QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov:`Hələ çatışmazlıqlarımız var`

`Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Qış fasiləsindən sonra Topaz Premyer Liqasında keçirdiyiniz 2 oyunun birində uduzdunuz, digərində isə qələbə qazandınız. Komandanızın bu cür başlanğıcı sizi nə dərəcədə qane etdi?
- Bu cür başlanğıc pis deyil. İlk görüşdə `Xəzər Lənkəran`a məğlub olmağımız planlarımıza daxil deyildi. Bunu gözləmirdik. Ancaq startda bu cür hallar olur. Ümumi götürsək, hər şey normaldır.
 
- Heyətə cəlb etdiyiniz Jaba Dvaliyə hələlik əsas heyətdə şans vermirsiniz. Bu nədən irəli gəlir?
- Jabanı komandaya gec götürdük. Hazırlığın son mərhələsində komandaya qoşuldu. Buna görə də futbolçu hələ tam hazır deyil. Amma yaxın günlərdə formasını tam bərpa edəcək. Hələ çatışmazlıqlarımız var.
 
- Həftəsonu AZAL-la qarşılaşacaqsınız. Bu komanda ilə cari çempionatda keçirdiyiniz 2 oyunun birində yenilib, digərində heç-heçə etmisiniz. Yalnız kubok matçında onları üstələmisiniz. `Qarabağ` üçün arzuolunmaz rəqib hesab edilən `təyyarəçilər`lə görüşə necə hazırlaşırsınız?
- AZAL ən çətin rəqiblərdən biridir. Çalışırıq ki, düzgün hazırlaşaq. Əvvəlki oyunları yaddan çıxarmalıyıq. Meydana maksimum nəticə qazanmaq üçün çıxacağıq.
 
- Komandada ab-hava necədir? Rəşad Sadıqov nə vaxt tam formaya düşəcək?
- Ab-hava pis deyil. Rəşada gəldikdə, onun sıraya döndüyünü deyə bilərəm. Əvəzində Admir Teli zədələnib. O, komandamıza kömək edə bilməyəcək. Bəzi futbolçularımız formada deyildilər. İndi onlar tədricən öz formalarını bərpa edirlər.
 
- Ötən mövsüm `Qarabağ` uzun müddət turnir cədvəlinə başçılıq etsə də, sona yaxın zirvəni əldən verdi. Cari mövsümdə bu halın yaşanmaması üçün hansı tədbirlər görmüsünüz və ya görürsünüz?
- Əfsuslar olsun ki, əvvəlcədən heç nə demək mümkün deyil. Özünüz də görürsünüz ki, hər oyundan sonra turnir cədvəlində yerdəyişmələr olur. Hər bir komanda digərindən xal almaq gücündədir. Premyer Liqada zəif rəqib yoxdur. Biz də baş verənləri izləyirik. Çalışırıq ki, işimizi düzgün quraq. Hər oyunda meydana 3 xal qazanmaq üçün çıxırıq.
 
- Yığmanın baş məşqçisi Berti Foqts Premyer Liqada çıxış edən klubların baş məşqçiləri ilə görüşdü. Almaniyalı mütəxəssis Antalyadakı toplanışı da izləmişdi. Bu cür sıx əlaqələrin qurulmasının nə kimi müsbət təsiri ola bilər?
- Məncə, bunun müsbət çalarları çox olacaq. Baş məşqçi yığmanın üzvlərini daha yaxından tanıyacaq, izləyəcək. Onlar haqda daha çox informasiyaya malik olacaq. Düşünürəm ki, bu cür görüşlər həm millinin, həm də futbolçuların xeyrinədir.
Mənbə:apasport.az