QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Əmrah Çəlikəl: `Hədəfimiz çoxdan gözlədiyimiz çempionluqdur`

`Qarabağ` Futbol Klubunun direktoru Əmrah Çəlikəl Qol.Az saytına müsahibə verib.
- Əvvəlcə komandanızın `Neftçi`yə qalib gəldiyi oyun (3:1) haqda fikirlərinizi öyrənmək istərdik.
- Əlbəttə, sevindirici haldır ki, biz ölkə çempionuna qalib gəldik. Qələbə qazanacağımıza inanırdıq. Çox maraqlı bir oyunun şahidi olduq. Düşünürəm ki, oyun `Qarabağ`ın tam üstünlüyü şəraitində keçdi. Hesaba nəzər salanda da bunu görmək olar.  Çox sevincliyik, ancaq bu, adi bir çempionat oyunu idi. Sadəcə üç xal qazandıq. Qış fasiləsinə qədər bizi daha iki çətin oyun gözləyir.
- `Qarabağ`ın qış hazırlıq planı haqda məlumat almaq istərdik.
- Yanvar ayının 6-da komandamız təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. Baş məşqçinin planına uyğun olaraq 21 günlük təlim olacaq. Təbii ki, bir neçə yoldaşlıq oyunun keçirilməsi də hazırlıq planına daxildir. Hələlik rəqiblər bilinmir. Məskunlaşacağımız oteldə də bir neçə komanda olacaq ki, onlarla da oynamaq üçün danışıqlar aparılır.
- Bilirik ki, `Qarabağ` futbolçu axtarışındadır. Bəyənilən, yaxın günlərdə baxışa çağırılası oyunçular varmı?
- Təbii ki, hər zaman axtarışlarımız davam edir. Ancaq hazırda komandaya cəlb etmək istədiyimiz  bir futbolçu yoxdur.
- `Qarabağ`la müqaviləsi qışda başa çatacaq futbolçu varmı?
- Xeyr.
- Hansısa futbolçu ilə yolları ayırmaq planınız var?
- İnanmıram ki, göndəriləcək futbolçu olsun. Çünki bununla bağlı baş məşqçi bizimlə görüş keçirməyib.
- Bir müddət əvvəl `Qarabağ`ın yarımmüdafiəçisi Reynaldoya Bundesliqa klubundan təklif gəlməsi ilə bağlı xəbərlər dolaşırdı. Bu xəbər nə dərəcədə doğru idi və hazırkı uğurlu çıxışlarına görə braziliyalı futbolçu üçün `Qarabağ`a müraciət edən olubmu?
- Belə xəbərlər həmişə yayılır. Bunlar futbolçunun motivasiyasına təsir edir. Reynaldo `Qarabağ`a çox yaxşı uyğunlaşıb. Onun petensialına bələdik. Buna görə də onu komandamıza gətirmişik. Ancaq ona hanısa klubdan təklif gəlməyib. Əgər təklif olarsa, onun gələcək karyerasını nəzərə alıb qərar qəbul edəcəyik. Çünki o, gənc futbolçudur. Tək Reynaldo yox, digər futbolçularımız haqda da belə xəbərlər yayılır. Düzü, biz bundan narahatıq. Yaxşı çıxış edən, klubla heç bir problemi olmayan, müqaviləsi davam edən futbolçulara həmişə belə təsir göstərirlər. Transfer məsələləri klub rəhbərliyi səviyyəsində həll olunmalıdır. Nəinki Reynaldo, `Qarabağ`ın heç bir futbolçusuna başqa klubdan təklif gəlməyib.
- Başa çatmaqda olan 2013-cü ili komandanız üçün uğurlu hesab etmək olar?
- Həmişə hədəflərimiz yüksək olub. Bu il biz Avroliqanın pley-off mərhələsinə qədər yüksəldik. Hazırda isə komandamız çempionatın lideridir. Bilirik ki, bu mövqeyi qorumaq daha çətindir. 2014-cü ildə mübarizə daha da çətinləşəcək. Ancaq inanırıq ki, sonda sevinən tərəf biz olacağıq.
- `Qarabağ` həmişə çempionluğa iddialı olub. Bu il isə çoxları `Qarabağ`ı çempionluğa ən real namizəd hesab edir. Siz, komandanız haqda nə düşünürsünz?
- Əlbəttə ki, `Qarabağ` həm rəhbərliyi, həm də futbolçuları ilə çempionluğa layiqdir. Həm Avropada, həm çempionatdakı oyunlarımız bunu deməyə əsas verir. Biz də klub olaraq çempionluq üçün çalışırıq, vaxtımızı buna sərf edirik, baş məşqçi ilə daima bu məsələni müzakirə edirik. Hər il bizim çempionluq şansımız çox olur. Onu da nəzərə almaq lazımdır ki, tək `Qarabağ` yox, ümumilikdə Azərbaycan futbolu inkişafdadır. Bütün komandalarda səviyyəli futbolçular var. Ona görə də getdikcə çempion olmaq da çətinləşir. Təbii ki, bütün bunlarla ayaqlaşmaq üçün biz də lazımi transferlər edəcəyik. Çünki hədəfimiz çıxdandır gözlədiyimiz çempionluqdur.