QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
UEFA Sokolovu unudub? (futbol+, 12.12.2006)
Belçikayla oyundan sonra dopinqdə ilişən Sergey Sokolovun hansı cəzaya məruz qalacağını UEFA bugünlərdə açıqlamalıydı. Daha dəqiqi, dekabrın 7-də. Amma bilindiyi kimi, Avropanın ali futbol qurumu hələ ki, hamımızın gözünü yolda, qulağını səsdə qoyub. İlkin qərarla 30 gün müddətinə bütün növ futbol yarışlardan diskvalifikasiya olunan Sergeyin bağışlanacağına ümidlərin artması da UEFA-nın susmasıdı. Sadəcə, burda qaranlıq qalan bir məqam var ki, bu da futbolçunun 30 günlük "möhlət"inin başa çatmaması, digər yandan dekabrın 7-si məsələsidi. Bəlkə UEFA qərarını 30 gün tamam olandan sonra verəcək? Amma belədisə, onda niyə AFFA-dan bizə "yuxarılar"ın qərarını dekabrın 7-də açıqlayacağını bildirmişdilər? Xatırladaq ki, UEFA-nın xahişindən sonra FİFA Sokolovu 30 gün müddətinə ötən ayın 20-25 aralığında diskvalifikasiya etmişdi. Göründüyü kimi, həmin müddətin başa çatmasına hələ vaxt var. Hər halda biz dünən AFFA-yla əlaqə saxlayıb sözügedən məsələylə bağlı yenilik olub-olmadığını öyrənməyə çalışdıq. Ancaq federasiyada iş günü olmadığından səylərimiz nəticəsiz qaldı. Nədənsə əl telefonuna zəng vurduğumuz AFFA rəsmiləri də zənglərimizi cavabsız qoydu. Sən demə, bizim kimi qulağı səsdə olan Sokolovun özü də yeni bir şey eşitmək arzusunda imiş: "Hələ heç bir şey yoxdu. Yəqin ki, sabah bir şey öyrənərik. UEFA-nın heç bir qərar çıxarmaması deməzdim ki, məni ümidləndirir. Amma istərdim ki, hər şey geridə qalsın".