QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“QARABAĞ"DAN “GƏNCLƏR”Ə AĞIR ZƏRBƏ (Champion 07.04.08)

”Gənclərbirliyi”: 1. Ruslan Məcidov, 4. Ədahim Niftəliyev, 6. Ramil Ağayev, 7. İsmayıl Məmmədov, 8. Emil Paşayev, 9. Səbuhi Sadiqov, 10. Ruslan Musayev (24. Zaur Əsədov, 86), 14. Zaur Məmmədov, 17. Rəşad Muradov (5. Orxan Məmmədov, 82), 21. Emin Əmiraslanov, 25. Kamara Seiduba
Baş məşqçi: Sabir Əliyev
”Qarabağ”: 1. Fərhad Vəliyev, 3. Aftandil Hacıyev, 4. Azər Məmmədov, 6. Mamaduba Souma, 7. Qoqa Beraya, 9. Murad Ağakişiyev, 10. Kənan Kərimov (11. Rauf Əliyev, 80), 14. Viktor İbekoyi, 22. Timur İsrafilov (5. Maksim Medvedyev, 46), 25. Ayzek Pupo (19. Elşən Məmmədov, 54), 26. Zaur Həşimov
Baş məşqçi: Rasim Kara
Qol: E. Məmmədov, 90+2
Sarı vərəqələr: S. Sadiqov, 25; M. Ağakişiyev, 44; İ. Məmmədov, 70; R. Musayev, 75; E. Paşayev, 81
Hakimlər: Elçin Səmədli, Aydın Ələkbərov, Aleksandr Musatkin, Zahid Həşimov
Hakim inspektor: Orucəli Durmuşov
AFFA nümayəndəsi: Mehdi Qasımov
6 aprel. Mehdi Hüseynzadə adına stadion, 250 tamaşaçı
Belə ki, komandanın aprelə təsadüf edən 4 matçından 3-ü evdə olacaqdı ki, elitada qalmaq uğrunda mübarizə aparan komanda üçün həmin oyunlardan maksimum nəticə ilə ayrılmaq vacib şərt idi. Bu mənada “Qarabağ” ilk sınaq idi. Vəziyyətin ürəkaçan olmaması sumqayıtlıların üzərində çox böyük psixoloji gərginlik yaratmışdı. Düzdür, rəhbərlik həftəiçi futbolçuları bir yerə yığaraq klubdaxili iclas keçirmişdi. Amma “Qarabağ”la oyun göstərdi ki, bunun heç biri xeyri olmayıb. Sumqayıt klubundakı problemlərin sayı həddindən artıq çox olduğundan komanda heç cür “qara zolaq”dan çıxa bilmir və Ağdam klubu ilə matçda qeydə alınan nəticə də “gənclər”ə əlavə zərbə vurmuş oldu. Sumqayıtlılar artıq neçənci matçdır ki, fərqlənə bilmirlər. “ABN-Bərdə” üzərində ilk dövrədə qazanılan qələbədən sonra isə “gənclər” xala həsrət qalıblar. Hər məğlubiyyət futbolçularda inam hissini bir qədər də azaldır.
Konkret “Qarabağ”la matça gəlincə, rəhbərliyin qəzəbinə tuş gələrək cəzalandırılan Erman Guraçar, Ramin Tanrıverdiyev kimi əsas heyət oyunçuları meydançaya çıxmamışdılar. Bu isə sumqayıtlılar üçün böyük itki sayılırdı. “Qarabağ”da itkilər daha çox idi. Aslan Kərimov, Vaqif Cavadov, Ayxan Abbasov, ümumiyyətlə matçın iştirak ərizəsinə salınmamışdılar. Kənan Kərimov isə qızdırmalı şəkildə meydançaya çıxmışdı. Bundan başqa, daha bir neçə futbolçu xəstə-xəstə oynamaq məcburiyyətində idi.
Oyun qarşılıqlı hücumlar şəraitində start götürdü və ilk təhlükə qonaqlardan gəldi. İbekoyinin zərbəsi qüvvətli olsa da, qapıdan aralı keçdi. Meydan sahibləri bunun cavabını Səbuhi Sadiqovla verdilər. Amma onun zərbəsi qeyri-dəqiq alındı. Ondan fərqli olaraq, müəyyən müddətli zədədən sonra yenidən meydançaya qayıdan Emin Əmiraslanovun imkanı daha real oldu. Sol cinahdan qapıçı ilə təkbətək çıxan Emin zərbə anında yıxılaraq azarkeşlərini məyus elədi. Hücumlarına ara verməyən “gənclər” çox keçməmiş daha bir şansı qaçırdılar. Ramil Ağayevin zərbəsini Fərhad Vəliyev dəf etdi. İlk hissənin ortalarında isə sumqayıtlılar kobud səhvə yol verdilər. öncə Ruslan Musayev mərkəz dairədə topu rəqib futbolçuya ötürdü və Kənan Kərimov qapıçı ilə üz-üzə qaldı. Bu zaman Ruslan Məcidov da gərək olmadan irəli çıxdı. Kənanın aşırma zərbəsi isə qapının üstündən keçdi. Bundan iki dəqiqə sonra Sumqayıt klubu ən real şansını qaçırdı. Cərimə meydançası daxilində topa yiyələnən Ruslan Musayev bir hərəkətlə müdafiəçidən sıyrılıb 7-8 metrlik məsafədən qapıya zərbə endirdi. Lakin top müdafiəçiyə tuş gəldi. Fasilədən sonra da meydançada açıq futbol getdi. Heç bir komanda müdafiə haqqında düşünməyərək topa sahib olan kimi hücuma keçirdi. İlk real qol epizodunu yenə meydan sahibləri yaratdılar. Sol cinahdan sürətlə irəliləyən Emin Əmiraslanov topu cərimə meydançasına ötürdü. Əlverişli mövqedə olan Səbuhi Sadiqov fərqlənməyə borclu olsa da, topa olduqca zəif zərbə vurdu ki, o da Fərhadın üstünə getdi. Bu arada “Qarabağ”ın da təhlükəli hücumlarını qeyd etmək lazımdır. Xüsusilə, Kənan Kərimov təcrübəsi hesabına meydan sahiblərinə əsl başağrısı yaradırdı. Ondan başqa, Qoqa Beraya ilə Zaur Həşimov da öz fəallıqları ilə seçilən futbolçulardan idilər. Sumqayıt klubunun heyətində isə Zaur Məmmədovu “Gənclərbirliyi”nin ən yaxşısı adlandırmaq olardı. Matç sona yaxınlaşdıqca sumqayıtlı azarkeşlərin qol istəyi daha da artırdı. Amma futbolçular qol vurmağa tələsmir və topu oyuna çox gec daxil etməklə sanki heç-heçəyə razı olduqlarını ortaya qoyurdular. Bunun cəzasını isə matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Elşən Məmmədov verdi. O, Berayanın sol cinahdan ötürdüyü topu qapıdan keçirdi. Son saniyələrdə isə İbekoyi ikinci topu da “gənclər”in qapısına göndərə bilərdi. Lakin onun zərbəsi toru yandan silkələdi. Beləliklə, növbəti məğlubiyyət “Gəncləribirliyi”yə böyük zərbə vurdu. Artıq onları “Turan”dan 6 xal ayırır.
Sabir Əliyev: “Qarabağ”ı təbrik edirik. Oyuna ciddi hazırlaşmışdıq, çünki bunlar son şanslarımızdır. Bu oyun mənim üçün ən uğursuzu oldu. Son dəqiqələrə kimi 0:0 hesabını saxlasaq da, alınmadı. Halbuki ən azından Bərdə səfəri öncəsi 1 xal qazanmağı çox istəyirdik. ümumilikdə futbolçularımın oyunundan narazı qalmadım”.
Rasim Kara: “Matç öncəsi heyətlə bağlı ciddi problemlərimiz var idi. Əsas heyətin 6 futbolçusu zədəli və xəstə idi. Bundan başqa, alt sıralarda qərarlaşan komandalarla oynamaq çox çətindir. üstəlik, meydançanın vəziyyəti də çox pis idi. Meydançalara belə qulluq eləmək olmaz. Bu cür qazonda yaradıcı futbol oynamaq mümkün deyil. Əgər ot örtüyü yaxşı olsaydı, “Gənclərbirliyi” də yaxşı oynayardı. Belə oyunlarda ilk dəqiqələrdə yaratdığın imkanları dəyərləndirə bilməsən, sonradan çətin olur. Hər iki komandanın real qol şansları olsa da, sonda gülən tərəf biz olduq və buna görə çox şadam. Amma bir şeyi deyim ki, çempionatda 14 komanda çox azdır. Belə olan halda arada yaranmış fasilələr uzun olur və futbolçuların oyun praktikası da yetərincə olmur. Bu mənada güclülər dəstəsində oynayan komandaların sayı 16-ya çatdırılsa, daha yaxşı olar”.