QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Ağdam klubu Binədə "yurd salır" (Futbol+qol, 01.06.2007)

AFFA-nın üzvlük haqlarını artırmasından sonra bahalı transferlərdən vaz keçən "Qarabağ" çempionluq mübarizəsinə qoşulmayacaq. Rəhbərlik Rasim Karanı razı salıb ki, yalnız elitada qalmaq üçün mübarizə aparsın. Ən yaxşı halda da orta pillələrdən birini tutsa, nəticə qənaətbəxş sayılacaq. Ancaq elə düşünməyin ki, "Azərsun Holdinq" futboldan aralanır. İndi onların məqsədi tam fərqlidir. Şirkət mənasız futbolçulara böyük pul xərcləməkdənsə, özünə şərait yaradır ki, komandanın gələcəyini təmin eləsin. Qışda "Ruslan-93"ün bazasını icarəyə götürən sponsorlar yeni bir layihə üzərində işləyir. Binədə böyük torpaq sahəsi götürmək üçün razılıq alan ağdamlılar burada özlərinə geniş baza tikdirəcək. Eynən Antalyadakı idman kompleksləri kimi. Bununla da, həm vəsaitə qənaət olunacaq, həm də yerdə qalan pullar sərfəli şəkildə xərclənəcək. "Qarabağ"ın bu aksiyasını dəstəkləmək lazımdır. Ağıllı klub rəhbəri heç vaxt bu günlə yaşamamalıdır. Futbolçu köçəri quş kimidir, bu gün burda, sabah başqa yerdə qonacaq. Kluba qalan öz yetirmələri olacaq ki, onları da yetişdirmək lazımdır. Həmdi Sərpil Tüzünü gətirməklə böyük bir sürprizə imza atan "Qarabağ" bu strategiyanı bərpa eləsə, yalnız udar. O mənada ki, düşərgədə xeyli gənc var və yeni bir nəslin üzə çıxması üçün onlara imkan yaradılması önəmlidir. Sabah eşitsək ki, Bakıda futbol akademiyası açıblar, heç təəccüblənmərik. Bizə çatan məlumata görə, şirkət sahibləri "Qarabağ"ın nəzdində belə bir akademiyanın yaradılması üzərində baş sındırırlar. Hər halda məsləhətlidir. Onda xaricdən istedadlı yeniyetmələri də bura cəlb eləmək olar.