QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
PUPO KARAYA PROBLEM YARADIR

  Çempionatda əli heç nəyə çatmayan “Qarabağ”ın cari mövsümlə bağlı bütün planları kuboka hesablanıb. Bunu klub rəfbərliyi və baş məşqçi Rasim Kara bir neçə kərə səsləndirib. Ağdam təmsilçisi dünəndən ikinci dövrənin hazırlıq prosesini  bərpa edib. Türkiyəli çalışdırıcı və köməkçiləri də artıq ölkəmizə gəlib. İsaak Pupo və Qoqa Beraya da düşərgəyə dönüb. Antalyada baxışdan keçirdiyi bütün lügionerləri geri qaytaran Karanın sərəncamında 3 gürcü var. Georgi Xutsişvili, Valeri Bolkvadze və Mixael Kostava artıq 10 gündən çoxdur Bakıdadır. Bunadək “Qarabağ-2”nin kollektivi ilə məşq edən Georgi və Mixael hücumçu, Valeri isə yarımmüdafiəçidir. 18 yaşı olan Georgi “Zoovet”də 12(5qol), 19 yaşlı Valeri “Dinamo”da 10, 19 yaşlı Mixael isə “Sioni”də 5 oyun keçirib. Bolkvadze eyni zamanda, Gürcüstanın gənclər millisinin də şərəfini qoruyur. Gürcülər 3 günlük  istirahətdən dönən əsas komandayla məşqlərə çıxıb. Fevralın 16-sına qədər “Turan” və “Qarabağ-2” ilə yoxlama oyunu keçirməyi planlaşdıran ağdamlılar adıçəkilən futbolçuları sınayacaq. Rasim hoca gürcüləri bəyənərsə, onlarla uzunmüddətli müqavilə imzalanacaq. “Qarabağ-2”nin məşqçi korpusu onlar barədə müsbət rəy verib. Xüsusən Valerinin oyunu bəyənilib. “Dinamo”nun keçmiş üzvü ölkəmizdə saxlansa, İsaak Puponun mövqeyi zəifləyəcək. Bəh-bəhlə yayda “Qarabağ”a transfer olunan liberiyalı ümidləri döğrultmur. Əla texnikası belə köməyinə gəlmir. Sürəti aşağıdır, həm də meydanı görmə qabiliyyəti aşağıdır. Afrikalının özünü yaxşı aparmadığı da bəllidir. Futbolçuların əksəriyyəti ondan narazıdır. Bunlar da sözsüz ki, Karanın qulağına çatıb. Baş məşqçi Antalyada bir-iki dəfə ona xəbərdarlıq edib. Bir müddət əvvəl Puponun Türkiyə klublarının maraq dairəsinə düşdüyü bildirilirdi. “Gənclərbirliyi OFTAŞ”, “Trabzonspor” və “Bursaspor”un onu transfer etmək istədiyi xəbər verilirdi. Heç bir əsası olmayan söz-söhbət imiş. Liberiyalının real müştərisi tapılsaydı, “Qarabağ” onunla vidalaşardı.