QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
AĞAKİŞİYEV "QARABAĞ"LA IKIILLIK MÜQAVİLƏ BAĞLADI (FUTBOL+,)

 "MKT-Araz"da mənə istədiyim pulu verəcəklərini bilirdim"

 Hələ xeyli əvvəl Murad Ağakişiyevin "Qarabağ"a keçəcəyini xəbər vermişdik. Dünən son mövsümü "MKT-Araz"da keçirən futbolçu ağdamlılarla ikiillik müqavilə bağladı. Ağakişiyev anlaşma imzalayan kimi klubun saytına müsahibə verməyə də vaxt tapıb.

- Futbolçu üçün ən əsası futbol oynamaqdı. Tezliklə hazırlığın başlamasını gözləyirəm. Özümü güclü futbolçu hesab etmirəm. Sadəcə, harda oynamağımdan asılı olmayaraq əlimdən gələni etməyə çalışıram. Oyunumla kiminsə rəğbətini qazanmışamsa, buna ancaq sevinə bilərəm.

 - "Qarabağ" növbəti mövsümdə qarşısına böyük hədəflər qoyub. Yəqin komandanı seçməyinə səbəb bu olub.

 - Əlbəttə, bura gəlməyimin əsas səbəblərindən biri "Qarabağ"ın adı və rəhbərliyin futbolçulara yanaşma tərzidi. Eyni zamanda, Rasim Karanın peşəkar məşqçi olmasını da unutmaq lazım deyil. Bu komandanı seçməyimdə onun rolu az olmayıb. "MKT-Araz"da mənə istədiyim pulu verəcəklərini bilirdim. Rəhbərliklə də heç bir problemim yox idi. Kara amili məni "Qarabağ"a gətirdi. Başqa çalışdırıcı olsaydı, bəlkə də bir qədər fikirləşərdim. Amma Rasim bəyin təklifini tərəddüdsüz qəbul etdim. O mənimlə çox səmimi söhbət etdi. Elə bil balaca qardaşı ilə danışırdı. Bu söhbətdən sonra "Qarabağ"a keçəcəyimi qətiləşdirdim.

- "Qarabağ"la çempion olacağına inanırsan?

- İnam ən önəmli amildi. Əlbəttə, müəyyən hədəflər olmasaydı, bura gəlməzdim. Belə məşqçinin olduğu yerdə inam və ambisiya mütləq olur.

- Ambisiyalı futbolçu Avropada çıxış etmək istəyər...

- Bunu mən də istəyirəm. Rasim hoca mənə ikiillik müqavilə bağlamağı təklif edəndə Avropadan təklif gələrsə, keçidimi əngəlləməyəcəyini bildirib.

- Millinin üzvləri - Kənan Kərimovla Vaqif Cavadov da "Qarabağ"da çıxış edir. Rəqabətdən çəkinmirsən?

- Çəkinsək gərək futbol oynamayaq. Milliyə gedəndə də belə söhbətlər var idi. Rəqabət futbolçunun artırmasına kömək edir. Başqa sözlə, rəqabətə ancaq sevinmək lazımdı. Zənnimcə, hansı mövqedə oynamağımızdan asılı olmayaraq "Qarabağ"ı qarşısıalınmaz komandaya çevirə biləcəyik. İnşallah, tezliklə "Qarabağ" qüdrətli günlərini qaytaracaq.