QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rauf Əliyev: “Bu, mənə yaraşan nəticə deyil” (qol.az)

“Qarabağ” klubunun hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi

- “Qarabağ” qış fasiləsindən sonra keçirdiyi dörd oyunun hamısında qələbə qazanıb. Yəqin ki, komandanızın çıxışı səni qane edir.

- Belə götürəndə hər şey normaldı. Düzdü, qalib gəldiyimiz üçün ola bilər ki, bəzi çatışmazlıqların fərqinə varmaya bilərik. Lakin oyun zamanı bəzi xırda problemlər üzə çıxır. Elə oyunlar olur ki, komanda çətinlik çəkir. Məsələn, bu sözlərimi “Simurq”la son oyunun birinci hissəsinə aid edə bilərəm. Ancaq qol vurduqdan sonra problemi aradan qaldıra bildik.  Bu da başa düşüləndi ki, çatışmazlıqların hamısını bir anda düzəltmək mümkün deyil. Düşünürəm ki, bəzi problemləri tədricən aradan qaldıracağıq.

- Komandanızın hücumların sayı çox olsa da, əksər oyunlarda minimal hesabla qalib gəlirsiniz. Səbəb nədir?

- Bəli, doğru deyirsiniz. Lakin mən hər şeyə rəğmən sonda nəticənin bizim üçün yaxşı olmasının tərəfdarıyam. Birdə ki, yaratdığın bütün qol epizodlarının hamısında fərqlənmək olmaz ki. Açığı, nədən belə olduğunu mən də bilmirəm.
Düzdü, qol vurmaq hücumçunun işidir. Lakin biz də əlimizdən gələni edirik ki, komandaya maksimum xeyir verək. Əsas odur ki, bir və ya iki qol olsa da, vura bilirik. Böyükhesablı qalib gələ bilməməyimiz hardasa, başa düşüləndi. Çünki rəqiblərimiz “Qarabağ”la qarşılaşmalarda daha çox müdafiəyə diqqət yetirirlər.

- Keçən mövsümə rəğmən bu il çox az qol vurmusan: 22 oyuna cəmi dörd qol.

- Bu nəticədən razı deyiləm. Özüm də bilirəm ki, bu mövsüm çox az qol vurmuşam. Lakin buna baxmayaraq, meydanda çox iş görürəm. Daim hərəkətdə olaraq rəqib müdafiəçilərini həyəcanda saxlayıram. Bilirəm ki, dörd qol mənə yaraşan nəticə deyil. Lakin ruhdan düşməyərək irəliyə döğru baxıram. Əsas məsələ baş məşqçi Qurban Qurbanov mənə inanmasıdır. İnanıram ki, qarşıdakı oyunlarda qollar vuraraq fərqlənəcəyəm.

- Düşünmürsən ki, rəqib komandalar və müdafiəçiləri artıq sənin oyununu oxuyub?

- Mən belə deməzdim.  Əlbəttə, iştirak etdiyim, qol vurduğum oyunların video yazısını analiz edirlər. Ancaq bir şeylə razılaşıram ki, əvvəlki oyunlara nisbətən, müdafiəçilər mənə daha sıx oynayırlar. Hərdən olur ki, iki müdafiəçiyə məni saxlamağı tapşırırlar. Sözsüz ki, belə təzyiq altında oynamaq çətindir.

- İlk “alttılıq” mərhələsinə sabah start veriləcək. İlk rəqibiniz “Xəzər Lənkəran” oyunda hansı nəticəyə ümid edirsən?

-  Əlbəttə bizi çətin yun gözləyir. “Xəzər Lənkəran”la “Qarabağ”ın oyunu hər zaman maraqlı və gərgin keçir. “Altılıq”dakı ilk qarşılaşmanın Quzanlıda öz azarkeşlərimiz önündə olması bizi bir az üstün edir. Lakin bu oyunun taleyini bir qol da həll edə bilər. Ona görə də, çox diqqətli olmalıyıq. Çox təəssüf ki, sarı vərəqə limitim dolduğu üçün “Xəzər Lənkəran”la oyunda iştirak edə bilməyəcəm. Bununla belə, komanda yoldaşlarımın işlərinin öhdəsindən gələcəklərinə inanıram.

- Sənin həmin oyunda olmamağın “Qarabağ”ın çıxışına nə dərəcədə təsir edəcək?

- Düşünmürəm ki, komanda zəif oynasın. Çünki “Qarabağ”ın heyətində kifayət qədər yaxşı oyunçu var. Keçən il bir qədər çətinlik çəkə bilərdik. Lakin bu mövsüm heyətdə yetərincə ehtiyat futbolçu toplaşıb.

Əli HƏYATİ