QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Sadəcə möcüzə: Babək Quliyev cəzalanmadı (futbol+, 21.11.2006)
Füzuli Nəcəfov: "Quliyevə obyektiv qiymət vermişəm". Hamı son günlər yalnız və yalnız bu məsələdən - Babək Quliyevin "Qarabağ" - "Karvan" qarşılaşmasında meydan sahiblərinin qapısına təyin etdiyi şübhə doğuran penaltidən danışırdı. Və lap son günlər hər kəs FİFA referisinə hansı cəzanın veriləcəyindən, ümumiyyətlə, cəzanın olub-olmayacağından səbirsizlənmişdi. Dünən AFFA Hakimlər Komitəsinin (HK) iclası keçirildi və..."Nəcəfov mini-futbol hakimi olub" Əslində biz lap günün əvvəlində eşitdik ki, Quliyev cəzalanmayacaq. Adını çəkmək istəmədiyimiz bir mənbə bu xəbəri bizə çatdırmışdı. Amma iclasın başa çatmasını gözləyib HK-nin sədri Əli Hüseynovdan məsələylə bağlı fikirlərini öyrənmək qərarına gəldik. İclas başa çatdı və Əli bəy ona xas olan səbrlə suallarımızı cavabladı. - Əli bəy, Quliyevlə bağlı hansı qərarı çıxardız? - Hansı qərarı? Hakimin verdiyi qərarın düzgün olması barədə qərar çıxardıq. - Yəni baş hakimə heç bir cəza verilmədi də? - Bəli, heç bir cəza olmadı. Yenə deyirəm, onun verdiyi qərar düzgün olub. - Amma son günlər az qala hamı Quliyevin hansı cəzanı alacağıyla bağlı suala köklənmişdi... - Bunlar futboldan çox-çox uzaq olan insanlardı. Oyun qaydalarını bilməyən insanlar bu cəzanı tələb edə bilər. Futbolun qaydalarını incəliyinə qədər bilənlər belə danışmazdı. Ona görə də belə söz-söhbət yaranıb. Onlar 12-ci qaydanın 1-ci bəndini oxusalar, bilərlər ki, orda penalti var idi, ya yox. - Bəlkə həmin qaydanın həmin bəndini izah edəsiz? - Orda yazılıb ki, futbolçu rəqibi vurarsa və vurmağa cəhd edərsə... "Qarabağ" - "Karvan" qarşılaşmasındakı həmin epizodda da qapıçı rəqib futbolçuya dəyməsə də, onun gedişi aqressiv hücum olduğundan penalti vermək olardı. Hələ dəyməsə. Amma burda qapıçı rəqib hücumçuya dəyib. Burda söhbət ola bilməz. 12-ci qayda bunu çox açıq-aydın izah edir. - Quliyevin baş verən epizoda son dərəcə uzaq olması da heç nəyi həll etmir? - Komitənin iclasına Babək Quliyev özü də dəvət olunmuşdu. Buraxdığı səhvləri onun özünə də demişəm. Amma penalti epizoduyla bağlı onun heç bir günahı yoxdu. Oyunun gedişində belə bir epizod var ki, orda baş hakim "Qarabağ"ın qapısına penalti təyin edə bilərdi. Bu bizim fikrimizdi. Lakin hakim özü həmin epizoda çox yaxın olduğundan düşündük ki, özü bunu görüb və penalti təyin etməyi lazım bilməyib. Quliyev qərəzli adam olsaydı, həmin an "Qarabağ"ın qapısına penalti verərdi. - Tutaq ki, həmin oyunu izləyən azarkeşlər, futbol adamları, mətbuat işçiləri səhvə yol verib. Bəs matçın hakim-inspektoru Füzuli Nəcəfovun Quliyevin idarəçiliyinə 4 bal verməsinə nə deyirsiz? - Füzuli Nəcəfov mini-futbol hakimi olub. O bəlkə də barmaqla saymaq olar ki, neçə oyun idarə edib. Amma Quliyev beynəlxalq dərəcəli hakimdi. Avropada idarə etdiyi oyunların qiyməti də yüksəkdi. Və Quliyevin perspektivi də var ki gələcəkdə Azərbaycanı dünyada təmsil etsin. - Bəlkə elə Quliyev FİFA dərəcəli hakim olduğu üçün onu bağışlamısız? - Xeyr, o bizim daxili işimizdi. O burda cəza ala bilər, bir, iki, ya da oyunluq. Bütün ölkələrdə FİFA referiləri cəza alır. Amma bunun məsələyə dəxli yoxdu. Sadəcə, Babəkin yerinə də hakimlərimiz var, biz onları Avropaya çıxmaq üçün yetişdirməkdən də qorxmuruq. Quliyev olmayacaq, onun yerinə başqası olacaq. Yenə deyirəm, biz onu dəyişdirməkdən qorxmuruq. Biz üç hakimi dəyişəndə qorxmadıq ki? İmanxan Sultanini, Xaqani Məmmədovu, Zöhrab Qədiyevi gənclərlə əvəzlədik. İndi isə bir hakimi itirməkdən heç qorxmuram. Amma obyektiv olmaq lazımdı. Hər bir hakimin üstündə komitə gərək əssin, onları qorusun. Təbii ki, düzgünə. - Əli bəy, tam əminsiz ki, Quliyev səhvə yol verməyib və onun haqqında çıxardığınız qərar obyektivdi? - Mən deyilən epizodda Quliyevi heç bir cəzaya layiq görmürəm. - Siz özünüz videotəkrarda həmin epizoda yaxşı-yaxşı baxmısız? - Bəli, şübhəsi olan varsa, gələr, mən ona beş-altı kasetdə qapıçının iki ayaqla tullanıb rəqibi necə vurub-yıxdığını göstərərəm. - Sizcə Quliyevə aşağa qiymət yazan Nəcəfovu Hakim-İnspektorlar Komitəsi cəzalandıracaqmı? - Bu həmin komitənin öz işidi. "Mən də gördüyümə qiymət yazmışam" İndi isə görək Hüseynovun mini-futbol hakimi adlandırdığı Füzuli bəy Quliyevin "sudan quru çıxmasına" nə deyəcək: - Hər turdan sonra Hakim-İnspektorlar Komitəsində hesabat hazırlanır. Hesabat xarakteri daşıyan bu iclasda HK-nin də nümayəndəsi olub. Bu iclas sözügedən matçın ertəsi günü baş tutub. Təsdiq olunub ki, Quliyevin idarəçiliyinə düzgün qiymət vermişəm. Verdiyim qiyməti nə artıra, nə də azalda bilərlər. Sonradan nə verdiyim qiyməti, nə də fikrimi dəyişə bilərəm. Babək sizin qəzetə necə demişdi? Səhv etmirəmsə o "gördüyümə fit çalmışam" söyləmişdi. Mən də gördüyümə qiymət yazmışam. Bilmirəm onlar hardan və necə kaset tapıb baxıblar. Mənə oyunun videoyazısına baxmaq lazım deyil. Bu gün də qərarımda israrlıyam ki, Quliyevə obyektiv qiymət vermişəm. Bu qərara nə deyək? İndi elə bir durum yaranıb ki, dağı, daşı, yeri, göyü şahid gətirsələr də, bizi Quliyev haqda çıxarılan qərarın tam obyektiv olduğuna inandıra bilməzlər. Və yəqin ki, Əli bəyi də heç kim inandıra bilməz ki, Quliyev barədə düzgün hökm çıxarmayıblar. İndi bizim sadəcə, bu məsələdə istinad edəcəyimiz bir məqam var: Quliyev FİFA referisi olduğundan HK onun "bataqlığ"a düşməsini istəməyib. Nəzərə alsaq ki, Quliyevdən başqa bizim Avropada təmsil edəcək bircə Vüsal Əliyevimiz var... O ki qaldı növbəti oyunda növbəti dəfə hakim-inspektor-hakim çaşqınlığının yaranmasına, bax, bu maraqlı məsələdi. "Neftçi" - "Karvan" oyununu idarə edən Fariz Yusifova Məlik Həsənov yüksək qiymət versə də, sonradan baş hakim üçoyunluğa cəza aldı. Bu dəfə isə əksinə oldu. Belə çıxır ki, hakim-inspektorla hakimin işinə qiymət verən iki komitə arasında əməlli-başlı fikir ayrılığı var? Hər halda son günlər şahidi olduğumuz hadisələr belə deməyə əsas verir. Əli bəy necə dedi: "Füzuli Nəcəfov mini-futbol hakimi olub". Bir komitə digərinin işinə, işçisinə ağız büzürsə... Quliyev məsələsində bəlkə də haqq-ədalət yerini tapdı, bəlkə də baş hakim canını qurtardı. Amma indi bircə şey bəllidi: HK hakimini ya elə, ya belə, qorudu. Görəsən Hakim-İnspektorlar Komitəsi necə, Nəcəfovu qoruyacaqmı? Axı indi cəzalanması gərəkən bircə o qalıb. Quliyevə verdiyi "yanlış" qiymətə görə.