QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Novruz bayramınız mübarək
Novruz - Azərbaycanımızın tarixi dərinliklərindən gələn, ən ümdə dəyərləri özündə birləşdirən ümummilli dəyərdir. Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Adətə görə süfrəyə \"s\" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və sairə də bayram süfrəsinin bəzəyi olur. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara başçəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir. Novruz axşamı axır çərşənbədə olduğu kimi niyyət edib qulaq falına çıxırlar. Eşidilən ilk söz niyyətin baş tutub-tutmayacağını aşkar edir. Bu qədim adət illərin sınağından çıxaraq özünü doğruldub. Papaqatma da Novruzun qədim adətlərindədir. Ev yiyəsi papağa bayram şirnilərindən yığaraq onu qapıya qoyur. Papağın yiyəsi öz sovqatını götürüb gedir. Bayramınız mübarək...