QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” Nağıbəyovu cəzalandırdı!(Futbol+qol)

    Nifrətlə sevgi gözlə qaş arasındadır. Hər şey bir anın içində dəyişə bilər. Eldar Nağıbəyovun başına gələnlər kimi. Əslində, hakim düşdüyü vəziyyətə görə özünü təqsirli bilməlidir. Qənim kəsilib “Qarabağ”a. Əvvəl “İnter”, sonra da “Bakı” matçında. Üst-üstə 3-4 nəticəyə təsir göstərən kobud səhvə yol verdi. Təsadüfə oxşamırdı. O epizodlarda sükuta dalan referi gərək ki, əlinə fit almaya. Nağıbəyovun qərəzi çaldığı fitin səsindən də hiss olunur.

    Durduğu yerdə özünü işə saldı. Dost-düşmən içərisində biabır olmasa yaxşıdır. Arada tez-tez “Ruslan-93”ə gedərdi ki, tanış-tunuşlarla futzal oynasın. Daha bu imkanı da əlindən alıblar. Yol verdiyi qərəzin qarşılığı olaraq. Bazanı uzunmüddətli icarəyə götürən “Qarabağ” rəhbərliyi Nağıbəyovun bura gəlişinə qadağa qoyub. Bunu bildirən elan bazanın giriş qapısına və bir neçə yerə vurulub. Kimsə də onları qınaya bilməz ki, siz bunu niyə edirsiniz? O hakim, o klub, özləri bilər. Maraqlı metoddur. Ilk dəfə tətbiq olunsa da, təsir gücü kifayət qədərdir.

    AFFA isə referinin etdiyi kobud səhvlərə görə cəzalandırmaq fikrindən uzaqdır. Baş katib Elxan Məmmədovun ölkədə olmaması əllərinə bəhanə verib. Hakimlər Komitəsinin olanların üstündən sükutla keçməsinin müxtəlif səbəbləri varsa, onlardan biri də “fit çalanlar”ın sayının azalmasıdır. Hər tur bir və ya bir neçə hakim cəzalanır ki, indi elitanın oyunlarını idarə etmək üçün cəmi 7 referi qalıb. Ilk dəfədir görürük ki, hansısa qara paltarlı həftəiçi 2 matça təyinat alır. Nağıbəyov da bunu bildiyi üçün istədiyini edir. əmin olmasaydı ki, sabah onu cəzalandırmayacaqlar, heç belə səhvlərə də yol verməzdi. Cəzasız qalıb. Növbəti qərəzli idarəçiliyini izləməyəcəyimizə isə təminat yoxdur. Təəssüf ki, Murad Məmmədov mətbuatdan qaçır. Kölgəsindən qorxan kimi. Hakimlər Komitəsinin sədrini günün günortaçağı çıraqla axtarırıq, tapmırıq. Bilmirik niyə belə edir. Əli Hüseynov qədər də olmadı. Amma bütün bunlar tarixə yazılır, sorğu-sualdan qaça bilməyəcək. Bir qədər gec, bir qədər tez. Hər halda gəlişindən sonra Hakimlər Komitəsinin düşdüyü vəziyyət ortadır: qərəz və rüşvətxorluq baş alıb gedir. Allah bu “fit çalanlar”ın (kimlər ki, çirkin işlərlə məşğuldur) axırını xeyrə calasın.