QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Pupo rəsmən "Qarabağ"lı oldu(Futbol+, 02.08.2007

 

təlim-məşq toplanışının ikinci hissəsini davam etdirən "Qarabağ" nəhayət, pleymeyker problemini yoluna qoydu. Belə ki, Türkiyədə uğurla sınaqdan çıxan liberiyalı İsaak Pupo Bakıdakı hazırlıqda və "Qarabağ-2" ilə yoxlama matçında özünü bir daha sübut etdikdən sonra klub rəhbərliyi onu danışıqlar stolu arxasına dəvət edərək, rəsmi müqaviləyə imza atdırıb. "1+1" sistemi üzrə bağlanılan müqaviləyə əsasən Liberiya millisinin 22 yaşlı üzvü növbəti mövsüm "Qarabağ"ın şərəfini qoruyacaq dördüncü əcnəbi olacaq. 14 nömrəli futbolkanı geyəcək Puponun hələlik subay olduğunu qeyd edək. Ən çox sevdiyi baş məşqçi Frank Raykaard, oynamaq istədiyi komanda isə "Barselona" olan liberiyalının idealı fransız Zinəddin Zidandı. Baxmayaraq ki, ölkəsinin ən tanınan oyunçusu Corc Veadı və onu çox sevdiyini gizlətmir: "Düzdü, bütün liberiyalılar kimi Vea ilə fəxr edirəm. Lakin Zidanın oyununu daha çox bəyənirəm. Eşitdim ki, burda top qovacaq ilk liberiyalı olacam. Odu ki, əlimdən gələni edib, özümü sübut etməyə çalışacam. Fikrimcə, "Qarabağ"la çox iddialı ola biləcəyik. Axı komandamız gənclərdən qurulub. Deməli, hər kəs özünü göstərməyə çalışacaq. Zənnimcə, birləşməyimizə məhz bu məqam kömək olmalıdı. Komandadkı mehribanlığı, anlaşmanı görəndən sonra buna bir daha əmin oldum. Elə ilk məşqdəcə kapitan Aslan Kərimovdan xoşum gəldi. Hiss olunur ki, səviyyəli oyunçudu. Eşitdiyimə görə, həm də yığmanızın kapitanıdı".

 Ölkəsinin LPRC komandasıyla çempion adını qazanan Pupo "Qarabağ"la da uğur qazanmaq iddiasındadı: "Ən azı ilk üçlükdə qərarlaşmağımızı istərdim. Hələ rəqiblərimizin kimliyindən, onların durumundan bir qədər xəbrsizəm. Amma İbokoyi ilə söhbətləşəndən sonra bunu bacaracağımıza inanıram. Oyunumla azarkeşlərin Puponu heç vaxt unutmamasına çalışacağam".

 Hələlik ölkəmizlə tanışlığa imkan tapmadığını deyən liberiyalı ilk növbədə futbolla maraqlandığını söyləyir: "Əsas bu sahədə ciddi uğur qazanmağı düşünürəm. Qalanları sonranın işidi. Çox sevindim ki, "Qarabağ" tərəfindən bəyənildim və hazırda komandanın sıralarındayam. Daim iddialı klublarda oynamışam və artıq çempionluq sevinci də yaşamışam. Ancaq daha çox Avropada oynamaq istədiyim üçün vətənimi tərk etməyi qərara aldım. Əvvəlcə Türkiyənin "Sivasspor"una keçidim gündəmdə olsa da, alınmadı. Hətta onların baş məşqçisi Bülənt Uyğun məndən razı qaldığını dilə gətirmişdi. Hər halda, Azərbaycan da Avropadadı və burda özümü sübut etməklə daha güclülərin diqqətini cəlb edə bilərəm".

 Qeyd edək ki, Puponun ardınca "Qarabağ"a yaxın günlərdə daha bir legionerin gəlişi gündəmdədi. Bu arada baş məşqçi Rasim Kara Mahmud Qurbanovun komandasına lazım olmadığını dilə gətirib: "Mahmuda yaşlı futbolçu deməzdim. Onu yaxşı tanıyıram. Vaxtilə təcrübəli pleymeykeri "Xəzər-Lənkəran"a mən transfer etmişdim. Lənkəranda işlədiyim vaxt komandanın kapitanı seçildi. Ancaq hazırda onun transferi planımıza daxil deyil. Çünki Mahmudu transfer etmək qarşıdakı mövsüm üçün seçdiyimiz strategiyaya uyğun gəlmir. Bizim transfer etdiyimiz yeni futbolçuların yaşı 23-dən yuxarı deyil. Düzdü, Fərhad Vəliyevin 27 yaşı var. Ancaq o yığmanın əsas qapıçısıdı. "Qarabağ"da Aslan Kərimov, Azər Məmmədov, Kənan Kərimov kimi yaşı 31-i ötmüş futbolçular var. Ancaq onları heyətimizdə bir neçə belə təcrübəli futbolçunun olmasını vacib bildiyimiz üçün saxlayırıq".

 Türkiyəli çalışdırıcı püşkatmaya da münasibət bildirib: "İlk dörd turda oyundan üçünü səfərdə keçirməyimiz arzuolunmaz oldu. Çünki püşkatmanın nəticəsinin başqa cür olacağını gözləyirdim. Yəni ilk dörd turda oyunlarımızın ikisini səfərdə, ikisini evdə keçirəcəyimizi proqnozlaşdırsam da, bu alınmadı. Püşkün nəticəsi gözlədiyimin tam əksinə oldu. İlk dörd turda öz meydanımızda yalnız bir oyun keçirəcəyik. Hər şeyə rəğmən, çempionatın əvvəlində səfər oyunlarının çoxluğunda ciddi problem görmürəm".

 PƏRVİZ