QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qanımda heç bir dopinq tapılmayıb"(üç nöqtə, 24.11.2006)
Avropa çempionatının seçmə qrup mərhələsində yığmamızın Belçika ilə səfər oyunundan xeyli vaxt keçir. Həmin görüşdə belçikalılara 3"::0 hesabı ilə məğlub olan millimizin iki üzvündən biri dopinq testində "ilişib". İlqar Qurbanov sınaqdan "təmiz" çıxsa da, Sergey Sokolovun qanında qadağan olunmuş preparat tıpılıb. Müdafiəçinin "Meqa" adlanan maddədən istifadə etdiyinə görə ən azı 2 il cəza alacağı gözlənilir. Dünən UEFA-nın Nizam-İntizam Komitəsi məsələ ilə bağlı bildirib ki, futbolçu qeyri-müəyyən müddətədək UEFA və FİFA bayrağı altında keçiriləcək oyunlarda oynamayacaq. UEFA dekabrın 7-də bu məsələ ilə bağlı son qərarını bildirəcək. Qitə futbol qurumu tərəfindən diskvalifikasiya olunmaq təhlükəsi ilə üzləşən "Qarabağ"lı oyunçu isə başına gələnləri, nəhayət ki, danışdı! Futbolçunun danışığından onun bu məsələdə günahsız olduğunu hiss etmək çətin olmadı. - AFFA rəsmiləri "Zimbru" ilə oyun öncəsi dopinq qəbul etdiyini iddia edir. Doğrusunu isə səndən yaxşı bilən yoxdur. Əslində nə baş verib? - Bu barədə söz-söhbətlər getdiyini bilirəm. Amma hər şey federasiya rəsmilərinin fikirləşdiyi kimi deyil. Mən peşəkar futbolçuyam. Və qadağan olunan preparatdan istifadə edənlərin aqibətinin necə nəticələndiyini də yaxşı bilirəm. Bu maddənin qandan sovrulması üçün altı ay vaxt lazımdır. Bunları bilə-bilə mən belə bir addım ata bilərəm? Təyyarədən enəndə qəfil belimdəki ağrılar məni narahat etməyə başladı. Ağrılar o qədər kəskinləşdi ki, hərəkət etməyə taqətim qalmadı. Bunu görən qonşum məni Tibb Universitetinin yaxılığındakı xəstəxanalardan birinə apardı. Ağrıların nədən baş verdiyini müəyyən etmək üçün analiz verməli oldum. Mənə ağrıkəsici iynə də vurdular. Dəqiq deyə bilərəm ki, bu qadağan olunmuş preparat deyildi. Həkimin qoyduğu diaqnoz və onun yazdığı dərmanların sənədlərini artıq Rusiyaya göndərmişik. Mən əminliklə deyə bilərəm ki, qanımda heç bir dopinq tapılmayıb. Başa düşə bilmirəm ki, bu şayiələr kim tərəfindən yayılıb. - İkinci dəfə dopinq testindən niyə keçmədin? - Axı qanım yoxlanılıb. Heç bir qadağan olunmuş maddəni qəbul etmədiyim sübuta yetirilib. İkinci dəfə dopinq testindən keçmək üçün gərək, yenidən Rusiyaya gedim. Buna da ehtiyac görmədim. - Həkimlə tanışlığın vardı? - Xeyr. İlk dəfə idi görürdüm. Həkimi şəxsən tanımıram. Heç adını belə, dəqiq yadımda saxlaya bilməmişəm. - Bəs klubun həkiminə niyə müraciət etmədin? - Bir daha təkrar edirəm, ağrılar gözlənilmədən tutdu. Həmin anda vəziyyətim ağır olduğundan özümü itirmişdim. Sağ olsun, yenə də qonşu dadıma çatdı. Belə vəziyyətdə komanda həkiminə müraciət etmək yadıma düşmürdü. Bir də ki, gecə yarısı kimisə narahat etmək istəmədim. - Əgər 2 illik cəza alsan nə ilə məşğul olacaqsan? - Bu barədə qərar vermək hələ tezdir. Hər şey yenidən yoxlanılmalıdır. Əvvəlcə, mənim qadağan olunmuş preparat qəbul etdiyimi sübut etsinlər. Ondan sonra nəsə demək olar. - Komanda yoldaşların səni Rəşad Sadıqovdan zəif hesab edirlər. - Doğrusu, onlardan bunu gözləmirdim. Mənim üçün futbolçuların fikri önəmli deyil. Əsas sözü baş məşqçi deyir. Əgər Şahin Diniyev məni yığmaya məsləhət bilsə, onda qalıb oynayacağam. - Bu olaylardan sonra da komandada qalacaqsan? - Niyə də yox? Mən dopinq qəbul etməmişəm və ona görə də bir qədər sakitəm. Əgər belə bir şey olsaydı, boynuma alardım. Üzərimdən atmaqla işimi daha da çətinə salmış olaram. UEFA tərəfindən cəza verilərsə, onda yenidən dopinq testindən keçməli olacağam. Yəqin ki, bundan sonra bütün məsələlərə aydınlıq gələcək. Bu araşdırmalar da göstərəcək ki, mən heç bir qadağan olunmuş preparatdan istifadə etməmişəm. Bu məsələdən haqlı çıxacağıma əminəm. - Bu hadisədən sonra Diniyevin sənə qarşı münasibəti dəyişməyib ki? - Başa düşə bilmirəm, niyə görə dəyişməlidir? Əgər günahım sübut olunarsa, onda inciməyə haqqı çatır. İndiki halda aramızda heç bir problem yoxdur. O, ümid edir ki, bu söz-söhbətlərə yaxşı mənada son qoyulacaq. Bütün bunların nəzərə alıb istəmərəm ki, Diniyevin etimadını itirim.