QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
İNANAQMI? (FUTBOL+, 03.02.2007)
Yəqin, coxlarımız, Jan Tiqananı tanıyır. Hal-hazırda Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi olan qaradərili mütəxəssis daha çox futbolçuykən Fransa millisindəki çıxışıyla azerkeşlərin tanıma obyektinə düşüb. Afrikaəsilli futbolçu karyerasını bitirdikdən sonra “Monako” və “Fulhem”ə başçılıq etsə də, nəticə baxımından elə də “gözəgirən” bir şey əldə edə bilməyib. Amma, əvəzində, bu gün dünyada sözün hər iki mənasında top oynadan David Trezege və Lüdoviq Jüli məhz Tiqananın sayəsində bu səviyyəyə gəlib çıxıb. Elə təxminən ötən ilin bu vaxtlarında “Beşiktaş”ın başına keçən Tiqana yeni klubunda da açıq şəkildə bəyan edirdi ki, onun əsas məqsədi öncə Trezegeler və Jülilər yetişdirmək, sonra isə nəticə əldə etməkdir. Yəni, fransız başa salmağa çalışırdı ki, “material” olmadan nəticə əldə etmək müşkül məsələdir. Lakin, gözlənildiyi kimi, ilk günlər də, komandanı demək olar ki, başdan-başa gəncləşdirən fransız istəniləni əldə etməkdə çətinlik çəkməyə başladı. Belə də, Türkiyə mətbuatı işini-gücünü buraxıb Tiqananı “bomba”lamağa başladı. Tiqana bu gün qovular, sabah qovular deyə-deyə fransız bir təhər 1 ili yola verdi. Elə bu arada hər kəs yeni dəyişən rəhbərliyin Tiqananı qovacağını düşündüyü anda Demirörən (Beşiktaşın prezidenti) son anda fransıza inanmağa qərar verdi. ...İndi, isə hamı “Beşiktaş”dan danışır. Bəli, cəmi bir neçə gün öncə, Tiqananı asıb-kəsənlər indi onu mədh etməkdən yorulmurlar. Cəmi bir neçə gün öncə, inanılmayan, bəyənilməyən gənclər indi Türk futbolunun sabahı elan olunublar. Əlqərəz, sizi bu Tiqana məsələsiylə yormaqda əsas məqsədim bu günlərdə “Qarabağ”ın baş məşqçi postuna Rasim Karanın yürütdüyü siyasətlə bağlıdır. Daha doğrusu, çempionatda 9-cu (!) yerdə gedən ağdam kubunun üst-üstə 14 (!!) futbolçusunun müxtəlif yığmalara çağrılmasına ictimayyətin heç də birmənalı yanaşmaması qəribə bir durum yaradır. Gəncləşdirmə siyasətini Karamı yürüdür, rəhbərlikmi, bununla işim yox. Amma, həqiqətən də komanda “Beşiktaş” və “Real” təcrübəsindən istifadə etməyə çalışırsa bunu bu qədər “baltalamağ”a ehtiyac var mı? Əlbəttə, “Qarabağ”ın “Beşiktaş” və “Real” olmadığını başa düşürük. Amma, bu gün yerli futbolçu qıtlığından əziyyət çəkiriksə, və məcburən yığmanın təxminən yarısını əcnəbilər təşkil edirsə həqiqətəndə gəncləşməyə üstünlük verməyə ehtiyac yoxdur mu? Nəzərə alsaq ki, bu 14 futbolçudan heç biri legioner statusu yoxdur, deməli, ən azından, bu fakta görə, gənclərə bir şans vermək olmazmı? Elə, nəticə deyib fəryad etməyimizə görə, bu gün nəticəsizliyə uğramamışıqmı? Deyirəm, bəlkə, Türklərin Tiqanaya verdiyi şansı biz Karaya deyil öz gənclərimizə verək? Çünki, vallah, başqa şansımız da yoxdu. Siz elə bilirsiniz, biz də elə bir Kara tapılacaqmı ki, Azərbaycanda qeyd etdiyimiz siyasətə üstünlük verəcək? Elə, Kara da Rasim Kara olmağının üstünlüyündən istifadə edərək bu işə qol qoyub. Yoxsa, Azərbaycanda hec kimə nəticəsizliyə oynamağa imkan verməzdilər. Fikir vermizsə, bu gün Azərbaycanda “mənəm-mənəm” deyən futbolçuların əksəriyyəti “iddialı” klublarda çıxış etməyindən dəm vurur. Əslində, bu “iddia”nın arxasında cempionatda zəifləri tək ayaqla yenərək, yaxşı pul qazanmaq durur. Cünki, Azərbaycanda pulun olmadan qalib gəlmək çətin məsələdir. Klublarımız avrokuboklarda bir mərhələdən yuxarı tullana bilmiriksə, hansı iddiadan danışırıq?.. Kara sadəcə oynayanlara şans verəcək. Türkiyəlinin burada “xalasıoğlu”, əmisioğlu” yoxduki, formanı məhz ona versin. Deməli, indi bizə sadəcə inanmaq qalır. Karaya yox, öz futbolçularımıza. Bəlkə, sabah bu inancımızdan, Ən azından Karanın vətənində oynaya biləcək futbolçu yetişə... PS. Kara “Xəzər”də işləyəndə o vaxt böyük bəslədiyimiz İlqar Qurbanovu transferinə nail oldusa, Qurbanovun “ulduz”u Azərbaycanda parlamadı. Kara indi də, eyni ümidlərlə yanaşdığımız Vaqif Cavadovu yanına gətirib. Açığı, Qazaxıstanla matçda Cavadovu bəyənsəmdə Ermənilərlə görüşdən boyun qaçırmasından sonra ona da ümidim qalmayıb. Amma, “Qarabağ”ın heyətində ermənilərlə hər iki görüşdə oynamış Maksim Medvedev adlı bir futbolçu var ki, Karanın məhz “Qarabağ” seçməsi sayəsində futbolçunun nə zamansa Avropada oynayacaq ilk qaranquşumuz olacağına çox inanıram