
15. Rauf Mehdiyev ("Olimpik") - 676