QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” üçün beşulduzlu otel tikiləcək (qaynar.info, 18-06-2007)
“Sponsorumuzun “Qarabağ” futbol klubu üçün ayırdığı büdcənin yalnız ¼-ni transferlərə xərcləmək məcburiyyətində qaldıq. Büdcəmizin qalan hissəsi isə baza probleminin həllinə yönələcək. Komanda olmaq çox asandır, böyük klub olmağımız vacibdir. İndiyədək gördüklərimiz işlərlə kifayətlənməyərək, “Qarabağ” üçün beşulduzlu otel tikməyi qərara almışıq. Ev oyunlarımız keçirdiyimiz Suraxanı qəsəbə stadionunun ot örtüyünün ən qısa zamanda dəyişdirilməsini da planlaşdırmışıq”. “APA-SPORT” agentliyinin məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun türkiyəli baş məşqçisi Rasim Kara deyib. R. Kara qarşıdakı mövsümdə hədəflərinin çempionluğu qazanmaq olmadığını söyləyib: “Yerli futbolçuları bir araya gətirib, çempion olmaq mümkündür. Amma biz daha irəli gedərək, gələcəyin güclü komandasını yaratmağı düşünürük. Bu yolda hər bir işimizin UEFA tələblərinə cavab verməsinə də xüsusi önəm verəcəyik. Məhz bununla əlaqədar olaraq, “Qarabağ” növbəti mövsümdə də çempionluğa iddialı olmayacaq, yolumuzu gənc futbolçularla davam edəcəyik. Amma milyondan artıq qaçqını olan klubun bizdən nə gözlədiyini də bildiyimizdən, həmişə mübarizənin içində olacağıq. Yaxşı futbol oynamağı düşünürük. Böyük kluba çevrildikdən sonra isə azarkeşlərimiz hər il avrokuboklara vəsiqə qazana biləcək bir “Qarabağ” görəcəklər. Böyük kluba çevrilməklə, sırf futbolla gəlir götürməyi də düşünürük. Azarkeşlərdən dəstək gözləyirik”.
R. Kara “Qarabağ”ın əvvəlki heyətindən altı futbolçu qaldığından, komandanın komplektləşməsinə böyük ehtiyac olduğunu qeyd edib: “Heyətin tam oturuşması zaman tələb edir. Gəncləşdirmə xəttini davam etdirmək baxımından “İnter”dən dörd yeniyetmə oyunçu almışıq. Yeni transferlərin olacağı istisna deyil ki, bunlar həm yerli, həm də əcnəbi futbolçu ola bilər. Həmin futbolçularla danışıqlarımız davam edir, bu transferlər reallaşan kimi, məlumat verəcəyik. “Qarabağ”da özünəməxsus nizam-intizam çərçivəsi var, buna uyğunlaşmayanlara isə kimliyindən asılı olmayaraq, aramızda yer olmayacaq”.
Qeyd edək ki, “Qarabağ” yeni mövsümə hazırlığa iyulda başlayacaq. Komanda gələn ayın 1-dən Türkiyənin Qızılcahamam şəhərində üç həftə təlim-məşq toplanışında olacaq. Oyunçularını türkiyəli həkim Mehmet Binnətin tibbi müayinəsindən keçirəcək “Qarabağ” hazırlıq prosesində 5-6 yoxlama oyunu keçirməyi planlaşdırır. İyulun 21-də geri qayıdacaq komanda həmin vaxt Bakıda havalar çox isti olacağı təqdirdə, Qubada təlim-məşq toplanışı və yerli klublarımızla da yoxlama oyunu keçirməyi nəzərdə tutur.