QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` iddiası

`Qarabağ`ımız premyerliqanın XVIII turunda `İnter`i qəbul etdi. 2-ci dövrənin son oyununda və ya başqa sözlə ilin son oyunundan öncə `Qarabağ`ımızın qələbə qazanacağı təqdirdə qış fasiləsinə lider kimi yollanacağı oyundan öncə bəlli idi.

 Ötən tur `Bakı`yla oyunda 4 əsas heyət oyunçusunun xidmətindən məhrum olan `Qarabağ`ımızda Admit Telidən fərqli Rəşad Sadıqov, Riçard Almeyda və Reynaldo `İnter`lə oyunda ilk `11`likdə meydana çıxanların arasında idi. Oyun olduqca ağır taktiki mübarizə şəraitində keçdi. Tərəflərin beyin savaşı ilk yarıda qapıların toxunulmaz qalmasına səbəb oldu.

İkinci hissə eyni ssenariylə başladı. Amma tədricən təşəbbüsü ələ alan komandamız çox keçmədən hesabı açdı. Vüqar Nadirov bir hücumçuya məxsus olan bütün xüsusiyyətlərini nümayiş etdirməyini görməyə dəyərdi. Vüqarın premyerliqada vurduğu 4-cü qoldan az sonra `Qarabağ`ımız 2-ci qolun sevincini yaşadı. Reynaldo uzun reyd edərək rəqibi cərimə meydançasının həndəvərində qaydanı pozmağa məcbur etdi. Riçard isə cərimə zərbəsini mükəmməl yerinə yetirərək cari birincilikdə 3-cü qoluna imza atdı. Qoldan sonra oyunda temp aşağı düşdü və görüş `Qarabağ`ımız 2:0-lıq üstünlüyü ilə başa çatdı.

Beləliklə, 18-ci matçında 10-cü qələbəsini qazanan komandamız 36 xalla çempionatın yarısını liderliklə başa vurdu. `Qarabağ`ımız premyerliqanın tən yarısında ən çox qol vuran (31), ən azı top buraxan (11) statusunu ələ keçirən `Qarabağ`lmız 40 günlük fasiləyə yollandı.

 18 turluq marafonda `Qarabağ`ımızın nəticələrinə nəzər salarkən diqqəti cəlb edən ilk məqam komandamızın iddialılarla oyundakı uğurlu nəticələridi. Belə ki, `İnter` (2:1,2:0), `Xəzər-Lənkəran` (2:0, 3:0), `Qəbələ` (1:0, 4:3) hər 2 oyunda məğlub edilibsə `Neftçi`ylə oyunda 4 xal (0:0, 3:1) qazanılıb. Sadəcə `Bakı`yla ötən tur baş tutan qarşılaşmada xal qazana bilməmişik. İlk oyunda zolaqlıları 3:0 məğlub etsək də, yuxarıda qeyd etdiyimiz kimi 4 futbolçumuzun əksik olduğu qarşılşamada mövsümün 2-ci məğlubiyyətini almışıq.

Məğlubiyyətdən söz düşmüşkən, maraqlıdı ki, iddialılılarla oyunda demək olar ki xal itirməyən komandamız AZAL, `Simurq`, `Rəvan`la baş tutan 6 qarşılaşmada qələbə qazana bilməyib.