QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Hakim qələbəni "Qarabağ"ın əlindən aldı (futbol+, 17.11.2006)
Təxirə salınmış matçların keçirildiyi çərşənbə günü əsas diqqət Suraxanıdakı oyuna yönəlmişdi. Bu da təsadüfi deyildi. Medallaa iddialı olub, son turlar büdrəyən komandaların dueli də altıxallıq oyunlardan sayılırdı. Amma qarşılaşmanı izləməyə toplaşan azsaylı seyrçilər gözlənilən oyunu görmədi ki, buna da yetərincə səbəb göstərmək olar. Birincisi, matçdan bir neçə saat əvvəl yağan yağışdan sonra komandalardan yaradıcı futbol gözləmək yersiz olardı. Hərçənd rəqiblər belə vəziyyətdə uzaq zərbələrdən yararlanmağı da unutmuşdu ki, bunun günahını tərəflərin özündə axtarmaq lazımdı. Məzmunlu oyunun müşahidə olunmamasına daha bir səbəb isə komandaların heyətini göstərmək olar. Ağdamlılar cəzalı Sergey Sokolov, Aslan Kərimov və Romal Hüseynov, həmçinin zədəli Hakan Dəmirin yoxluğunda oyun planında bundan artığına ümid edə bilməzdi. Elə meydan sahiblərinin protokola ikinci komandanın 4 futbolçusunu daxil etməsi də oyunçu çatışmazlığının təzahürüydü. Qonaqların oyunçu problemi daha ciddiydi. Çempionat ərəfəsi legioner bolluğundan əziyyət çəkəcəyi gözlənilən yevlaxlılar bu dəfə protokolda bir əcnəbinin yerini boş qoymağa məcbur oldu. Son məşqdə sıradan çıxan hücum xəttinin əsas simaları olan Kamara və Bambanın da itkilər sırasına əlavə olunması isə Yunis bəyə daha böyük çətinlik yaratmışdı. Belədə meydan sahiblərindən fərqli iki yox, bir hücumçuyla oynayan qonaqlar ön xətdə Axalkatsiyə bel bağlayırdı. Matça gəlincə, qarşılıqlı hücumlar müşahidə olunsa da, hər iki komanda ciddi təhlükə yaratmağa çətinlik çəkirdi. İlk yarıda qeydə alınan belə epizodları barmaqla saymaq olardı. Əvvəl qonaqlar ardıcıl iki künc zərbsi zamanı Həsənzadəyə gərginlik yaşatdı. Amma nə Cavad, nə də Abdulov topa dəqiq zərbə vurmadı. Elə ağdalıların yarımmüdafiəçisi Ramiz Hüseynovun da əlverişli imkanı boşa verməsin qeyd etmək olar. Birinci hissənin ən yaddapqalan epizodları da Elxanın qapısı önündə yarandı. Əvvəl Azərin qapı önünə asmasının "çərçivə"yə getməsinə çətinliklə əngəl olan qolkiperin son dəqiqələrdə bəxti gətirdi. Vasifin ötürməsindən sonra qapının bir neçə metrliyində olan Kənan əvvəlki matçlarda olduğu kimi yenə qol şansını havaya sovurdu. İkinci hissə nisbətən maraqlı alındı. Qol vurmaq keyfiyyəti hiss olunmayan Axalkatsi ön xətdə müdafiəçilərlə mübarizələrə girir və dəfələrlə bundan qalib çıxırdı. Legionerin bir neçə təkbətəki boşa verməsi isə "Qarabağ" futbolçularının sonda bir-birini sığortalamasının nəticəsiydi. Meydan sahiblərinin ifasında qola isə Elxan yenə əngəl ola bildi. Kənanın uzaqdan zərbəsini təcrübəli qolkiper küncə çıxardı. Növbəti sarı vərəqəni almaqla "Neftçi"ylə kubok matçını buraxmalı olan Musayevi əvəzləyən Müşfiqin təcrübəsi isə hesabın açılmasına kifayət etdi. İliçin asmasından sonra lazım olan yerdə peyda olan hücumçu bir toxunuşla topu "çərçivə"yə göndərdi. Bundan sonra da Axalkatsi bir epizodda qol şansını qaçırdı ki, Mirzəyevin ötürməsini qeyd etmək olar. Artıq matçın taleyinin həll olunduğunu düşünənlər oyunun hakimini hesabdan silməyə tələsmişdi. Qarşılaşmanın gedişində verdiyi qərarlarla matçın tempinə təsir edən Quliyev əlavə olunan vaxtın bitməsinə də məhəl qoymayıb öz anını gözlədi. Belə imkan düşən kimi isə o tərəddüd etmədi. Məhərrəmovun ötürməsini yaxalamağa tələsən Axalkatsinin yıxılmasını Babək bəy penalti kimi dəyərləndirdi. Hərçənd qapıdan bir neçə metr aralıda meydanı tərk etməkdə olan topa doğru şığıyan hücmçunu qabaqlayan qapıçı "hədəfə" daha tez yetişmişdi. Belədə topun meydanı tərk etməsinə imkan yaradan Cahangirə toxunan gürcünün yıxılması qayda pozuntusu sayıla bilməzdi. Özü də hakimin epizodun cərəyan etdiyi yerdən 20-22 metr aralı olması diqqət çəkməyə bilməzdi. Belədə narazı azarkeşlərin daş atəşinə düşən Quliyev bu barədə protokola qeyd etdi. Eyni zamanda vaxtın düzgün əlavə olunmaması və birtərəfli hakimliklə bağlı "Qarabağ" rəsmiləri də etriazını protokolda əks etdi. Böyükağa Ağayev, "Qarabağ"ın baş məşqçisi: "Oyundan yox, hakimdən danışmağa məcburam. Zəhmətimizi heçə endirən hakim bütün oyunu korladı. Öz fitləriylə oynamağa imkan vermədi. Sonda isə belə". Yunis Hüseynov, "Karvan"ın baş məşqçisi: "Bambanın son məşqdə zədələnməsi, Kamaranın isə qızdırmalı olması bizi hücumçusuz qoymuşdu. Amma istənilən halda qələbə dalınca gəlmişdik. Buna imkanlar olsa da, bacarmadıq".