QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Turan” sönmüş “Qarabağ”dan səssizcə xal qopardı (Futbol+)

Kubokla vidalaşan “Qarabağ” özünəinam hissini qaytarmaq üçün görüşə qələbə əzmi ilə çıxmışdı. Elitada qalmaq üçün çarpışan “Turan” da paytaxta xal qazanmaq ümidi ilə gəlmişdi. Tovuzluları bu görüşə qeyri-rəsmi baş məşqçiləri Səlahəttin Dərvənd hazırlasa da, komandanın başında məşqçi Nazim Ocaqverdiyev gəlmişdi. Çünki məlum səbəblərdən türkiyəli mütəxəssisin lisenziya məsələsi növbəti mövsümə qalıb.

Hər iki komandanın heyətində önəmli itkilər vardı. Ağdamlıların düşərgəsində kapitan Aslan Kərimov zədə üzündən komandaya kömək edə bilmirdi. “Turan”da isə iki sabiq “Qarabağ”lı – İrakli Beraya ilə Tagim Novruzov cəza üzündən heyətdən kənar qalmışdı. Xüsusilə də gürcü forvardın yoxluğu komandanı pis vəziyyətdə qoymuşdu. Azarkeşlər Suraxanı stadionunda ölkə futboluna xas olmayan bir səhnəyə şahidlik edirdi. Qazonun əla vəziyyətdə olması adamı lap çaş-baş salırdı. Meydançadakı gözəl mənzərəni tamamlamaq üçün bircə baxımlı futbol çatışmırdı. O da qalırdı futbolçuların ümidinə. Amma...

“Qarabağ” ənənəvi xətti müdafiə sisteminə bu qarşılaşmada da sadiq qalmışdı. Mərkəzdə iki dayaq müdafiəçisindən yararlanan Rasim Kara cinahları İqbekoye ilə Ağakişiyevə tapşırmışdı. Hücum xətti isə Cavadovla Kərimova həvalə olunmuşdu. “Turan” rəqibindən fərqli olaraq 3-5-2 taktikasına bel bağlamışdı. Amma yarımmüdafiə xətti daha çox müdafiəyə meyilli futbolçulardan qurulmuşdu.

Oyun sönük başladı. Geridə qalan 10 dəqiqə ərzində diqqət çəkən bir epizod olmadı. “Qarabağ”ın passivliyi “Turan”ın irəliyə atılmasına şərait yaratdı. Tovuzluların cərimə meydançasına daxil olmaq cəhdləri alınmasa da, ard-arda iki künc zərbəsi qazandılar. Amma sonuncu korner “Turan”ı hesabda az qala geri salacaqdı. 14-cü dəqiqədə Ağakişiyevin başladığı əks hücumu Qoqa Beraya tamamladı. Amma onun yaxın məsafədən  endirdiyi zərbə qapı çatından qayıtdı. Fəallığı artıran “Qarabağ” 17-ci dəqiqədə növbəti dəfə qola yaxın oldu. Ağakişiyev-Beraya cütlüyü yenə rəqibi sınağa çəkdi. Gürcü yarımmüdafiəçinin 20 metrdən vurduğu top dirəyin yanından keçdi. 20-ci dəqiqədə Cavadovun sağ cinahdadan reydini Hafiz Əliyev kobudluqla durdurdu. Amma nədənsə hakim sarı vərəqə göstərməyə ehtiyac duymadı. Ilk yarının qalan vaxtı hər iki komandanın mənasız və məntiqsiz hücum qurmaq cəhdləri ilə başa çatdı.

“Qarabağ” ikinci yarıya Cavadovsuz başladı. Yüngül zədə üzündən oyunu davam etdirə bilməyən hücumçunu Rauf Əliyev əvəzlədi. “Turan”sa ikinci hissədə nisbətən fəallaşdı. 48-ci dəqiqədə hətta “Qarabağ”ın bəxti gətirdi. Akponun cərimə meydançası daxilindən endirdiyi zərbə dirəyin yanından keçdi. Amma ikinci hissə başladığı tempdə davam etmədi. Görüş ilk hissədən də sönük şəkil aldı. Tsvetkoviçin  rəhbərlik etdiyi müdafiə xətti “Qarabağ”ın təşkil etdiyi bərbad hücumların qarşısını almaqda çətinlik çəkmədi. Ağdamlıların oyun boyu istifadə etdiyi cinah ötürmələri, demək olar ki, bütün hallarda məntiqsiz sonluqla yekunlaşırdı. Rasim Karanın yetirmələrinə hansı tapşırığı verdiyini ayırd etmək çox çətin idi. Tovuzlular isə oyunun sonları yaxınlaşdıqca daha çox müdafiəyə fikir verməyə başlamışdı.”Turan”lı futbolçular vaxtı “öldürmək” üçün hər vasitədən istifadə edirdi. Bu işdə görüşün hakimi Azad Mütəllimov da onlara “dəstək” oldu. Onun fasilələrlə dolu ikinci yarıya cəmisi iki dəqiqə əlavə etməsi bir az təəccüblü oldu. Amma bu “qızıl” iki dəqiqə də oyunun “sülh”lə bitməsinə mane ola bilmədi. Komandalar oyunu başladıqları kimi də bitirdilər.

Rasim Kara, “Qaabağ”ın baş məşqçisi: “Çox çətin oyun oldu. Rəqib xala ehtiyacı olduğu üçün canla başla mübarizə apardı. Biz oyun qurmaqda çətinlik çəkdik. Amma qol vurmaq şanslarımız oldu. “Turan”da fərqlənə bilərdi. Amma sonda heç-heçə alındı. Görüşün sönük keçməsində hakimin rolu da az olmadı. O tovuzluların vaxtı uzatmasına göz yumdu və hər hissəyə cəmi iki dəqiqə əlavə etdi. Halbuki ikinci hissəyə ən azı 7-8 dəqiqə əlavə etməli idi. Bu qüsur təkcə bizim oyunla bağlı deyil. Ümumiyyətlə Azərbaycandakı oyunlarda hər hissədə ən yaxşı halda 30 dəqiqə topla oynanılır. 15 dəqiqə müxtəlif yolla “öldürülür”.

Nizami Ocaqverdiyev, “Turan”ın məşqçisi: “Bakıya 3 xal dalınca gəlmişdik. Təəssüf ki, qələbə qazana bilmədik. Amma “Qarabağ” kimi güclü rəqibdən xal aldığımız üçün məmnunam. Lakin futbolçulardan razı deyiləm. verilən tapşırıqları istənilən səviyyədə yerinə yetirə bilmədilər”.