QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl: “Bu `Qarabağ` qrupda oynamalıdır!”

“Qarabağ”ımızın vitse-prezidenti Tahir Gözəl komandamızın Çempionlar Liqasındakı debütü ilə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik.

- "Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı. Maltada qazanılan qələbədən sonra "Qarabağ"ın artıq növbəti mərhələyə keçdiyini demək olar?

- Səfərdə qələbə qazansaq da, unutmayaq ki, cavab oyunu da var. Dünya çempionatında Braziliya - Almaniya oyunu göstərdi ki, futbol həyat kimidi. Ona görə də düşünürəm ki, biz indidən növbəti mərhələdə olduğumuzu düşünməməliyik. Çıxıb oyunumuzu oynamalıyıq. İnanıram ki, azarkeşlərin, bütün Azərbaycan xalqının dəstəyi ilə "Qarabağ" bu rəqibi keçəcək.

- "Qarabağ" "Valletta" ilə matçda xeyli qol imkanı yaratsa da, bunların cəmi birini qola çevirə bildi. Sizcə, bu qədər imkanın boşa verilməsi "Qarabağ"da hücumçu probleminin hələ də qalmasını göstərmirmi?

- Bu, artıq baş məşqçiyə aid sualdır. Bu haqda Qurban müəllim daha yaxşı bilər (gülür).

- Növbəti mərhələdə rəqib daha güclü bir komanda olacaq. "Qarabağ" bu amilləri nəzərə alıb yeni transferlər edəcək, yoxsa bu heyətlə sona kimi mübarizə aparacaq?

- Bu və digər məsələlərlə bağlı yaxın günlərdə komandayla birgə iclas keçirəcəm. Orada bütün məsələlər müzakirə olunacaq.

- Komandanızın "Valletta" ilə qarşılaşmasını izlədiniz. Maltadadı oyundan sonra siz "Qarabağ"ı qrup mərhələsində görürsüz, yoxsa ümid edirsiz?

- Bizim hədəfimiz qrupda oynamaqdır. Bu "Qarabağ" mütləq qrupda oynamalıdır. Çünki iddialar böyük, oyunu göz qabağındadır. Bu il qrupa düşməsək, deməli, "Qarabağ"ın elə ən güclü forması bu imiş. Bugünə qədər ən güclü "Qarabağ" hazırkı "Qarabağ"dır.

- "Valletta" önündəki "Qarabağ" arzuladığınız "Qarabağ" idi?

- İnsanın arzusu bitmək bilmirr. Mən istəyərəm ki, bundan da yaxşı olaq. Düzünü deyim? Bizim əsas məqsədimiz çempionluq deyil, gənc yerli futbolçular yetişdirmək, onları Azərbaycan futboluna bəxş etməkdir. Mənim ən böyük arzum "Qarabağ"ın əsas heyətindəki 11 futbolçusundan 9-nun yerli olmasıdır. Bizim yerli futbolçular da braziliyalılar kimi bacarıqlı, qoçaq olsalar, o zaman hər şer tam fərqli olacaq. Nə vaxt "Qarabağ"ın əsas heyətində 11 futbolçunun 9-u yerli olsa, o zaman biz də bir iş gördük deyə bilərik.

- Hədəfiniz qrup mərhələsidir. Qrup mərhələsi deyərkən, Çempionlar Liqasını, yoxsa Avropa Liqasının nəzərdə tutursunuz?

- Bizim hədəfimiz Çempionlar Liqasının qrup mərhələsində oynamaqdı. Bizim klubumuzun üstünlüyü sabitliyindədir. İllərdi bu futbolçularla oynayırıq. Bu, bizim üstünlüyümüzdür və Qurban müəllim bu futbolçularla çempion olub.

- Əgər "Qarabağ" qrup mərhələsinə düşsə, o zaman Premyer Liqa və kubok matçları ilə birgə üç cəbhədə mübarizə aparmalı olacaq. Bu isə çətin olacaq. Belə olacağı təqdirdə çempionat sizin üçün ikinci plana keçəcək?

- Bizim ilk növbədə hədəfimiz Azərbaycan adını, "Qarabağ" adını Avropada eşitdirməkdir. Sonra isə çempionat gəlir... Əgər qrupda oynasaq, çempionatda itirəcəyimiz xallar olacaq. Premyer Liqa matçları belədi ki, bir neçə tur xal itirsən də, qarşıdakı oyunlarda səhvləri düzəltmək olar. Ancaq avrokubok matçlarında fürsət çox azdır. Bir dəfə məğlub olsan, ikinci şansın olmur.

Mənbə: idmanxeber.com