QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” “kiçik qardaş”ını məğlub etdi ( “Çempion, 2007-08-01 )

Hazırlığını davam etdirən “Qarabağ” həftənin ilk günü Yaşar Hüseynovun çalışdırdığı “Qarabağ-2” ilə üz-üzə gəlib. Suraxanıda keçirilən bu matç hazırlıq xarakteri daşısa da çox maraqlı alınıb. Hər bir yoldaşlıq görüşündə olduğu kimi, Rasim Kara yenə iki fərqli heyətdən istifadə edib. Maraqlıdır ki, türkiyəli mütəxəssis ilk yarıda ampluaca hücumçu olan Viktor İbekoyini dayaq yarımmüdafiəçisi mövqeyində sınayıb. Eksperimentlər bununla bitməyib. İkinci yarıda oyuna daxil olan, daha çox meydançanın mərkəzində və sol cinahında görməyə adət etdiyimiz Əfran İsmayılovla Elçin Xəlilov müvafiq olaraq libero və sol cinah müdafiəçisi kimi oynayıblar. Eyni zamanda, klubun düşərgəsinə yeni gəlmiş liberiyalı İsak Pupo da 45 dəqiqə ərzində meydançada olub. Oyuna gəlincə, ilk yarıda “böyüklər”dən Qoqa Beraya qol epizodundan düzgün istifadə etsə də “kiçiklər”dən Rza Qafarlı fərqlənmək şansını boşa verib. İkinci hissədə isə əksinə, qollar ard-arda gəlməyə başlayıb. öncə, İrakli Beraya qardaşından geri qalmayaraq ikinci topu “Qarabağ-2”nin qapısından keçirib. Lakin “kiçiklər” ruhdan düşməyib və Röyal Nəcəfovun uzaq məsafədən vurduğu qolla fərqi minimuma endiriblər. Bir qədər sonra isə hesab bərabərləşib. Samir Əliyev sağ cinahla irəliləyərək topu qapıdan keçirib. Lakin gənclər hesabı qoruya bilməyiblər. Sona 2 dəqiqə qalmış Rauf Əliyev bir il bundan öncə çıxış etdiyi kollektivin qapısından qələbə topunu keçirib.