QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
AZƏR MƏMMƏDOV: "ÜZDƏ OLAN FUTBOLÇULARIN HAMISI MILLIYƏ ÇAĞIRILIR" (FUTBOL+,14.06.2007)

O "Qarabağ"la müqaviləsinin müddətini uzadıb

 Artıq xeyli vaxtdı ki, "Qarabağ"ın və yığmanın müdafiəçisi Azər Məmmədovu iş başında görmürük. Millinin son oyunlarının heç birində forma geyməyən Azərlə söhbətləşib bəzi məqamlara aydınlıq gətirmək istədik.

 - Dizimdə xaçvari bağlar qırılmışdı. Yanvarda "Qarabağ"la Antalyada təlim-məşq toplanışında olarkən "Ərzurumspor"la yoldaşlıq görüşündə zədələndim. Ankaraya apardılar, Mehmet Binnət sağ olsun, əməliyyat etdi. İndi şükür, yaxşıyam. Ayın 19-da futbolsuz qalmağımın beş ayı tamam olur.

 - "Qarabağ"da qalırsan?

 - Hə, mayda müqaviləmin müddəti bitmişdi. Yenidən anlaşmamızın vaxtını daha bir il uzatdıq.

 - Azər, futboldan kənarda qalmaq çətindi, hə?

 - Çox ağırdı. Uzun müddətdən sonra yenidən millidə çıxış edirdim. Şahin Diniyev sağ olsun, dəvət etmişdi, oynayırdım. Zədələndim, yığmadan da kənarda qaldım. Həkim qaçmağa icazə verənə qədər Bakıda oldum. İndi gəlmişəm Gəncəyə.

 - Bu müddətdə məşq etməmisən?

 - Komanda məşq edəndə mən də kənarda qaçırdım. İndi burda - şəhər stadionunda gəncəli futbolçularla gündə iki dəfə məşq edirik. İyulun 1-də də "Qarabağ"la təlim-məşq toplanışına gedəcəyik.

 - Komandanın oyunlarına gedirdin?

 - Bakıda keçirilən bütün qarşılaşmalarını izləmişəm. Çox vaxt komandayla bir yerdə olurdum.

 - Keçən il titul qazandız. Amma bu mövsüm "Qarabağ" çempionatı orta pillələrdə bitirdi...

 - Birinci dövrədə zədəlilərimiz çox oldu. Sergey Sokolov həm zədələnmişdi, həm də cəza üzündən futboldan kənarda qaldı. Bir qədər bu amillərin təsiri oldu. İkinci dövrədə komandaya yeni baş məşqçi - Rasim Kara gəldi. Komandada gəncləşdirmə siyasəti aparıldı. Özünüz də bilirsiz ki, təcrübəsizlərlə oynamaq asan deyil. Oynamağa yer qalmamışdı. Kara da dedi ki, həm gənclərə şans verək, həm də bacardıqca irəli gedək.

 - Sokolovla əlaqə saxlayırsan?

 - Arada danışıram. Deyir orda həvəskar komandaların birində formamı itirməmək üçün oynayıram. Cəza vaxtının bitməsini gözləyir. Azərbaycana qayıtmaq istəyir.

 - Səncə, "Qarabağ" yenidən onu sıralarına qatar?

 - Dəqiq deyə bilmərəm. Formada olandan sonra niyə götürməsinlər? Hansı komanda formada olan futbolçunu istəməz?

 - "Qarabağ"ın növbəti mövsüm üçün hədəfləri nə olacaq?

 - Yüksək yerlər uğrunda oynayacağıq. Uğur qazanacağımıza inanıram. Kara çox yaxşı məşqçidi. Düzdü, onunla işləməmişəm, amma kənardan baxanda görürdüm ki, məşqləri çox səviyyəli keçir. Futbolçunu ruhlandıra bilir. Məncə, Rasim Karalı "Qarabağ" gələn mövsüm Azərbaycan çempionatında yer tutacaq.

 - Müdafiəçilərdən Samir Abbasovla Bojan İliç komandadan ayrıldı...

 - Belə düşünürəm ki, onların gedişi komanda üçün itki sayıla bilər. Hər halda, baş məşqçinin seçiminə hörmətlə yanaşmalıyıq. Bəlkə də futbolçular maddi məsələyə görə "Qarabağ"da qalmayıb. Gəlin peşəkarcasına yanaşaq, oyunçuya hansı komanda daha çox pul verirsə, ora da gedir.

 - Yəqin millinin oyunlarını da izləyirdin...

 - Əlbəttə. Əvvəllər yığma bütün tsikli bir heyətlə oynayırdı. İndi siz də görürsüz ki, üzdə olan futbolçuların hamısı milliyə çağırılır. Yığmanın oyununda da irəliləyiş var. İndi daha çox hücumameylli oynayırıq. Polşayla oyunda meydana iki hücumçuyla çıxmışdıq. Düzdü, uduzmaq adama ağır gəlir.

 - Zədəli olmasaydın, yəqin sən də millinin düşərgəsində olacaqdın. Oyunlara baxarkən meydanda olmaq istəyirdin?

 - Həddindən artıq çox istəyirdim. Nə hisslər keçirdiyimi ifadə edə bilmirəm. Adam öz işindən kənarda qalanda...

 - Yığma üzvləri, baş məşqçi səninlə maraqlanırdılar?

 - Millidəki dostlarımla tez-tez əlaqə saxlayırdım. Yığma yaxşı nəticələr qazananda Şahin müəllimi təbrik edirdim. Milli "Neapol"da qalanda bir-iki dəfə "Qarabağ"lı oyundaşlarımla gedib baş çəkmişik.  

 - Azər, ermənilərlə oyunda forma geymək istərdin?

 - Sözsüz. Formaya düşmək üçün çalışıram. Gündə iki dəfə məşq edirəm. Gəncənin dağlarında qaçıram.

 - Bu oyunlardan hansı nəticəni gözləyirsən?

 - Azərbaycanın gözlədiyini.

 - Yəni?...

 - Əlbəttə qələbə. Ən azı uduzmamaq. Qalib gəlsək, daha yaxşı olar. Amma açığını desək ermənilər də güclüdü. Buna baxmayaraq qalib gəlməliyik.

 - Komandalarımızdan avrokubok oyunlarında nə gözləyirsən?

 - Cavab vermək çətindi. Əvvəla hər dörd komandaya uğurlar arzulayıram. "Neftçi" Azərbaycan səviyyəsində uğur qazanıb - ÇL-də mərhələ keçib. "Xəzər-Lənkəran" da güclü komandadı. Bir qədər çətindi, amma istərdim ən azı iki mərhələ keçsinlər. Rəqibdən də çox şey asılıdı.