QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Abdulbari Gözəl: `Qarabağ`ı dünyaya tanıtmaq istəyirik`

`Qarabağ`ımızın prezidenti cənab Abdulbari Gözel komandamızın Çempionlar Liqasında `Valletta` üzərində 4:0-lıq qələbəsindən sonra jurnalistlərin suallarını cavablandırıb..

- Oyunla bağlı fikirlərinzi  bilmək istərdik.

 - Açığı, futbolla elə də dərindən maraqlanmırdım. Ümummilli liderimiz Heydər Əliyev o zaman  mənə dedi ki, bu klubu al, “Qarabağ”ın adını dünyaya tanıt. "Qarabağ"a sahib çıxmaq bizim üçün məsuliyyətli idi. Hazırda “Qarabağ”ı dünyaya tanıtmağa, Qarabağın əsl sahibinin kim olduğunu sübut etməyə çalışırıq. İşimizdə iman var, baş məşqçimiz imanlı adamdır.  Şükürlər olsun ki, bura qədər irəlilədik, yolumuza davam edəcəyik. Yaxşı 
 
- “Qarabağ”ın oyununu izləyən zaman dincəlirsiniz, yoxsa həyəcanlanırsınız?

 - Əlbəttə, həyəcanlanıram.  Həyatda vacib olan odur ki,  işi düzgün yerinə yetirəsən. Belə olanda Allah da kömək edər. Həqiqət, dürüstlük, kişilik olsa, ölkənin mənafeyi hər şeydən üstün tutulacaq. Siz jurnalistlər də gələcəkdə kimlərəsə istiqamət verə bilərsiniz. "Qarabağ"ı dünyaya tanıtmaq istəyirik. Qarabağ bizimdir, bizim də olacaq.

 - Ağdamın işğal günü ərəfəsində bu qələbə yerinə düşdümü?

 - Bəli, buna görə ikiqat sevinirik, şükür edirik. Cənab prezidentimiz bütün sahələrdə Qarabağ üçün siayasət aparır.  Diplomatik, iqtisadi və s. Biz də əlimizdən gələni edirik ki, üzərimizə düşün işi layiqincə yerinə yetirək.. Sizi “Qarabağ”ın yeni inşa edilən 5 ulduzlu otelini görməyə dəvət edəcəyik. Çox gözəl klub, baza yaratmışıq. 5-6 ay ərzində tikinti işlərə başa çatacaq. Dəvət edəcəyik, çay içəcəyik, görülən işlərlə tanış olacağıq.
 
- Ağdamlı azarkeşlər hələ də çempionluq kubokunun yolunu gözləyirlər. Nə vaxt kuboku Ağdama aparmaq fikriniz var?
 
- Mən əvvəldən həqiqəti demişəm. "Qarabağ" Ağdama tez-tez gedib-gələndə yorulur. Ağdam Qarabağın bir parçasıdır. Qarabağ isə Azərbaycan deməkdir, hər kəsin ürəyindədir. Onların könlünü xoş eləmək üçün hərdən gedib-gələcəyik. Amma bunu tez-tez edə bilməyəcəyik. Kuboku Ağdama aparacağıq. Ancaq indi beynəlxalq oyunlar başlayıb. Rəqibləri “Qarabağ”ı  çox ciddi bir komanda kimi qəbul edir. “Azərsun” olaraq “Qarabağ”ın inkişafı üçün bütün işləri görürük. Bu arada sizləri mətbuat günü münasibəti ilə təbrik edirəm. Məni tənqid etsələr də, mətbuatı sevirəm.

 - Gələn il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar əksər klublar futbol komandasının büdcəsini azaldıb. Bu baxımdan “Qarabağ”da vəziyyət necədir?
 
- Bizim elə bir sıxıntımız yoxdur. Müəyyən mərhələyə qədər gəlmişik, bundan sonra da yolumuza davam edəcəyik.