QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Böyükağa Ağayev: “Neftçi” ilə oyunda üç xala iddialıyıq” (çempion, 18.09.2006)
”Qarabağ” bu gün ölkə çempionatı çərçivəsində “Neftçi” ilə üz-üzə gələcək. Oyuna ciddi hazırlaşan Ağdam klubu üç xalla geri dönməyi qarşıya məqsəd qoyub. Qeyd edək ki, matçla bağlı son hazırlığını dünən ikitərəfli oyunla yekunlaşdıran qarabağlılar artıq təlimlərə yekun vurublar. Elə bu matçla bağlı klubun rəsmi internet saytına fikirlərini bölüşən komandanın baş məşqçisi Böyükağa Ağayev də iddialarının böyük olduğunu deməkdən çəkinmir: “Legionerlərimizin komandaya uyğunlaşma prosesinin arxada qaldığını düşünürəm. Bütün bunlarla yanaşı, bəzi problemlərimizi də “Neftçi” ilə oyuna kimi həll edəcəyik. “Flaqman”la qarşılaşmadan isə üç xalla dönmək istəyirik. Matçın həm bizim, həm də qarşı tərəf üçün çətin keçəcəyini proqnozlaşdırmaq olar. Bununla belə, futbolçularımın gözəl oyun sərgiləyəcəyinə və matçdan qalib ayrılacağına əminəm.” Elə oyunçular da baş məşqçi ilə həmrəydirlər. Cahangir Həsənzadə keçmiş komandasına qarşı oynamağın çətin olduğunu desə də, “Qarabağ”ın qələbəsi üçün əlindən gələni edəcəyini bildirir. Komandanın kapitanı Aslan Kərimov da meydançaya yalnız qələbə üçün çıxacaqlarını deyir. Hücumçular Kənan Kərimovla, Samir Musayev isə azarkeşlərə qol vəd edirlər. Komandanın türkiyəli legioneri Hakan Dəmir isə “Neftçi” haqda xoş sözlər deməyi unutmayıb: “Bu komanda haqda dostlarımdan xoş sözlər eşitmişəm. “Neftçi”də səviyyəli futbolçular var və onlara qarşı oynamaq ağır olacaq. Lakin matç rəqib üçün də asan keçməyəcək”.