QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Nə "Dənizlispor", nə "Lokomotiv", nə də "Qarabağ" (futbol+, 16.12.2006)
"Xəzər-Lənkəran"dı ki, "Xəzər-Lənkəran"! "Bakı"nın kapitanı (artıq "sabiq" də deyə bilərsiz) Ceyhun Sultanovun neçə klubun maraq dairəsində olduğu deyilmədi? Gah deyildi ki, superliqa təmsilçisi "Dənizlispor"a gedir. Onun hətta bu-gün sabah Türkiyəyə gedib ilkin razılığa gəldiyi Dənizli klubuyla müqaviləyə imza atacağı bildirilirdi. Bu xəbərlə eyni vaxtda Ceyhunun guya Moskva "Lokomotiv"indən də təklif alması haqda söz-söhbətlər yayıldı. Ən sonda isə yığma oyunçusunun "Qarabağ"ın düşərgəsində göründüyü haqda bilgi aldıq. Bütün eşitdiklərimizdən sonra belə qənaətə gəldik ki, bu xəbərlərin yayılması məqsədlidi və futbolçunun qiymətinin süni şəkildə artırılmasına xidmət edir. Axı onun ilk və real müştərisi "Xəzər-Lənkəran" olmuşdu. Buvaxta kimi gözaltı etdiyi futbolçuları sıralarına cəlb etmək üçün parasına qıymayan Lənkəran klubundan daha çox para "qopartmağ"ı kim istəməz ki? Dünən tam etibarlı mənbədən öyrəndik ki, Ceyhun elə "Xəzər-Lənkəran"la anlaşıb. Artıq futbolçuyla demək olar ki, bütün məsələlərdə razılıq əldə olunub. Qalır münasibətləri rəsmiləşdirmək. Bu məsələ də sabah öz həllini tapacaq. Bazar günü Sultanovla yanaşı, artıq xeyli vaxtdı Lənkəran təmsilçisinə keçidi gündəmdə olan Dmitri Kramarenkonun da rəsmi müqaviləyə imza atacağı bildirilir.