QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Bu dəfə "Neftçi" güldü (futbol+, 24.11.2006)
Qarabağ (Ağdam) - Neftçi (Bakı) 1:2 (0:1) Qarabağ: Cahangir Həsənzadə, Azər Məmmədov, Sergey Sokolov, Samir Abbasov, Vojan İliç, Slobodan Sladoyeviç, Romal Hüseynov, Aslan Kərimov, Elmir Xankişiyev, Müşviq Hüseynov (k), Kənan Kərimov. Baş məşqçi: Böyükağa Ağayev. Neftçi: Vladimir Miçoviç, Ruslan Abuşev, Mahir Şükürov, Ruslan Abbasov, Aqil Məmmədov, Rəşad Sadiqov, Vadim Borets, Georgi Adamiya, Zaur Tağızadə (k), Fərrux İsmayılov, Nadir Nəbiyev (Elnur Allahverdiyev, 76). Baş məşqçi: Qurban Qurbanov. Qollar: F.İsmayılov, 16 (0:1). Z.Tağızadə, 62 (0:2). S.Abbasov, 64 (1:2). Vərəqələr: R.Hüseynov, 15. A.Kərimov, 20. Aq.Məmmədov, 23. R.Abbasov, 37. B.İliç, 45. S.Abbasov, 65. V.Borets, 74 - sarı. A.Kərimov, 85. V.Borets, 85 - qırmızı. Hakimlər: VÜSAL ƏLİYEV, Azad Q.Hüseynov, Aydın Ələkbərov, Venera Muradova (hamısı Bakı). Hakim-inspektor: Murad Məmmədov (Bakı). AFFA nümayəndəsi: Səməd Qurbanov (Bakı). 21 noyabr. Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 1000 tamaşaçı (2800 yerlik). "Əmniyyə şaşırma, səbrimizi daşırma" Sonuncu kubokun yarımfinalçılarının budəfəki duelini izləməyə gələn azarkeşlərin sayı tribunalardakı oturacaqların sayından xeyli az olsa da, kəmiyyət baxımından irad bildirməyin yeri yoxdu. Çingiz İsmayılov, Füzuli Cavadov kimi futbol adamlarının da olduğu izləyicilər arasında yaşlı nəslin nümayəndələrinin çoxluq təşkil etməsi qarşılaşmaya önəmin böyük olmasından xəbər verirdi. Heç şübhəsiz, "Qarabağ" fanklubunun türkiyəli dəstək qrupunun üzvləri həmişəki kimi möhtəşəm idi. Amma bu dəfə onlar nədənsə bir qədər yubanmışdı. Onlar hay-küylə stadiona daxil olanda artıq hesab açılmışdı. Qanı qaralan türkiyəli azarkeşlər tribunaya, həmişəki yerlərinə keçmək istərkən onlara polisin əngəl olmaq istəyi az qala aranı qatacaqdı. Ancaq işə qarışan fanklub fəalları "əmniyyə şaşırma, səbrimizi daşırma" şüarını səsləndirən azarkeşləri sakitləşdirə bildi. "Neftçi" tilsimi qırdı Flaqman indiyə kimi Suraxanıdakı görüşlərdə rəqibinə qalib gələ bilməmişdi. Ötənilki dava-dalaşı da nəzərə alsaq, "Neftçi" sindromu qırmaq üçün böyük təzyiq qarşısında olmalıydı. Amma... "Ağ-qaralar" ilk yarıda özünü heç də qonaq kimi aparmadı. İlk dəqiqələrdən bir qədər sönük təsir bağışlayan qarşılaşmada hesab 16-cı dəqiqədə açıldı. Boretsin sağ cinahdan yerinə yetirdiyi cərimə zərbəsindən qapı qarşısına asmasını müdafiəçilərin nəzarətsiz buraxdığı Fərrux başla qola çevirdi. Növbəti təhlükə də meydan sahiblərinin qapısı ağzında yaşandı. Rəşadın ideal ötürməsini qəbul edib sağ cinahdan rəqibin cərimə meydanına daxil olan Zaur zərbə vurmağa da imkan tapdı. Amma kapitanın zərbəsindən sonra top toru yandan silkələdi. 37-ci dəqiqədə Fərrux - Vadim - Aqil kombinasiyasından sonra sonuncunun "ağ-qaralar"ın ikinci qolunu vurmasına Cahangirin inamlı oyunu mane oldu. Bir dəqiqə sonra ağdamlılar ilk yarıda özlərinin ən real qol vəziyyətini yartadı. Amma Ruslan Abbasov cərimə meydançasının düz yarımaddımlığında kobudluqla da olsa, Elmirin qarşısını kəsə bildi. Hakimin təyin etdiyi cərimə vuruşunu yerinə yetirən Kənanın qüvvətli zərbəsi isə canlı səddən döndü. Fasilədən sonra isə "Qarabağ" daha fəal görünürdü. Meydan sahiblərinin qol vurmaq istəyi belə desək, 55-60-cı dəqiqələr arasında kulminasiya nöqtəsinə çatmışdı. Belə ki, Ağayevin yetirmələri bu arada bir-birinin ardınca üç dəfə real qol şansı yaxaladı. Əvvəlcə Elmirin künc vuruşundan havalandırdığı topu başla qola çevirməyə çalışan Samirin bu istəyini müdafiəçilər əngəllədi. Ardınca komandasının ən yaxşısı olan Müşfiq rəqib müdafiəsini ustalıqla yarıb özü üçün əlverişli imkan yaratdı. Amma təcrübəli hücumçu həlledici zərbəni vurmaq üçün "çərçivə"ylə üzbəüz olan Kənana ötürmə etdi. Sonuncunun bir anlıq yubanması isə rəqib müdafiəçilərin təhlükənin qarşısını almasına kifayət etdi. Təzyiqi artıran meydan sahiblərinin növbəti hücumunu Aslan təşkil etdi. Onun sol cinahdan "ağ-qaralar"ın qapısı qarşısına ötürməsini bir-birinə mane olan Romalla Kənan əlverişli vəziyyətdən qola çevirə bilmədi. Belədə futbolun yazılmayan qanunu işə düşdü. Başı hücuma qarışan meydan sahiblərini Adamiyadan gözəl ötürmə alaraq qapıçıyla təkbətək qalan Zaur cəzalandırdı. Amma cəmi iki dəqiqə sonra "Qarabağ" yenidən fərqi minimuma endirdi. Meydanın mərkəzində Kənandan ötürmə alıb sürətlə irəli şığıyan müdafiəçi Samir Abbasovun rəqib həmampulasından ustalıqla sıyrılıb atdığı qol gözəlliyiylə mövsümün bəzəyi ola bilər. Matçın son dəqiqələri də "Neftçi"nin hücumları şəraitində keçdi. Baş hakim Vüsal Əliyevin oyuna əlavə etdiyi dəqiqələrdə isə qonaqlar hesab arasındakı fərqi iki topa çatdırmaq üçün yüzfaizli qol imkanını boşa verdi. Romalın mərkəzdə topu itirməsindən sonra onu ələ keçirən Fərrux rəqibin cərimə meydançasına daxil olub mərkəzdən ona dəstək verən Mahirə ötürmə etdi. Ancaq Şükürov yaxın məsafədən boş qapıya yol tapa bilmədi. Aslanla Boretsin yarımillik "razborka"sı Gözlənildiyi kimi, komandaların budəfəki dueli də gərginliklə yadda qaldı. Hadisələrin gedişi bir daha sübut etdi ki, "Qarabağ"la "Neftçi" arasında klub rəsmilərinin bəyan etdiyi dostluqdan əsər-əlamət belə yoxdu. Düzdü, ilk dəqiqələr bir qədər sakit axarda keçdi. Amma elə ki, hesab açıldı... Ötən il olduğu kimi yenə də hadisələrin mərkəzində Aslan Kərimovla Vadim Borets dayanırdı. Meydanda olduqları müddətdə bir-birindən aralanmayan futbolçuların imkan düşdükcə mübahisə etdikləri və bir-birinə qarşı sərt oynaması da diqqətdən yayınmırdı. Belə demək mümkünsə, onlar arasında altı ay əvvəl baş verən mübahisənin davamı gedirdi. Əliyev də nəzərlərini yola getməyən futbolçuların üstündən əskik etmirdi. Əvvəlcə Aslan moldovalıya qarşı kobud oyuna görə "sarı"yla cəzalandı. 74-cü dəqiqədə isə Borets "şıltaqlıq" etdiyinə görə eyni cəzanı aldı. Ancaq onları sarı vərəqələr ağıllandırmadı. Matçın sonuna 5 dəqiqə qalmış Boretsin başlatdığı mübahisə isə əlbəyaxaya döndü. Bir-birini vurmağa hazırlaşan futbolçuların nazıyla oynamaq istəməyən Əliyev onların hər ikisinə ikinci "sarı"yla meydandan qovdu. Ümumilikdə isə kobud tərzdə keçən qarşılaşmada Vüsal bəy 9 dəfə əlini cibinə salmalı oldu. Ağayev hücumçularından və hakimdən narazı qaldı Matçdan sonra təşkil edilən mətbuat konfransında məşqçilərin səsləndirdiyi fikirlərlə tanış olmazdan əvvəl hakimliklə bağlı bir-iki kəlmə. Hələlik adı qalmaqallı olaylarda hallandırılmayan yeganə FİFA referisi Vüsal Əliyev oyuna nəzarəti sonadak əlində saxlamağı bacardı. Ancaq iki epizodda onun verdiyi qərar mübahisə mövzusu ola bilər. Əliyevin hər ikisi fasilədən sonraya təsadüf edən və azarkeşlərin etirazıyla qarşılaşan qərarlarının meydan sahiblərinin əleyhinə yönəldiyini də deyək. İlk epizodda o Müşfiqin rəqibin cərimə meydançasında əllə oynadığını işarə edərək ağdamlıların hücumunu yarıda kəsərkən etirazla qarşılandı. İkinci mübahisəli qərarla bağlı isə Ağayev mətbuat konfransında danışdı: "Samir Abbasov başla topu qapıdan keçirmək istərkən onu itələdilər. Burda yüzfaizli penalti var idi. Amma hakim vermədi. Bununla belə, əsas günahı hücumçularımda görürəm. Topu arxası qapıya tərəf qəbul edəndə hücumun kəsəri olmaz axı. Yetirmələrimin çoxlu vərəqə almasına gəlincə, bizdə əsasən iki oyunçu daim cəzalanır: Aslanla Romal. Onların xarakteri belədi. Oyundan sonra səhvlərini etiraf edirlər, amma oyunda dəli olurlar. Öz meydanımızda məğlub olmağımıza baxmayaraq, hələ mübarizə bitməyib. Sonadək vuruşacağıq". Qurban Qurbanov isə "oyundankənar" mübarizələrə görə narahat olduğunu gizlətmədi: "Yadıma gələni bu komandalar arasında həmişə gərgin mübarizə gedib. Bu gün də belə oldu. Vərəqələrin bolluğu da gərginlikdən xəbər verir. Ancaq bəzi futbolçular lazımsız yerə vərəqə alır. Oyundan kənar mübahisələri meydana daşımaq xoşuma gəlmədi. Buna baxmayaraq, qarşılaşmanın maraqlı alındığını hesab edirəm".