QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Nə Rasim Karanın, nə də “Xəzər-Lənkəran”ın(05.08.08 futbol dünyası)
Ötən həftə “Qarabağ”ın baş məşqçisi Rasim Karanın komandadan ayrılması futbol ictimaiyyətinin marağına səbəb olmuşdu. Çempionatın başlamasına bir həftə qalmış türkiyəli mütəxəssisin belə bir addım atması Ağdam təmsilçisinə ağır zərbə vurdu. Çətin vəziyyətdə qalan klub rəhbərliyi yeni baş məşqçi axtarışlarına başlayıb. Artıq vakant posta əsas namizəd də var. “Neftçi”nin sabiq çalışdırıcısı Qurban Qurbanov mətbuata verdiyi açıqlamada “Qarabağ”la ilkin razılığa gəldiyini bildirib. Amma Ağdam klubunun icraçı direktoru Əmrah Çelikəl bunu təkzib etdi.
- Əmrah bəy, Rasim Kara komandadan ayrılmaq istədiyini sizə nə zaman bildirdi?
- İki gün bundan əvvəl.
- Şənbə günü səhər məşqində baş məşqçinin iştirak etmədiyi söylənilir. Bu, doğrudurmu?
- Bəli, məşqdə Rasim Kara iştirak etmədi. Çünki bizimlə görüşdə idi. Amma axşam yoxlama oyununa gəldi.
- Ümumiyyətlə, Rasim Kara gedişinin əsas səbəbi kimi bazanın qurulmamasını göstərib. Onun sözlərinə görə, təsislə bağlı verilən sözlər yerinə yetirilməyib...
- Xeyr, bazanın tikintisi davam edir. İstədiyiniz vaxt Binə qəsəbəsinə gedib, görülən işlərə baxa bilərsiniz. “Azərsun Holdinq”in indiyə kimi verdiyi sözlər boş vəd olaraq qalmayıb.
- Karaya son sözünüz nə oldu?
- Rasim Kara müqaviləni pozub getməyib. O, sadəcə olaraq, getdi. Hələ ki gedişinin rəsmi şərtlərini yerinə yetirməyib.
- Amma artıq “Xəzər-Lənkəran”la müqavilə bağlayıb. Bu məsələ ilə əlaqədar olaraq, FİFA-ya və ya
UEFA-ya şikayət etmək fikriniz varmı?
- Əlbəttə ki, var.
- Təzminat necə, istəyəcəksinizmi?
- Bəli, əgər o bizi belə bir çətin vəziyyətdə buraxıb gedirsə, əvəzini verməlidir. Mənəvi zərbənin təzminatını alacağıq.
- Təzminatın miqdarını müəyyənləşdirmisinizmi?
- Bizim nə Rasim Karanın, nə də ki, “Xəzər-Lənkəran”ın puluna ehtiyacımız var. Amma komandamıza vurduğu zərbənin qarşılığını ödəməlidir. Rəqəm söyləmək istəmirəm.
- Yəqin ki, söhbət böyük məbləğdən gedir...
- Bu, bizim “Xəzər-Lənkəran”la danışıqlarımızdan sonra müəyyənləşəcək. Əlimizi, qolumuzu bağlayıb, “Rasim Kara, xeyirli olsun”, - deməyi də özümüzə yaraşdırmırıq.
- Kara açıqlamalarında bildirib ki, “Qarabağ”da uşaq futbolu ilə bağlı heç bir iş görülmür. Onun söylədikləri doğrudurmu?
- Həftənin üç günü gəlib uşaq futbolu ilə bağlı apardığımız işləri görə bilərsiniz.
- Mövsümlərarası fasilədə söylədiniz ki, “Qarabağ” növbəti mövsümdən çempionluğa oynayacaq. Çempionatın başlamasına bir həftə qalmış baş məşqçiniz sizi yarı yolda qoydu. İndi necə, hədəfləriniz dəyişibmi?
- Əvvəlcə onu söyləyim ki, AFFA-ya verdiyimiz iştirak ərizəsində baş məşqçimiz Rasim Kara, köməkçiləri isə onunla bərabər “Xəzər-Lənkəran”a gedən məşqçilər göstərilib. Hədəflərimizə gəlincə, hər zaman olduğu kimi, yenə iddialı komandayıq. Rasim Karanın komandadan getməyi hədəflərimizə bir o qədər də təsir göstərməyəcək.
- Onun hazırladığı komandanı başqa baş məşqçinin çempion edə biləcəyi inandırıcı görünürmü?
- Vallah, mən komandamıza inanıram. Uşaqlarla da söhbətimiz olub. Onlar məqsədə çatmaq üçün əllərindən gələni edəcəklər.
- Yeni baş məşqçinizin Qurban Qurbanovun olacağı söylənilir. Bu məsələ öz həllini tapıbmı?
- Xeyr, hələ ki ortada konkret heç nə yoxdur.
- Bəs Qurbanovla danışıq aparmısınızmı?
- Bəli, onunla yanaşı, bir neçə başqa yerli məşqçilərlə də söhbətimiz olub. Türkiyədə də danışıq apardığımız çalışdırıcılar var. Hələ ki bu məsələ ilə bağlı dəqiq fikir bildirə bilmərəm.
- Danışıq apardığınız əcnəbi baş məşqçilərin adlarını açıqlaya bilərsinizmi?
- Xeyr, hələ ki söyləyə bilmərəm. Çünki sabah kimin bu posta təyin olunacağı dəqiq bilinmir.
- Ümumiyyətlə, seçəcəyiniz baş məşqçinin qarşısına hansı məqsədlər qoymaq fikriniz var?
- İnşallah, baş məşqçi ilə anlaşandan sonra keçirəcəyimiz mətbuat konfransında bu məsələ də müzakirə olunacaq. Qabaqcadan heç nə söyləyə bilmərəm. Çünki təyin olunacaq məşqçinin də yəqin ki, öz şərtləri olacaq.
- Rasim Karanın birdən-birə düşərgəni tərk etməsinə futbolçuların reaksiyası necə oldu?
- Tək Rasim Karının deyil, köməkçilərinin də bizi çətin vəziyyətdə qoyub getməsi futbolçulara əlavə stimul oldu. Onlar komandanı ağır vəziyyətdən çıxaracaqlarına söz verdilər.
- Mövsümlərarası fasilədə komandadan ayrılan Aftandil Hacıyevin yenidən “Qarabağ”a qayıtdığı söylənilir. Bu necə, doğrudurmu?
- Hal-hazırda Aftandil Hacıyev burada deyil. Əgər müvəqqəti baş məşqçimiz Müşfiq Hüseynovun və ya təyin olunacaq yeni çalışdırıcının istəyi olarsa, Aftandili də qaytara bilərik.
- Emin İmaməliyevin də “Qarabağ”a keçəcəyi söylənilir. Onun keçidində maraqlısınızmı?
- Emin “İnter”ə məxsus futbolçudur. Bu xəbəri sizdən eşidirəm.
- Hücumçu problemini necə, həll edə bildinizmi?
- Hələ ki vaxtımız var. “Transfer pəncərəsi” avqustun 30-da bağlanır. O vaxta qədər bu problemi də yoluna qoyacağıq.