QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"QARABAĞ" YORĞUN "QƏBƏLƏ"Nİ ƏLİ BOŞ GÖNDƏRDİ (Futbol+ 14.04.2008)

Hər iki komandanın yüksək yerlər uğrunda mübarizədən kənar qalması görüşün prinsipiallığını minimuma endirmişdi. Üstəlik, "Qəbələ"nin həftəiçi ölkə kubokunda "Xəzər-Lənkəran"a uduzmaqla növbəti mərhələyə adlamaq şansını demək olar ki, itirməsi bu oyunda yaxşı əhval-ruhiyyədə olmayacağından xəbər verirdi. "Qarabağ"isə uzun fasilədən sonra evdə qalib gəlmək niyyətində idi. Üstəlik, ağdamlılar 3 xal qazanacağı təqdirdə turnir cədvəlində "Qəbələ"ni qabaqlayacaqdı.
Zədəsinin sağaldan Aslan Kərimovun qayıdışı "Qarabağ" üçün müsbət amillərdən idi. Amma Ramiz Məmmədovun komandasında vəziyyət heç də ürəkaçan deyildi. Camal Məmmədov, İrakli Vaşakidze, Samir Zərgərov, Əli İsmayılov və Abdulkadir Kamara komandasına kömək edə bilmirdi.
Rasim Karanın start heyətinə üç hücumçu salması "Qarabağ"ın hücum futbolu oynayacağından xəbər verirdi. Ağdamlılar oyun başlayan kimi istəyini büruzə verdi. Xüsusilə də Kənanla Elşən çox istəkli görünürdü. 8-ci dəqiqədə "Qəbələ"nin qapısına vurulan erkən qolun memarları da məhz bu iki forvard oldu. Elşənin əla ara ötürməsindən sonra qapıçı ilə təkbətən çıxan Kənan şansını qaçırmadı. Meydanın özünə aid hissəsinə sıxışan "Qəbələ" Fərhad Vəliyevi 25-ci dəqiqədə narahat etməyə macal tapdı. Lakin Samir Məmmədovun 25 metrlikdən vurduğu top qapıdan aralı keçdi. 33-cü dəqiqədə isə "Qarabağ" yenidən fərqlənməyə yaxın oldu. Ağdamlıların gözəl kombinasiyasını Elşən tamamlasa da, top dirəyin yanından keçdi.  Oyunun axarı ikinci hissədə də dəyişmədi. Düzdü, "Qəbələ" ilk yarıdakına nisbətən bir az fəal idi. Amma 56-cı dəqiqədə "Qarabağ"ın ikinci qolu vurması qonaqların ümidini heçə endirdi. Oyunun fəallarından olan Medvedevin sağ cinahdan ötürməsini Aslan fantastik "qayçı" zərbəsi ilə qapıya göndərdi. İki top fərqi ilə geridə olduqlarını görən Ramiz Məmmədov ən azı təsəlli qolu vurmaq üçün dəyişiklinlər etdi. Meydana sonradan daxil olan futbolçulardan yalnız Tsaranu məşqçinin ümidini doğrultdu. Moldovalı futbolçu Qabidaurinin cərimə zərbəsindən ötürdüyü topu başla tora qovuşdurdu. Yorğun görünən qəbələlilərin bundan artığına gücü çatmadı. Əvəzinə oyuna ikinci hissədə daxil olan Cavadov ardıcıl üç dəfə Mamaladzeni sınağa çəkdi. Oyunboyu inamsız təsir bağışlayan gürcü qolkiper fərqin yenidən iki topa çatmasına imkan vermədi. Hakimin əlavə etdiyi dəqiqələrdə isə Tebloyev fürsəti qaçırdı. Beləliklə, "Qarabağ" ilk dövrədə olduğu kimi, bu dəfə də "Qəbələ"dən 3 xal almağı bacardı.  

  Rasim Kara, "Qarabağ"ın baş məşqçisi: "Gözəl oyun oldu. Düşünürəm ki, oyunu izləməyə gələn azsaylı azarkeşlər 90 dəqiqə ərzində darıxmadı. Hər iki komanda yaxşı oynadı. "Qəbələ"nin məğlubiyyətini ölkə kubokundakı uğursuzluqla əlaqələndirirəm. Komandada psixoloji gərginlik hiss olunurdu. İnanıram ki, həmişə əzmkar oyunu ilə seçilən "Qəbələ" növbəti oyunda toparlanmağı bacaracaq".

Ramiz Məmmədov, "Qəbələ"nin baş məşqçisi: ""Qarabağ" bu gün əla oynadı və layiqli qələbə qazanmışdı. Biz onlara evdə də uduzmuşduq. Komandamızın altı əsas futbolçu zədə üzündən oynaya bilmədi. Buna baxmayaraq, pis oynamadıq".