QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” “Vestel Manisaspor”u məğlub etdi ( Cempion, 2007-07-09 )

“Qarabağ”: Fərhad Vəliyev, Azər Məmmədov, Nodar Məmmədov, Maksim Medvedev (Mehran Əliyev, 46), Timur İsrafilov, Qoqa Beraya (Elçin Xəlilov, 46), Aslan Kərimov (Əfran İsmayılov, 46), Taqım Novruzov (İsabala İsrafilov, 72), Murad Ağakişiyev (Şahin Zeynalov, 57), Viktor İbekoyi (Rauf Əliyev, 46), Kənan Kərimov (Vaqif Cavadov, 46)
”Vestel Manisaspor”: Egemen, Enes, Serkan Akın, Ersan, Oğuz, Yunus, Tuncay, Nizameddin, Akif, İgid, Sinan
İkinci hissədə meydançaya çıxanlar: Erman, Hikmet, Volkan
Matç sakit məcrada başladı. Tərəflər meydançanın mərkəzini ələ keçirmək üçün əsasən top saxlamağa, qısa ötürmələrlə hücum qurmağa çalışırdılar. Bu arada qeyd edək ki, Giray Bulak həmyerlilərimizlə oyunda əsasən gənclərdən qurulmuş bir heyətə şans vermişdi.  Qarşılaşmada ilk təhlükəli epizod 15-ci dəqiqədə yarandı. İbekoyi topu saxlamadan qapıya vursa da qapıçı Egemen sayıqlığını itirmədi. 27-ci dəqiqədə yenə əlcək sahibi qola imkan vermədi. Belə ki, Kənan Kərimov iki müdafiəçi arasından Murada gözəl ötürmə verdi. Ağakişiyevin zərbəsini qapıçı dəf etdi. 37-ci dəqiqədə oyunda ilk real qol epizodu yarandı. Aslan-Viktor-Kənan paslaşması sonuncunun qapıçı ilə təkbətək çıxması ilə nəticələndi. Lakin Kənan Egemeni aldada bilmədi. Bununla belə, ağdamlılar 42-ci dəqiqədə istəklərinə çatdılar. Muradın cərimə zərbəsindən ötürməsini Aslan mükəmməl zərbə ilə uzaq küncə istiqamətləndirdi. Amma komandamızın bu üstünlüyü çox çəkmədi. İlk yarının son saniyələrində Ağdam futbolçuları rəqib oyunçuya qarşı kobud oynadılar. Topa manisalıların ən fəal oyunçusu olan Nizaməddin yaxınlaşdı və zərbəni dəqiq yerinə yetirdi 1:1.
İkinci hissədə Rasim Kara daha bir neçə gənci meydançaya buraxdı. Elə Giray Bulak da həmçinin. Oyun isə bərabər səviyyədə davam etdi. Amma getdikcə türkiyəlilər üstünlüyü ələ almağa başladılar. “Qarabağ”ın müdafiəsi bir-birinin ardınca kobud səhvlər buraxırdı. Bu mənada daha çox Azər Məmmədov “fərqlənirdi”. Məhz onun növbəti kobud səhvi az qala qolla tamamlanacaqdı. Amma Fərhad Vəliyev möhtəşəm reaksiya ilə buna imkan vermədi. “Qarabağ”ın heyətində ən çox diqqət çəkən futbolçu isə fasilədən sonra meydançaya çıxan Vaqif Cavadov idi. Onun iki oyunçunu 3 dəfə aldadaraq qapıya endirdiyi zərbə isə matçı izləyənlərin alqışına səbəb oldu. Di gəl ki, top dirəyi sürtərək kənara çıxdı. Bununla belə, matçı yüksək səviyyədə keçirdən Vaqif istəyinə çatdı. Gənc hücumçu 88-ci dəqiqədə iki müdafiəçini keçərək uzaq küncü dəqiq nişan almağı bacardı-2:1. Bu, matçda son qol olmaya bilərdi. Amma 4 “Qarabağ”lının 2 müdafiəçiyə qarşı qaldığı epizodda Əfran ötürmə əvəzinə zərbəyə üstünlük verdi ki, o da qeyri-dəqiq alındı. Beləliklə, “Qarabağ” Türkiyədəki hazırlığı çərçivəsində ilk matçını qələbə ilə başa vurmağı bacardı. Oyundan sonra hər iki məşqçi matçla bağlı fikirlərini bölüşüblər. Rasim Kara yetirmələrinin çıxışından razı qaldığını bildirib: “Əvvəlcə başda Giray Bulak olmaqla, Manisa komandasına təşəkkür edirik ki, bizimlə oynamağa razılıq verdilər. Uşaqlarımız gözəl oyun göstərdilər. Problemlərimiz var, amma buna baxmayaraq qarşılaşdığımız komandanın “Vestel Manisaspor” olduğunu da unutmamalıyıq. çempionata hazırlığımız plana uyğun gedir. Qoy, bəzi komandalar çempionluğa oynayacaqlarını dönə-dönə vurğulasınlar. Hər şeyə meydançada aydınlıq gələcək...”
 Giray Bulak isə rəqibi tərifləməklə yanaşı, qarşılaşmanın onlar üçün əhəmiyyətindən də danışıb: “İnanmazdım ki, “Qarabağ” komandası bu gücdə olsun. Yaxşı futbolçulardan təşkil edilib. Rasim hocanı təbrik edirəm. Futbolçularımın durumunu görmək baxımından bizim üçün çox faydalı bir matç oldu. Hələ ki, hazırlıqlara yeni start vermişik. Buna görə də bu tip matçlarda çatışmayan cəhətlərimizi görmüş oluruq və transfer fəaliyyətimizi də bu cəhətlərə görə müəyyənləşdiririk”.
Sonda bir maraqlı məlumatı da sizin diqqətinizə çatdıraq. Belə ki, bu oyunu işıqlandıran Türkiyənin məhşur “Fanatik” qəzeti “Vestel Manisaspor”un rəqibini səhvən “Xəzər-Lənkəran” kimi təqdim edib. Anar Xanlarov