QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“AFFA “Qarabağ”ın azarkeşlərini küsdürməməli idi” (qol.az)
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl AFFA-nın İntizam Komitəsinin klubun 13 min manat məbləğində cərimələsinə və Topaz Premyer Liqanın bir ev oyununu azarkeşsiz keçirməsi cəzasına münasibət bildirib. Qol.Az saytının müxbirilə söhbətində o deyib ki, bu cəza bir qədr sərtdir: “Qanun hamı üçün qanundur. Bunu başa düşürük. Bilirik ki, komandamıza verilən cəza qaydalar çərçivəsindədir. Ancaq bir qədər sərt cəza oldu. Azarkeşləri cəzalandırmaq bu gün inkişafda olan Azərbaycan futboluna mənfi təsir göstərir. AFFA “Qarabağ”ın onsuz da az olan azarkeşini küsdürməməli idi”. Klub rəsmisi azarkeşsiz qalmağın “Qarabağ”ın oyununa mənfi təsir edəcəyini söyləyib: “Qəbələ” ilə ev oyunumuz ilk “altılıq”da öz meydanımızda keçirəcəyimiz birinci görüş olacaq. Belə vacib oyunda azarkeşsiz oynamaq əlbəttə ki, komandaya pis təsir edəcək. Bu oyuna maraq daha çox olacaq. Ancaq çox təəssüf ki, azarkeşlərimiz bu oyunu televiziya vasitəsilə izləyəcək”. Ə.Çəlikəl stadionda təhlükəsizlik məsələsinə də toxunub. “Həm paltardəyişmə otağını, həm də hakimlərin təhlükəsizliyini rayon polis bölmələri təmin edir. Oyun günü təhlükəsizlik aşağı səviyyədə deyildi. Sadəcə olaraq gözlənilməz bir hadisə baş verdi. Orda futbolçudan çox polis işçisi var idi. Vaxtında müdaxilə edib, hadisənin böyüməsinin qarşısını aldılar. Belə hadisələr hər yerdə baş verir. Əsas odur ki, xəsarət alan olmayıb”. Xatırladaq ki, AFFA İntizam Komitəsinin “Qarabağ”la bağlı son qərarına Ağdam təmsilçisinin Topaz Premyer Liqanın 22-ci turunda “İnter”ə qarşı keçirilən matçdan sonra yaşanan olaylar səbəb olub. Həmin insident zamanı “İnter”in bir neçə futbolçusu fiziki təzyiqə məruz qalıb.