QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qələbə seriyası qırılsa da... (futbol+, 04.12.2006)
Neftçi: Vladimir Miçoviç, Ruslan Abuşev, Ruslan Abbasov, Mahir Şükürov, Elnur Allahverdiyev, Rəşad Sadiqov, Georgi Adamiya, Fərrux İsmayılov, Nadir Nəbiyev, Zaur Tağızadə (k), Svyatoslav Stefanov (Vadim Borets, 62). Baş məşqçi: Qurban Qurbanov. Qarabağ: Cahangir Həsənzadə, Hüseyn İsgəndərov, Samir Abbasov, Bojan İliç, Romal Hüseynov, Hakan Dəmir, Slobadan Sladoyeviç, Aslan Kərimov, Elmir Xankişiyev (Namiq Yusifov, 55), Müşviq Hüseynov (k) (Rauf Əliyev, 77), Kənan Kərimov. Baş məşqçi: Böyükağa Ağayev. Qol: K.Kərimov, 66. Vərəqələr: H.İsgəndərov, 31. R.Hüseynov, 53. M.Şükürov, 90+2 - sarı. Hakimlər: AZAD MÜTƏLLİMOV (Sumqayıt), İlham Əliyev, Azər Əsgərov, Ceyhun Haşımov (hamısı Bakı). Hakim-inspektor: Əlisgəndər Nağıbəyov (Bakı). AFFA nümayəndəsi: Rauf Əmirov (Bakı). 3 dekabr. Bakı. T.Bəhramov adına Respublika stadionu. 2000 tamaşaçı (29850 yerlik). Həm ilk oyunda qazanılan üstünlüyə, həm də "Qarabağ"la müqayisədə heyət baxımından probleminin az olmasına görə "Neftçi"nin turu adlayan tərəf olacağını qabaqcadan söyləməyə əsas var idi. Bura "Qarabağ"ın heç vaxt "ağ-qaralar"ı səfərdə yenə bilməməsi faktını da əlavə etsək, qonaqların çətinlik çəkəcəyi ehtimal olunurdu. Ancaq belə olmadı. "Neftçi"nin seriyası kubokda qırıldı Böyükağa Ağayev zədəli Samir Musayevin yoxluğunda ilk dəqiqələrdən hücumda Kənan - Müşfiq duetinə yer vermişdi. Cinahlarda daha təhlükəli olan "Neftçi"nin bu mövqelərdən hücumunun qarşısını Romalla Hakan almalıydı. Hadisələri qabaqlayaraq qeyd edim ki, məhz cinah yarımmüdafiəçilərinin inamlı oyunu 90 dəqiqə ərzində "Qarabağ"ın üstün görünməsində həlledici rol oynadı. Onların oyunu öz üzərinə çəkməsi Aslanın hücumçuları rahat şəkildə topla təmin etməsinə də şərait yaradırdı. Qonaqlar artıq 7-ci dəqiqədə hesabı açmağa yaxın oldu. Ancaq Aslan mərkəzdən İliçin etdiyi asmanı başla Kənanın önünə atsa da, sonuncunun qüvvətli zərbəsi dirəyin dibindən keçdi. Az sonra Kərimov daha bir real qol şansını boşa verdi. O Bojanın yerinə yetirdiyi cərimə zərbəsindən sonra rəqib müdafiəçilərdən dönən topu penalti nöqtəsinin üstündən çölə vurdu. Meydan sahibləri isə ilk təhlükəli vəziyyəti 12-ci dəqiqədə yaratdı. Bu epizodda hesab açılsaydı, "ağ-qaralar" qola görə palçığı çıxmış qazona minnətdar olacaqdı. Meydanın mərkəzində Samir Aslana ötürmə vermək istərkən top palçığa ilişib qaldı. Belədə onu ələ keçirən Rəşad bir qədər irəliləyib daha əlverişli mövqedə olan Adamiyaya ötürmə vermək istədi. Ancaq bu dəfə qazon "səhvini düzəltdi": top gürcüyə çatmadı. 20-ci dəqiqədə rəqibin cərimə meydançasında nəzarətsiz qalan Müşfiq Aslanın verdiyi hava ötürməsini qəbul edə bilsəydi, Miçoviçin işi çətin olacaqdı. İlk yarının sonlarında "ağ-qaralar" fasiləyə üstün durumda yollanmaq üçün əla imkan qazandı. Ancaq Fərrux Zaurun ötürməsini qola çevirməyə yubandı və özünü yetirən Aslan təhlükəni uzaqlaşdırdı. İkinci yarıda ilk real qol vəziyyəti "Neftçi"nin ifasında yaşandı. Bu dəfə Fərrux Cahangirlə təkbətəkdən yaralana bilmədi. 61-ci dəqiqədə isə Abuşev özünü Hakanın yaxın məsafədən "çərçivə"yə ünvanladığı qüvvətli zərbənin qarşısına ataraq qola izn vermədi. Bununla belə, 5 dəqiqə sonra qonaqlar hesabı açmağa müvəffəq oldu. İliçin mərkəzdən verdiyi ara ötürməsindən sonra Miçoviçlə üzbəüz qalan Kənan qapının sol küncünü dəqiq nişan aldı. Qoldan sonra "Qarabağ"ın daha da irəli getməsi müdafiəsində boşluqların yaranmasına səbəb oldu ki, bundan yararlanan Qurban Qurbanovun yetirmələri fərqlənmək üçün bir neçə dəfə əlverişli imkan qazandı. Belə vəziyyətlərin birində Fərruxun təkbətək epizoddan qapıya göndərmək istədiyi topu iki gözəl reaksiyayla zərərsizləşdirən Cahangir ustalığı qeyd olunmalıdı. Qarşılıqlı hücumlara baxmayaraq, sonluq dəyişmədi və ilk oyunda olduğu kimi yenə minimal hesab qeydə alındı. Ancaq əzmkar qələbə qazanan ağdamlılar ümumi uğura sevinə bilmədi. Bununla belə, onlar "Neftçi"nin kubok görüşü də nəzərə alınmaqla 6 oyunluq qələbə seriyasını qırmağı bacardı. Aslanla Borets "barışdı" Oyunla bağlı daha bir məqam "mehriban düşmənlər" - Aslanla Boretsin cəzasını bitirərək yenidən yaşıl meydanda üz-üzə gəlməsiydi. Düzdü, ötən il kubokun yarımfinal qarşılaşmasından başlayaraq bir-birinə qənim kəsilən futbolçular bu dəfə yalnız son yarım saat ərzində qarşılaşdı. Bir epizodda isə meydana sonradan çıxan Borets Kərimovla toqquşdu və... Yox, dalaşmadılar. Qeyri-ixtiyari olaraq bir-birinə əl uzadan futbolçular "ağıllandıqlarını" nümayiş etdirdilər. "İndi də uşaqların başını sığallayır" Ümumiyyətlə, Aslan bu oyunda incə davranışlarıyla diqqət çəkirdi. "Neftçi"nin oyunçularına qarşı sərt mübarizədən çəkinən yarımmüdafiəçi ayağı sürüşüb rəqibinə toxunanda da onun başını sığallayıb üzr istəyirdi. Bu məqam matçı kənardan seyr edən və tez-tez yoldaşlarına məsləhətlər verən Rəşad Sadıqovun da diqqətindən yayınmamışdı. O müşahidəsini "Neftçi"nin vitse-prezidenti Ramin Musayevlə bölüşməyi də lazım bildi: "Ramin müəllim, ona bax, gör burda özünü necə aparır? İndi uşaqların başını sığallayır". "Demişdim axı, mübarizə hələ bitməyib" "Qarabağ"ın növbəti mərhələyə adlaya bilməməsinə baxmayaraq, baş məşqçi Böyükağa Ağayev yetirmələrindən razı qaldığını gizlətmədi. Mətbuat konfransında hələ ilk oyundan sonra mübarizədən çəkilməyəcəkləri haqda dediyi fikirləri yada salan çalışdırıcı yetirmələrinin kişi kimi döyüşdüyünü bildirdi: "Demişdim axı, mübarizə hələ bitməyib. Bugünkü oyunumuzla sübut etdik ki, "Qarabağ" hər şeyə qadirdi. Belə hava şəraitində uşaqlar kişi kimi döyüşdü. Qolu birinci hissədə vura bilsəydik, daha sərbəst oynayacaqdıq". Qurban Qurbanov isə nəticəyə oynadıqlarından rəqibə meydan verdiklərini bildirdi: "Bəzən belə də olur. Məğlub olursan, amma sevinirsən. Biz nəticəyə oynayırdıq. Bu üzdən "Qarabağ" daha fəal görünürdü. Amma bəzi səhvlərimiz oldu. Meydanın vəziyyəti pis olduğundan uşaqlardan çox şey tələb edə bilmərəm".