QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Avropa Derbi`sini yaşamaq üçün stadion azarkeşlərlə dolmalıdır...

Klubumuzun dayaq yarımmüdafiəçisi Qara Qarayevin apasport.az saytına müsahibə vermişdir. Müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq:


- Topaz Premyer Liqasının VIII turu çərçivəsində sabah `Neftçi` ilə qarşılaşacaqsınız. Çempionluq uğrunda əsas rəqiblərinizdən olan bu komanda ilə görüşdə məqsəd nə olacaq?
- `Neftçi` ilə oyunun öz ölçüsü var. Bu bizim də arzuladığımız bir matçdır. Çox səbirsizliklə bu qarşılaşmanı gözləyirik. Görüşə yaxşı hazırlaşmışıq, komandada əhval-ruhiyyə yaxşıdır. Bütün diqqətlərimizi `Neftçi` ilə matça yönəltmişik. İstəyirik ki, 3 oyunluq uğursuzluğu unutdurmaq üçün qələbə qazanaq.
- `Qarabağ` və `Neftçi` ilk çempionatdan bəri elitada iştirak edən yeganə klublardır. Bu komandaya qarşı oynayanda əlavə motivasiya ilə meydana çıxırsız, yoxsa elə bir fərq olmur?
- Bu komanda ilə oyunlar bizim üçün həmişə prinsipiallıq daşıyır. Sizin dediyiniz kimi, dövlətimizin müstəqilliyindən indiyədək bu komandalar bütün çempionatlarda qarşı-qarşıya gəliblər. Hamısı da həm prinsipial, həm də çox maraqlı keçib.
- Səhv etmiriksə, `Neftçi` azarkeşləri sizinlə baş tutacaq bu görüşü `Avropa derbisi` adlandırıb. Oyunun belə adlandırılmasına münasibətiniz necədir?
- Bu, Qafqazın derbisi ola bilər. Avropa derbisi olmasına isə hələ çox var. Bunun üçün gərək azarkeşlər stadionun tribunalarında boş yer qoymasın.
- Son vaxtlar `Qarabağ` ən çox tənqid olunan klublardan biridir. Tərslikdən, növbəti rəqibinizlə oyunda da xal itirmək ehtimalı çoxdur...
- Bizi tənqid etməkləri heç də düzgün deyil. Bunu futbol adamları deyirlərsə, yaxşı anlamalıdırlar ki, komandanın oyunu alınmayanda alınmır. Amma bu görüşdə maksimum nəticə göstərmək istəyirik. Ola bilər ki, `Neftçi` ilə oyunda xal itirək. Ancaq əsas prinsipimiz düzgün və doğru oynamaqdır. Belə oynasaq, nəticə özü gələcək. Düzdür, əvvəlki qarşılaşmalarda da düzgün futbol nümayiş etdirsək də, nəticə qazana bilmədik. Bununla belə, sabahkı qarşılaşmada istədiyimizə çatacağımıza inanıram.
- Sizi ən çox tənqid edənlərdən biri də Gəray Qarayevdir...
- Mənim ona cavab vermək həddim yoxdur. Fikirlərinə hörmət edirəm. Bizdə tənqidlik heç nə yoxdur. Kimsə bizə məsləhət verə bilər, ancaq kimsə bizim məşqçiləri və futbolçu heyətini tənqid edə bilməz. Oyun bitdikdən sonra bunu deməkdən asan bir şey yoxdur.
- Necə düşünürsünüz, komandadakı problem fizika, yoxsa psixologiya ilə bağlıdır?
- Şükür Allaha, fiziki baxımdan heç bir problemimiz yoxdur. Ancaq AZAL-a məğlub olduqdan sonra komandada psixoloji sıxıntının olması hardasa mümkündür.
- Ancaq baş məşqçi Qurban Qurbanov sonuncu uğursuzluqdan sonra açıqlama vermişdi ki, komandada fiziki yorğunluq var...
- Burda stadion amili də var. Biz təbii ot örtüyündə oynamağı sevən komandayıq. İstər-istəməz birdə sünidə oynamağımız çox fərq edir. Məncə, `Dalğa Arena`nın qazonu inşa olunduğu vaxtdan bəri ən pis vəziyyətindədir.
- Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov da demişdi ki, `Qarabağ` mərkəzi arenada oynaya bilərdi...
- Ot örtüyü hazır olsaydı, yəqin ki orda oynayardıq. Bizə xəbər verilmişdi ki, tam hazır deyil. Yəqin ki, nəsə problemlər çıxmışdı. Bizə də xoş olmaz ki, stadionumuz hazır ola-ola başqa yerdə oynayaq.
- `Qarabağ`da komanda yoldaşın olmuş Rəşad Sadiqov açıqlama verib ki, əvvəllər sizə güclü olduqlarını sübut ediblər. Bu açıqlamaya reaksiyanız necədir?
- Həmişə qalib tərəf onlar olmayıb. Ötən ilə nəzər saldıqda, ən çox üstün tərəf biz olmuşuq. Ancaq yenə də bunu Rəşad deyibsə, onun fikrinə hörmətlə yanaşıram. Qoy elə olsun (gülür).