QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Lənkərandan qələbə ilə dönəcəyimizə inanıram!" (üç nöqtə, 08.11.2006)
SAMİR MUSAYEV İDDİALI DANIŞDI "Qarabağ" ölkə çempionatının növbəti turu çərçivəsində "Xəzər-Lənkəran"la oyuna hazırlaşır. "Gənclərbirliyi" ilə matçdan sonra bir günlük istirahət edən komanda bütün diqqətini liderə qarşı keçirəcəyi görüşə yönəldib. Ötən turda qırmızı vərəqə almış Sergey Sokolov bu oyunda iştirak edə bilməyəcək. Əvəzində Slobodan Sladoyeviçin meydana çıxmaq şansları yüksəkdir. Matça bir gün qalmış Lənkərana yollanacaq komanda şəhər stadionunda son məşqini keçirəcək. Klubun mətbuat xidmətindən verilən bilgiyə görə, oyun öncəsi komandanın düşərgəsində yüksək ab-hava hökm sürür. Futbolçular Lənkəran səfərində də məğlubiyyətsizlik seriyasını davam etdirmək üçün iddialıdırlar. Bunu onlarla söhbətdən də sezmək mümkündür. Azər Məmmədovun fikrincə, hər şey öz əllərindədir":: "Liderlə oyun hər zaman çətin olur. Rəqibimiz hazırda zirvədədir və öz dəsti-xətti var. Hər iki komandanın qol imkanları olacaq ki, bu imkandan maksimum yararlanan qalib gələcək. Biz müdafiəçilərin əsas məqsədi səhv etməməkdir". Aslan Kərimov da oyunun çətin keçəcəyini gözləyir":: "Ağır oyun olacağını proqnozlaşdırmaq elə də çətin deyil. Rəqibimizin bu tur öncəsi lider olması güclü rəqib olduqlarının bir sübutudur. Yaxşı futbolçuları var. Azarkeşlərin gözəl futbol seyr edəcəklərinə inanıram". Samir Musayev də azarkeşlərini qolla sevindirmək istəyində olduğunu deyir":: "Son oyunlarda qol vura bilmirəm. Bu bəlkə də komandamızın yaxşı oyun göstərə bilməməyindən irəli gəlir. Bu oyun hücumçuların günü olmalıdır. Bizim qollar komandamızın qələbəsinə töhvə verməlidir. Mən Lənkərandan qələbə ilə dönəcəyimizə inanıram!".