QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Kara "Qarabağ"ın oyunlarını Ağayevə görə izləmir (futbol+, 12.12.2006)
"Qarabağ"ın "MKT-Araz"la qarşılaşmasını tezliklə ağdamlıların "sükanı arxasına" keçəcəyi gözlənilən Rasim Karanın da izləyəcəyini düşünsək də, belə olmadı. Rasim bəy İmişli stadionuna təşrif buyuranlar arasında yox idi. Bu isə bizi az da olsa, şübhəyə saldı. Axı Kara baş məşqçisi olacağı komandanı iş başında görmək üçün İmişliyə getməli idi. Bəlkə "Qarabağ" - Kara danışıqları müsbət nəticələnməyib? Amma yox, Ağdam klubunun baş direktoru Əmrah Çəlikəllə söhbətdə aydın oldu ki, heç də düşündüyümüz kimi deyil: "Hələ irəlidə "Turan"la görüşümüz var. Böyükağa Ağayev komandanın başındadı, Tovuzdakı oyunda da o olacaq. Bizim üçün dövrə bitməmiş heç nə deyə bilmərik. Amma sizə bunu deyə bilərəm ki, Rasim Kara Bakıdadı". Bakıda olduğunu öyrəndiyimiz Karanın özündən İmişlidəki matçı izləməyə getməməsinin səbəbini soruşduq: "Heç "Turan"la oyunu izləməyə də getməyəcəm. Çünki hazırda "Qarabağ"ın baş məşqçisi var və mənim oyunlara getməyim etik normalara sığmaz. O ki qaldı "Qarabağ"la danışıqların nə yerdə qalmasına, Tovuzdakı matçdan sonra bu məsələ həll olunacaq. İndilik sizə əlavə heç nə deyə bilmərəm. "Turan"la görüşdən sonra açıqlama veriləcək". Qeyd edək ki, "Turan" - "Qarabağ" qarşılaşması birisigün keçiriləcək. Çox güman ki, Ağdam klubu Karayla rəsmi müqavilə bağladığını da bu oyunun keçirildiyi günün ertəsi mətbuata açıqlayacaq. Əslində "Qarabağ"ın yeni çalışdırıcıyla razılığa gəlməsi gün kimi aydındı. Sadəcə, rəhbərlik Ağayevin ilk dövrəni başa vurmasını gözləyir. Yeri gəlmişkən, Karanın yeni komandasına Türkiyədən bir neçə legioner gətirəcəyi də söylənilir. Biz bununla bağlı türkiyəli mütəxəssisin fikrini öyrənmək istəsək də, o "Turan"la matçın başa çatmasını gözləməyimizi istədi.