QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"QARABAĞ" QƏLƏBƏNİ SON ANDA QAÇIRDI (ayna, 16.11.2006)
Böyükağa Ağayev: "Günahkar hakimlər barəsində ciddi ölçü götürülməlidir" Dünən futbol üzrə milli çempionatın təxirə salınmış bir neçə oyunu keçirilib. Ən maraqlı qarşılaşma Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda "Qarabağ" - "Karvan" oyunu olub. FİFA referisi Babək Quliyevin idarə etdiyi dünənki prinsipial görüş sönük keçib. İlk hissə qarşılıqlı hücumlar şəraitində olub və hesab açılmayıb. Komandaların istədiyi oyunu nümayiş etdirməsinə meydanın pis vəziyyətdə olması təsirini göstərib. İkinci hissədə "Qarabağ"ın baş məşqçisi Böyükağa Ağayevin heyətdə dəyişiklik etməsi öz bəhrəsini verib. Meydana yenicə çıxan Müşfiq Hüseynov komandasını irəli çıxarıb. Lakin baş hakim Babək Quliyevin şübhəli penalti qərarı verməsi Ağdam klubunun qələbə qazanmasını əngəlləyib. Yevlax təmsilçisindən Bəşir Müqədi fərqlənib. Oyundan sonra "Karvan"ın baş məşqçisi Yunis Hüseynov deyib: "Qarşılaşma gərgin keçdi. Meydanın ot örtüyünün pis olması oyunun gedişinə təsir göstərdi. Komandamızda bəzi zədəli oyunçuların matçı buraxması təsirsiz ötüşmədi. Süleyman Kamaranın isə səhhətində problem yaranmışdı". "Qarabağ"ın əsas çalışdırıcısı Böyükağa Ağayev isə sərt danışıb: "Komandamda bəzi çatışmazlıqlar olmasına baxmayaraq, bu gün yaxşı təsir bağışladıq. Ancaq artıq neçənci dəfədir ki, hakimin səhvindən qızıl xal itiririk. Bu dəfə də belə olmasına təəssüflənirəm. Qapımıza təyin olunan penalti qərarı doğru deyildi. Hesab edirəm ki, kobud səhvlərə yol verən hakimlər barəsində ciddi ölçü götürülməlidir". "Qarabağ" klubu protokolda etirazlarını qeyd edib. Ağdam komandası görüşdə əlavə vaxtın düzgün artırılmadığını, 90+4-cü dəqiqədə rəqib komandanın futbolçusu Roman Axalkatsinin simulyasiya edərək yerə yıxıldığını iddia edir. "Qarabağ" hesab edir ki, hakim rəqib oyunçuya sarı vərəqə vermək əvəzinə, onların qapılarına 11 metrlik cərimə zərbəsi təyin edib: "Oyunun nəticəsinə təsir edən qərarla yanaşı, oyunboyu hakimin tərəfli hakimliyi özünü göstərdi". Əlavə vaxtda meydana daş atıldığı da protokolda qeyd edilib. "Şahdağ" - "Bakı" matçında autsayder və çempiona qalibiyyət vacib idi. Amma paytaxtın eyniadlı klubu bu dəfə də xal itirib. Qonaqlar meydan sahiblərinin ciddi müqaviməti ilə üzləşiblər. Gərgin oyunda qalib müəyyənləşməyib - 0:0. "MKT-Araz" - "Turan" matçında birincilər 1:0 hesabına seviniblər. Qələbə qoluna Ceyhun Adışirinov imza atıb. Turnir cədvəlində vəziyyət belədir: O Q H M T X 1. "Xəzər-Lənkəran" 10 7 2 1 14-4 23 2. "Karvan" 10 6 3 1 18-11 21 3. "Neftçi" 10 5 3 2 18-8 18 4. "MKT-Araz" 10 5 3 2 10-5 18 5. "Bakı" 10 5 2 3 8-4 17 6. "İnter" 10 4 4 2 15-6 16 7. "Qarabağ" 9 3 5 1 9-6 14 8. "Olimpik" 9 3 3 3 8-6 12 9. "Simurq" 10 2 3 5 9-12 9 10. "Turan" 10 2 3 5 8-14 9 11. "Gənclərbir". 11 1 3 7 11-28 6 12. "Gilan" 10 1 2 7 5-20 5 13. "Şahdağ" 9 0 4 5 4-13 4 Bombardir: Zaur Ramazanov ("Xəzər-Lənkəran") - 7 qol.