QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"BAKI" - "QARABAĞ" 0:0 ("Futbol+" 13.05.08)

Matçın prinsipiallıq baxımından heç bir önəm daşımaması qarşılaşmanın əhəmiyyətini azaldırdı. Amma "Bakı" səkkiz oyunluq qələbəsiz oyunlar seriyasını qırmağa çalışacaqdı. "Qarabağ" isə 5-ci pillədəki yerini "Qəbələ"yə təhvil verməmək üçün maçdan 3 xalla ayrılmağı planlaşdırırdı.Heyət baxımından hər iki komandanın düşərgəsində bir neçə futbolçunun yoxluğu hiss olunurdu. "Zolaqlılar"ın heyətində Aleksandr Qoqobereşvili cəza üzündən oyunu buraxırdısa, ağdamlılar komandanın kapitanı Aslan Kərimovun və Aftandil Hacıyevin xidmətindən mərhum idi. Hər iki futbolçu zədə üzündən heyətdən kənar qalmışdı.Qyoko Hacievski bu maçda da ənənəsinə sadiq qalaraq, 4-4-2 sxemindən yararlanmışdı. Xətti müdafiənin mərkəzində Əmirbəyovla Brankoviç, cinahlarda isə Baçevlə Həsənov yer almışdı. Məhərəmovla Skuliç dayaq yarımmüdafiəçisi qismində çıxış etməli idi. Hücumda yer alan Ticani - Ponomariyov cütlüyünə cinahlardan Pereslə Abdullayev dəstək verirdi. Rasim Kara isə daha çox hücumameyilli "onbirliy"ə güvənmişdi. Müdafiənin mərkəzində Nodar Məmmədovla Mamadouba yer almışdı. Cinahlar isə Medvedevlə Azər Məmmədova tapşırılmışdı. Baş məşqçi yarımmüdafiəni Həşimov - Beriya - Abbasov üçlüyünə həvalə etmişdi. "Bakı"nın müdafiə xəttini isə Ağakişiyev, İbokoyi və Kərimov dağıtmalı idi.Matça gəlincə, oyun olduqca sönük tempdə başladı. Futbolçuların elə ilk dəqiqələrdən oyuna alışmaq əvəzinə qazonda gəzişməyə üstünlük verməsi qarşılaşmanın bərbad atmosferdə keçəcəyindən xəbər verirdi. Həm "Bakı"nın, həm də "Qarabağ"ın mənasız hücumlar təşkil etməyə cəhd göstərməsi  baş arenaya gəlmiş azsaylı insanların ürəyini sıxırdı. Təsadüfi deyil ki, ilk real qol epizodu oyunun 43-cü dəqiqəsinə təsadüf etdi. Ayxanın cərimə zərbəsindən ötürdüyü topu Həşimov tamamladı. Lakin onun baş zərbəsi qapı çatından qayıtdı. Buna qədər isə yalnız Peres Fərhad Vəliyevi narahat etməyə çalışmış, lakin onun uzaq məsafədən endirdiyi zərbə qapıdan aralı keçmişdi. İlk hissədə "Bakı"da diqqət çəkən digər futbolçu isə Ponomariyov idi. Millinin futbolçusu fiziki cəhətdən olduqca pis görünürdü. Onun bərbad oyunu baş məşqçinin də gözündən qaçmırdı. Oyun başlayandan bir neçə dəfə Hacievski ilə Tolik arasında xoşagəlməz dialoqlar yaşandı. Vəziyyətin gərginliyini görən makedoniyalı mütəxəssis məcbur olub onu Bəxtiyar Soltanovla əvəzlədi.İkinci hissədə oyunun ssenarisi nisbətən dəyişdi. Ağdamlılar fasilədən sonra fəallaşdı. Artıq 48-ci dəqiqədə "Qarabağ" hesabı da aça bilərdi. Lakin Sissoko ilə üzbəüz qalan İbokoyi topu qapıçının üstünə vurdu. Hücumlarını artıran ağdamlılar növbəti dəfə Vaqif Cavadovla qola yaxın oldu. Lakin forvard Beriyanın möhtəşəm reydini məntiqi sonluqla yekunlaşdıra bilmədi. "Bakı"nın hücum xətti isə ilk hissədə olduğu kimi "dişsizliyi" ilə diqqəti cəlb edirdi. Təsadüfi deyil ki, oyunsonrası mətbuat konfransında Hacievski hücumçularını o ki, var "təriflədi". Paytaxt təmsilçisinin hücum xəttinin bərbad oyununda "Qarabağ"ın müdafiəçilərinin də böyük rolu vardı. Onlar rəqib komandanın hücumçularına vaxtında müdaxilə etməyi bacarırdı. Xüsusilə də Maksim Medvedevlə Azər Məmmədov fəallığı ilə seçilirdi. Amma 73-cü dəqiqədə Zaur Həşimov az qala onların əziyyətini yerə vuracaqdı. Brankoviçin zərbəsindən sonra top Həşimovun əlini tapdı. Amma oyunu baş hakimi Zöhrab Qədiyev mübahisəli epizoda görə penalti verməyə risk etmədi."Qarabağ" buna kəsərli hücumla cavab verdi. Amma Cavadov növbəti dəfə fərqlənməyə yaxın olsa da, zərbəsi dəqiq alınmadı. O, 75-ci dəqiqədə Ayxanın hava ötürməsini əlverişli vəziyyətdə olmasına baxmayaraq, tamamlaya bilmədi. "Vurmayana vurarlar" prinsipi az qala bu maçda da öz sözünü deyəcəydi. 86-cı dəqiqədə "Qarabağ" müdafiçilərinin kobud səhvindən sonra qapçı ilə üzbəüz qalan Ticani yüzfaizli qol fürsətini qaçırdı. Forvard çətin işin öhdəsindən gələrək topu yandan vurdu. Oyunun son dəqiqələrində də hər iki komandanın yersiz canfəşanlığı fayda vermədi və matç başladığı kimi də bitdi.

Qyoko Hacievski, "Bakı"nın baş məşqçisi: "Ümumilikdə komandadan yox, hücumçulardan narazıyam. Olduqca aşağı səviyyədə çıxış edirlər. Ticani mövsümün əvvəlindəki formasından uzaqdı. Ponomariyovdan isə heç danışmaq istəmir. Oyun başlayandan beş dəfə onu çağırıb eyni tapşırığı dəfələrlə təkrarladım. Amma o, dediklərimin heç birini eləmədi. Mən də məcbur olub onu əvəzlədim. İndiki durumumuzdan belə nəticə çıxarıram ki, seleksiya işini düzgün aparmamışıq. Xüsusi ilə də heyətə qatdığımız Sisse, Çurlinov və Ponomaryov ümidlərimizi doğrultmadı. Artıq görüləcək başqa işimiz qalmayıb, çempionatın başa çatmasını gözləyirik".

Rasim Kara, "Qarabağ"ın baş məşqçisi: "Oyun istədiyimiz tempdə keçmədi. Qalib gəlməyə çalışsaq da, heç nə alınmadı. Bir neçə qol vəziyyəti yaradıb faydalanmadıq. Məqsədimiz çempionatı 5-ci pillədə bitirməkdi. Amma qarşıda iki çətin oyunumuz var".