QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Avrokuboklara vəsiqə qazanmaq istəyirik” (Futbol Dünyası)
Yay fasiləsinin ən səs-küylü transferlərindən biri də “İnter”in kapitanı Emin İmaməliyevin “Qarabağ”a keçməsi oldu. Premyer Liqa start götürənə qədər “bankirlər”in düşərgəsində olan yarımmüdafiəçi “Qarabağ”ın iştirak ərizəsinə avqustun 9-da - “Bakılı” ilə oyun günündə salındı. İkinci hissədə meydançaya çıxan İmaməliyevlə söhbətimiz də maraqlı alındı. Ondan əvvəlcə “İnter”in Çempionlar Liqasındakı çıxışını dəyərləndirməyi xahiş etdik.
- Məncə, pis təsir bağışlamadıq. Qarşımıza qoyulan məqsədə çatdıq. Biz ilk mərhələni keçmək istəyirdik ki, bu vəzifənin də öhdəsindən gəldik. Düzdür, bu o demək deyil ki, “Partizan”ı keçmək istəmirdik. Sadəcə olaraq, Serbiya komandasını məğlub etməyə gücümüz çatmadı. Təəssüf ki, Bakıdakı oyunda qol vəziyyətlərindən istifadə edə bilmədik.
- Komandanın kapitanı olsan da, bir çox görüşlərdə ehtiyatda qalırdın. Buna səbəb nə idi?
- Sizin bu sualınıza cavab verməkdə çətinlik çəkirəm. Çünki kimin əsas heyətdə oynayacağına baş məşqçi qərar verir. Niyə görə məni oynatmadığını deyə bilmərəm. Onu da deyim ki, Türkiyədəki toplanış zamanı keçirdiyimiz bütün oyunlarda əsas heyətdə oynayırdım. Bu da onu göstərir ki, yaxşı formadayam.
- Nəyə görə “İnter”dən ayrıldın?
- Bunu özüm istədim. Oyundan bir gün əvvəl rəhbərliyə dedim ki, ola bilər, komandadan gedim. Avqustun 9-da isə klub rəsmilərinə “İnter”i tərk edəcəyimi bildirdim.
- Səbəbini isə yenə açıqlamadın...
- Yenə təkrar edirəm, sadəcə olaraq, getmək istədim və komandadan ayrıldım.
- Eşitdiyimizə görə, baş məşqçi Valentin Xodukinlə aranızda problem var idi və buna görə də bir çox matçlarda ehtiyatda qalırdın...
- Xeyr. Mən elə adamam ki, indiyə qədər heç bir məşqçi ilə problemim olmayıb.
- Bəs “Qarabağ”ın təklifi “İnter”dən ayrılmağında nə kimi rol oynadı?
- Başa düşürəm, siz anlaşmanın maddi tərəfini nəzərdə tutursunuz. Ancaq “İnter”dən ayrılmağım bununla bağlı deyil. Elə “İnter”də də kifayət qədər pul alırdım.
- “İnter”də keçirdiyin iki ili necə dəyərləndirirsən?
- Çox yaxşı. O klubla çempion oldum və kubokun finalında çıxış etdim. Çempionlar Liqasında iştirak edib mərhələ adladım. Karyeramın “İnter”dəki dövrünü uğurlu sayıram.
- Sənə hansı klublardan təklif var idi?
- “Qarabağ” və “Olimpik” məni heyətində görmək istəyirdi. Hər iki klubla söhbətim olmuşdu. Onlardan başqa, Türkiyədən bəzi klublar mənimlə maraqlanırdı. Son yoxlama matçında qalib gəldiyimiz “Kocaelispor” da mənə təklif göndərmişdi. Avqustun 9-na qədər onlardan cavab gözlədim. Onlardan cavab gəlmədikdən sonra “Qarabağ”ı seçdim.
- Niyə görə məhz “Qarabağ”?
- Sadəcə olaraq, bu klubun bütün şərtləri məni qane edirdi. “Qarabağ” yaxşı və iddialı komandadır. Sevinirəm ki, bu komandanın şərəfini qoruyacağam.
- Deyirlər ki, “Qarabağ”ın yeni çalışdırıcısı Qurban Qurbanov israrla sənin komandaya gətirilməyini istəyirmiş...
- Bunu deyə bilmərəm. Ancaq Qurban müəllimə məşqçi kimi böyük hörmətim var. Çox bacarıqlıdır.
- Yeni komandaya uyğunlaşmaq çətin olmadı ki?
- Heç bir problem yaşamadım. Bu komandadakı oyunçuların çoxu ilə birlikdə oynamışam. Yığma komandada onların çoxu ilə birgə çıxış etmişəm.
- Artıq çempionatın ilk turu arxada qalıb. “Bakılı” ilə oyunda qələbə sizə heç də asan başa gəlmədi...
- Sizinlə razıyam. “Bakılı” heç də zəif komanda olmadığını göstərdi. Bununla belə, bizim daha yaxşı çıxış etdiyimizi düşünürəm. Çoxsaylı qol vəziyyətimiz olsa da, təəssüf ki, onların hamısından yararlana bilmədik.
- İkinci hissədə müdafiə futboluna daha çox üstünlük verdiniz. Bu taktika hesabı qorumaq istəyindən irəli gəlirdi?
- Xeyr. Mən deməzdim ki, müdafiəyəyə daha çox diqqət ayırmışdıq. Rəqib hesabı bərabərləşdirdikdən sonra daha çox hücum etdik. Mən özüm də bir qol vəziyyətindən istifadə edə bilmədim. Hər halda, sevindiricidir ki, ilk oyunda qələbə qazandıq.
- Öz oyunundan razı qaldınmı?
- Bəzi səhvlərim oldu, amma ümumilikdə pis oynamadım.
- İkinci turda sizi “Olimpik”lə çətin oyun gözləyir...
- Rəqibin gücü hər kəsə məlumdur. “Olimpik” ötən birinciliyi ikinci yerdə başa vurub. Bu il də yaxşı heyəti var. Ancaq biz də qalib gəlmək istəyirik.
- Bu il komandanın qarşısına hansı məqsədlər qoyulub?
- Avrokuboklara vəsiqə qazanmağa çalışacağıq. Məncə, bunu reallaşdırmağa gücümüz çatar.