QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Samir Musayev: “Qol vurmalıyam” (zaman, 25.11.2006)
26-27 noyabrda ölkə çempionatının növbəti turunun oyunları olacaq. 6 qarşılaşmadan ən maraqlısı Tofiq İsmayılov adına Suraxanı stadionunda keçiriləcək “Qarabağ” - “İnter” görüşüdür. Son turlarda uğursuzluğa düçar olan hər iki komanda yalnız və yalnız qələbə haqqında düşünür. Hazırda “İnter” 6-cı, “Qarabağ” isə 7-ci pillədədir. “İlk üçlüy”ə yaxınlaşmaq üçün isə görüşü maksimum nəticə ilə başa vurmaq lazımdır. Hazırda Suraxanı stadionunda hazırlıqlarını davam etdirən “Qarabağ”da Samir Musayevin cəza müddəti başa çatıb. Klubun rəsmi saytına açıqlama verən forvard deyib: “Qol vurmalıyam. Başqa yolum yoxdur. Hücumçu qol vurmalıdır ki, komanda qələbə qazana bilsin”. Müdafiəçi Aslan Kərimov isə zədəli olduğuna görə komandasına kömək edə bilməyəcək. Amma baş məşqçi Böyükağa Ağayev “İnter”i məğlub edəcəklərinə inanır: “Son oyunlarda baş verən hadisələr futbolçularda psixoloji gərginlik yaradıb. Bunu aradan qaldırmağa çalışsaq da, ölkə kubokunda “Neftçi” ilə keçirdiyimiz matçda özünü büruzə verdi. Lakin indi tam atmosferi dəyişməyə nail olmuşuq. Futbolçular arasında əhval-ruhiyyə yüksəkdir və bunun qarşıdakı oyuna da sirayət etməsinə çalışacağıq”. “İnter”də isə cəzalı və ya zədəli oyunçu yoxdur və baş məşqçi Valentin Xodukin yetirmələrini qarşılaşmaya hazırlaşdırır. Bu turda “Karvan” - “MKT-Araz” və “Neftçi” - “Olimpik” matçları da böyük maraq doğurur. Çempion “Bakı”nın “Simurq”, lider “Xəzər-Lənkəran”ın isə “Şahdağ” sınağından necə çıxacaqları hələ məlum deyil. Həm “Simurq”, həm də “Şahdağ” doğma meydançada istənilən kluba ciddi müqavimət göstərməyə qadirdirlər. Qəbələdə keçiriləcək “Gilan” - “Gənclərbirliyi” oyununda isə autsayderlər qrupunun vəziyyətinə bir az aydınlıq gələcək. Birincilər qələbə sayəsində bir pillə yüksələ bilərlər.