QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"YARADACAĞIMIZ BAZANIN TÜRKİYƏDƏ DƏ ANALOQU OLMAYACAQ" (Futbol Dünyası)

Nəhayət ki, “Qarabağ” istəyini gərçəkləşdirə bildi. Ağdam klubu gələcəyə hesablanmış layihəni ictimaiyyətə təqdim etdi. “Azərsun Holdinq” Şirkətlər Qrupunun mədəniyyət sarayında keçirilən mərasimdə təxminən 200-ə yaxın qonaq var idi. Buraya jurnalistlər, AFFA nümayəndələri, milli komandanın və “Bakı”nın baş məşqçisi Coko Hadziyevski, “Qarabağ”ın futbolçuları, məşqçilər korpusu və rəhbərliyi daxildir.

Tədbir iki hissədən ibarət idi. Birinci hissədə çıxışlar, gələcək planlar barədə məlumatlar və ən nəhayət, yaxın aylarda təməli qoyulacaq İdman Sağlamlıq Mərkəzinin layihəsi qonaqlara təqdim olundu. Ikinci hissəyə isə mətbuat konfransı aid idi. Mərasimi açıq elan edən klubun müşaviri Asif Əsgərov tədbir barədə qısa məlumat verdikdən sonra çıxış üçün komandanın baş direktoru Emrah Çelikel tribunaya dəvət etdi. Çelikel çox uzun nitq söyləməsə də, bu layihənin gerçəkləşməsi üçün əllərindən gələni edəcəklərini bildirdi: “Bu plan təqribəb 14 ay əvvəl, Rasim Karanı Azərbaycana dəvət edərkən cızılıb. Bir az səbirli olmağınızı istəyirəm. Yaxın vaxtlarda çempionluğa oynayan “Qarabağ”ı görəcəksiniz”.

Komandanın baş məşqçisi Rasim Kara isə bir qədər uzun və qəmgin notlarla dolu bir nitq söylədi. Gələcəyə nikbin baxdığını bildirən türkiyəli mütəxəssis Azərbaycan mediasından və “Qarabağ” azarkeşlərindən çox gileyləndi: “Mən karyeramı təhlükə altına atıb yenidən buraya qayıtdım.Bu komandanın hədəfləri böyükdür. Mən də Azərbaycan futboluna xeyir vermək və milyonlarla qaçqını sevindirmək üçün burdayam. Yüzminlərlə pul xərcləyib legioner almaq əvəzinə, yerli gənclərə üstünlük verirəm. Çünki Azərbaycan futbolunun gələcəyi onlardan asılıdır. Amma bu qədər əmək sərf etdiyimiz halda tənqid olunuruq. Qazetlər, azarkeşlər mənim istefamı istəyirdilər. Hələ ilk turlarda təyziqlər daha çox idi. Bu iş bir gündə həll olunmur. Zamana ehtiyacımız var. Bir az səbirli olun. Mən nə qədər vurulsam da, tənqid olunsam da, rəhbərliyimiz qarşısında verdiyim sözü axıra qədər yerinə yetirəcəyəm. Onların etimadını doğrultmaq bizim borcumuzdur. Klub rəhəbərliyi qazanc götürmək haqda düşünmədən pul xərcləyir. Xəstə olduğum üçün layihə barədə danışa bilməyəcəyəm. Bu haqda sizlərə Türkiyədən dəvət etdiyimiz fiziki hazırlıq üzrə gənc məşqçi, koordinator Mehmet Ak məlumat verəcək”.

Gənc mütəxəssisin çıxışı təxminən bir saata yaxın davam etdi. Mehmet Ak böyük ekranda nümayiş etdirilən slaydlar vasitəsi ilə qonaqlara komandanın mövsümə hazırlanması, uşaq futbol məktəbinin qurulması, müxtəlif yaş qruplarının yaradılması, fiziki hazırlıq və digər bu kimi məsələlər barədə danışdı. Sonda isə söz “Qarabağ”ın vitse-prezidenti Taher Gözelə verildi. O, bu layihəni hazırlamaqda məqsədlərinin dünya standartlarına uyğun klub yaratmaq olduğunu dilə gətirdi: “Mən Azərbaycanda ölkə kubokunu qazandığımız günü yaxşı xatırlayıram. Amma növbəti mövsümü 8-ci sırada bitirmişdik. Avrokuboklarda bir mərhələ də keçə bilərdik. Amma bunun davamı olmayacaq. Anlıq bir sevinc istəmirik. Istəyirik Avropaya gedəndə deyə bilək ki, rəqibi asanlıqla yenəcəyik. Özümü çox xoşbəxt hiss edirəm ki, artıq işlərə başlanılır., planlar hazırdır. Rasim hocaya, Mehmet hocaya, Tayfun hocaya təşəkkürlərimi bildirirəm və onlara bu işlərdə uğurlar arzulayıram”.

Daha sonra media nümayəndələri üçün mətbuat konfransı keçirildi. Jurnalistlərin suallarını klubun vitse-prezidenti Taher Gözel, baş direktor Emrah Çelikel, baş məşqçi Rasim Kara və fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak cavablandırdı.

-         Tikinti işlərinə nə vaxt başlanacaq və komandanın ev oyunları keçirəcəyi stadionun tamaşaçı tutumu nə qədər olacaq?

-         E.Ç. – Qarşıdakı 6 ay ərzində təməlqoyma mərasimi keçirməyi düşünürük. Ilk növbədə məşq meydançalarını hazırlamağı planlaşdırmışıq. Daha sonra otel kimi istifadə edəcəyimiz binanın tikintisinə start veriləcək. Sizin layihəsini gördüyünüz bu baza iki ya da üç ilə tam istifadəyə veriləcək. Stadion isə təxminən 7-8 min azarkeş tutacaq.

-         Layihənin smeta dəyərini açıqlaya bilərsinizmi?

-         E.Ç. - Bu layihənin dəyəri hələ ki, kağız üzərindədir. Indi açıqlaya bilmərik. Həm də bu işlə sponsorlar məşğul olur.

-         Qeyd etdiniz ki, gələcəyin komandasını qurururq. Amma futbolçularla 1-2 illik müqavilə bağlamaqla gələcəyin komandasını qurmaq olmaz. Bu barədə nə deyə bilərsiniz?

-         R.K. – Aldığımız gənc futbolçularla 3 illik müqavilə bağlayırıq. Müqavilələrinin müddəti başa çatan oyunçuların sövdələşməsini isə ən azı iki illiyinə uzadırıq.

-         T.G. – Biz futbolçuların burda qalmağa can atması üçün hər şey edirik. Bizə lazım olan oyunçunun “Qarabağ”dan getməsinə imkan vermərik. Həm maddi, həm də mənəvi cəhətdən bütün futbolçularımıza dəstək dururuq.

-         Bilirsiniz ki, “Qarabağ” Ağdamı təmsil edir. Sizin həyata keçirmək istədiyini bu layihə isə Bakı üçün nəzərdə tutulub. Inşallah, yaxın zamanlarda torpaqlarımız işğaldan azad olunsa, hansı addımlar atacaqsınız?

-         E.Ç. – Biz bu layihəni “Qarabağ” üçün deyil Azərbaycan futbolu üçün həyata keçiririk. Inşallah, bir gün dediyiniz həmin sevincli gün yetişsə, Ağdamdakı stadionumuzun təmirinə başlayacağıq. “İmarət”də ev oyunlarını keçirməkdən qürur duyarıq.

-         T.G. – Bu gün reallıq budur ki, Azərbaycanın əsas gücü Bakıdadır. Bakıda 4 milyona yaxın əhali yaşayır. Bu gün oyunları Ağdamda keçirmək qərarına gəlsək, klub zəifləyər. Çünki heç bir oyunçu orada çıxış etməyə razılıq verməz. Hazırki dövr üçün bəzi prinsipial oyunlarımızı Ağdamda oynamaq istəyirik. Ağdama son səfərimizdə soydaşlarımıza bu barədə söz vermişik.

-         Gələcəyə hesablanmış bu layihəni həyata keçirmək üçün hansı böyük klubların təcrübəsindən istifadə edirsiniz və Suraxanıdakı bazanın taleyi necə olacaq?

-         T.G. – Biz heç kimdən örnək götürmürük. Mehmet bey bu haqda sizə məlumat verdi. Sadəcə, onu deyə bilərəm ki, yaradacağımız bazanın Türkiyədə də analoqu olmayacaq.