QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Mamaduba gecikir (xazar.info, 01.08.07)
Əsas komanda əvəzedicilərə yerini göstərdi
İsaak Pupanın qarşıdakı mövsümdə "Qarabağ"ın formasını geyinəcəyi dəqiqləşib. Liberiya millisinin üzvü artıq düşərgədədir və kollektiv çalışmalarda iştirak edir. Qana yığmasının mərkəz müdafiəçisi Sumah Mamaduba isə hələ gəlib çıxmayıb.Afrikalı ölkəmizdə oynamağa razılıq versə də, meneceriylə danışıqlar başa çatmayıb. Bir vaxtlar Türkiyədə çıxış edən Süleyman Yulanın onun barəsində yaxşı fikirdə olması qarabağlıdarın transferə marağını artırıb. Komandanın arxa xəttində müəyyən çatışmazlıqlar var ki, Ankaradakı təlim-məşq toplanışı zamanı bu hal özünü göstərib. Müdafiədə buraxılan kobud səhvlər üzündən "İstanbul Böyükşəhər Bələdiyyəspor" və "Şəkərspor"la matçları uduzan ağdamlılara səviyyəli libero lazımdır. Qana millisində kifayət qədər oyun keçirən Mamadubanın isə bu sarıdan heç bir problemi yoxdur.
   Bu arada əsas komanda Suraxanıdakı İsmət Qayıbov adına stadionda əvəzedici heyətlə üz-üzə gəlib. Oyun olduqca maraqlı alınıb. Yaşar Hüseynovun gənc yetirmələri özlərini heç də pis tərəfdən göstərmədilər. Rasim Kara isə hər hissədə yeni heyəti meydana buraxmaq ənənəsinə bu dəfə də sadiq qalmışdı. Maraqlıdır ki, hücumçu Viktor İqbekoyi ilk yarıda dayaq yarımmüdafiəçisi kimi çıxış edib. Eyni zamanda Bakıya yeni gəlmiş İsaak Pupo da bir hissə forma geyinib. İlk yarıda Qoqa Bereya hesabı açıb. Fasilədən sonra isə qollar ard-arda gəlib. Öncə İrakli Beraya qardaşının ardından qola sevinib. İki topluq fərqə baxmayaraq, "Qarabağ-2" ruhdan düşməyib. Röyal Nəcəfov uzaq məsafədən baxımlı qola imza atıb. Bir qədər sonra isə hesab bərabərləşib. Bu dəfə gənc Samir Əliyev səhnəyə çıxıb. Lakin gənclərin bunun ardını gətirə bilməyiblər. Sona iki dəqiqə qalmış Rauf Əliyev əsas komandaya qələbə gətirib - 3:2.
   Dünən mətbuatda yayılan məlumata görə, ağdamlılar Mahmud Qurbanovla ilkin razılığa gəlib. "MKT-Araz", "İnter" və "Neftçi"ylə danışıqları baş tutmayan yarımmüdafiəçinin "Qarabağ"la 1 illik sözləşməyə qol çəkdiyi bildirilir. Bu keçiddə Rasim Karanın birbaşa maraqlı olduğu deyilir. Necə də olmasa, 2 il əvvəl məhz o, Mahmudu "Neftçi"dən "Xəzər-Lənkəran"a gətirib. Türkiyəli çalışdırıcı Cənub klubundan ayrılsa da, rəhbərliklə yaxşı münasibətləri qalmaqdadır. Ən vacibi odur ki, vitse-prezident Mais Mənsimov onun hörmətini gözləyir. Qurbanovun klubdan getməsini tələb edən Mənsimov Karaya görə güzəştə gedər. "Professor"un transfer vərəqi 50 min dollardır. "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl isə bildirdi ki, Mahmudla anlaşmayıblar: "Onunla heç danışıqlar da aparmamışıq. O yaxşı futbolçudur, amma klubumuzun strategiyası başqadır. Biz əsasən gənc futbolçulara üstünlük veririk".