QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" cəbhə bölgəsində oldu (525-ci QƏZET, 23-10-2007)
AĞDAMIN QUZANLI KƏNDİNDƏ SÜNİ ÖRTÜKLÜ MEYDANÇANIN AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ
"Qarabağ" futbol klubu yaddaşlarda qalacaq daha bir tədbiri həyata keçirdi. Təxminən 2 il sonra baş tutan ziyarət bu dəfə də çox yaxşı alındı. Təxminən 60 nəfərlik heyətlə Qarabağın tarixi bölgəsi Ağdama ziyarət edən "Qarabağ" klub tarixində rolu olan Ramiz Şahməmmədovun xatirəsini əbədiləşdirməklə yanaşı, Ağdamın böyük hissəsinin qərarlaşdığı Quzanlı və onun ətrafında yaşayan əhalinin əhval-ruhiyyəsini yüksəltdi. Media nümayəndələrinin iştirakı ilə gerçəkləşdirilən səfərin əsas məqsədi həm Ramiz Şahməmmədovun adını daşıyacaq süni örtüklü meydançanın açılışını etmək, həm də yerli uşaqlara top və forma paylayaraq onlara dəstək olmaq idi. Bazar günü səhər yığışıb, yola düşdük. Quzanlıya çatanda kənd əhli artıq ayaq üstəydi. Yolboyu sadə camaat "Qarabağ"ın futbolçularını gətirən avtobusa tərəf boylanırdı. İnsanlarda bir maraq vardı - çoxdandır bu təmtərağı gözləyirdilər. Bunu görəndə "Qarabağ"ın nə qədər sevildiyi bir daha aydın oldu. Az sonra rayonun icra başçısı Həsən Sarıyev qonaqların pişvazına çıxdı. Klubun vitse-prezidenti Tahir Gözəl, direktor Əmrah Çəlikəl və baş məşqçi Rasim Karanı səmimi qarşılayan Həsən Sarıyev onlarla xeyli söhbətləşdi və ardından təşkilatçılar mərhum eks-prezident Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər. Təşkilati işlərin yüksək səviyyədə qurulması ilk baxışdan hiss olunurdu. Meydançada yüzlərlə idman forması, top düzülmüşdü. Açılışda ilk olaraq söz icra başçısı Həsən Sarıyevə verildi. H.Sarıyev "Qarabağ"ın Ağdam üçün çox əhəmiyyətli olduğunu qeyd edərək, komandanın ziyarətini əlamətdar hadisə kimi qiymətləndirdi. Onun sözlərinə görə, Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi üçün iş aparılır və orada 5000 min yerlik stadion tikilir ki, bu da standartlara uyğundur. "Qarabağ"ı Ağdamın fəxri sayan icra başçısı bildirdi ki, komandanın çıxışıyla daim yaxından maraqlanırlar. Klubun dağılmaması üçün "Azərsun Holdinq" rəhbərliyinin böyük işlər gördüyünü deyən H.Sarıyev komandanın böyük gələcək vəd etdiyini vurğuladı. Qeyd etdi ki, əhali sevimli futbolçularının ev oyunlarını yenidən doğma Ağdamda keçirməsini istəyir. O, bunun üçün şəraitin yaradıldığını diqqətə çatdırdı. Klub rəsmisi Tahir Gözəl isə özünəməxsus şəkildə - insanlara xitabən sözə başladı. "Özümüz Bakıda yaşasaq da, qəlbimiz burdadır" dedi. Çıxışında komandanın cari mövsümkü nəticələrinə toxunan vitse-prezident futbolçularından çox şey gözlədiyini bildirdi: "Onları sizlər qarşısında söz vermək üçün bura gətirmişəm. Qoy, vəd versinlər ki, Azərbaycan çempionu olmaq və ölkə kubokunu qazanmaq üçün hər şey edəcəklər. Mən öz futbolçularıma çox inanıram. Bilirəm ki, "Qarabağ"ın oyunçuları çox şeyə qadirdirlər". "Qarabağ"ın böyük klub olmaq yönündə planlar həyata keçirdiyini söyləyən T.Gözəl Bakıda yeni, müasir bazanın tikintisinə başlamaq üzrə olduqları haqda məlumat verdi. Paytaxtda çıxış etməyin bu baxımdan əhəmiyyətli olduğunu nəzərə çatdıran vitse-prezident ev oyunlarını Ağdamda keçirə biləcəklərini də istisna etmədi. Baş məşqçi Rasim Kara isə "Qarabağ"ı Azərbaycanın ən çox fanatı olan komanda adlandırdı. Türkiyəli çalışdırıcı dedi ki, 1 milyon Qarabağ qaçqını onları dəstəkləyir. O, bütün qələbələri də məhz bu insanlara həsr etdiklərinə diqqət çəkdi: "Mən burada özümü vətənimdəki kimi hiss edirəm. Türkiyə və Azərbaycan 2 dövlət 1 millətdir. Ağdamın, bütünlükdə Qarabağın adının ən yaxşı və layiqli təmsil olunması üçün ən yaxşısını etməyə hazıram. Biz daim qaçqınların dəstəyini hiss edirik. Çəkdikləri əziyyəti qismən unutdurmaq üçün "Qarabağ"ın üzərinə böyük yük düşür. Ağdamla bağlı böyük planlarımız var. Bilirəm ki, rayonda futbolu sevirlər. Mən istərdim ki, burda böyük seleksiya işi aparaq, istedadlı uşaqları seçək. Çünki Bakıda yeni Futbol Akademiyası açmaq fikrindəyik. "Qarabağ"ın gələcəyi üçün bu, vacibdir. Klubda işləyəndən məndə bir arzu baş qaldırıb: istərdim ki, bir gün Ağdam geri alınsın, biz də oyunlarımızı gözəl Qarabağda keçirək". R.Karanın fikirlərini maraqla dinləyən tədbir iştirakçıları kapitan Aslan Kərimova da eyni münasibəti göstərdilər. Necə də olmasa, o, komandanın ən sadiq futbolçularındandır. Karyerasının böyük hissəsini "Qarabağ"a həsr edən Aslan azsaylı oyunçulardandır: "Ağdama gəldim, əvvəlki vaxtlar yadıma düşdü. Nostalji hissləri məni o günlərə qaytardı". Vaqif Cavadov isə yoldaşları adından söz verdi ki, uğurlu çıxışlarını davam etdirəcəklər. Ardından icra başçısı H.Sarıyev və vitse-prezident T.Gözəl futbol sahəsinin açıldığını bildirən qırmızı lenti kəsdilər. Sonra təşkilatçılar özləriylə gətirdikləri inventarları yeniyetmə futbolçulara payladılar. Bu dəqiqələrdə bir qələbəlik yaşanırdı ki, gəl görəsən. Uşaqlar "Qarabağ"lı oyunçulara həsədlə baxır, onlarla söhbətləşməyə cəhd edirdilər. Bu proses həyata keçdikdən sonra "Qarabağ" və səfərdəki media nümayəndələri arasında dostluq matçı keçirildi. Təbii, peşəkar futbolçulara qarşı oynamaq bizim üçün çətiniydi. Bununla belə, minimal hesabla məğlub olduq. Sonra xatirə şəkli çəkdirdik. Futbolçular Ağdamdakı yeniyetmələri də sınağa çəkdilər. Balacalar matçda önə keçsələr də, Qoqanın dublu vəziyyəti dəyişdi. Günün sonunda səfərdə iştirak edən tədbir iştirakçıları ümumi süfrə arxasında əyləşərək yorğunluqlarını çıxdılar. Bununla da, Ağdam səfəri başa çatdı.