QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Fərhadın uşaq səhvi nəticəni müəyyənləşdirdi (futbol+ 01.09.08)

Çempionluq arzusunda olan komandaların dueli həm də tərəflərdən hansının daha iddialı olmasına aydınlıq gətirəcəkdi. Təsadüfi deyil ki, matçı izləyənlər arasında iştirakçı komandaların vitse-prezidentləri Tahir Gözəl və Zeynal Məmmədovla yanaşı, PFL-in prezidenti Ramin Musayev, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, eləcə də Berti Foqtsun yığmada qapıçılarla işləyən köməkçiləri Faiq Əzizovla Uli Ştayn vardı. Amma sonuncuların sözügedən oyunu izləməsinin əsas səbəbkarı olan yığmanın qolkiperi Fərhad Vəliyevin çıxışı çox güman, onları daha çox peşman etdi.
Oyun ərəfəsində hər iki komandanın düşərgəsində müəyyən itkilər olsa da, baş məşqçilər meydana optimal heyət çıxara bilmişdi. Baxmayaraq ki, "Qarabağ"da zədə səbəbindən hələ də debüt edə bilməyən Sedat Şahinin yoxluğu azmış kimi, Viktor İbokoyinin də sıradan çıxması ciddi itki hesab olunmaqdaydı. Bu mənada ağdamlıların bir neçə gün öncə məhz "Bakı"dan transfer etdiyi Aleksandr Qoqoberişvili isə tam başqa səbəbdən yeni komandasında debüt edə bilmirdi. Belə ki, paytaxt komandası gürcü yarımmüdafiəçinin bu oyunda iştirak etməməsiylə bağlı "Qarabağ"la centlmensayağı razılığa gəldiyindən Qurbanov onun da adını "18-liy"ə daxil etməmişdi. "Bakı"da isə ötən turun "İnter"lə prinsipial duelində sıradan çıxan Fernando Peresin yoxluğu baş məşqçini qayğılandırmaya bilməzdi. Bu üzdən Hacievski hücum xəttində həmyerlisi Xristovla yanaşı, Ticaniyə ilk dəqiqələrdən mübarizə aparmaq şansı yaratmışdı. "Qarabağ"ın start heyətində isə bir neçə dəyişiklik diqqət çəkməyə bilməzdi. Məlum olduğu kimi, ağdamlıların gənc çalışdırıcısı az qala hər oyundan sonra müdafiə xəttinin zəif çıxışından gileylənirdi. Məhz bu üzdən də heyətdə dəyişiklik edəcəyinə söz verən Qurbanov vədinə xilaf çıxmamışdı. Sırf 4-4-2 taktikasına üstünlük verən çalışdırıcı qapını ötən tur heç də inamlı təsir bağışlamayan Fərhada etibar etsə də, arxa xəttdə Maksimlə Aftandili ilk dəfə start heyətində meydana buraxmışdı. Belə ki, Zauru müdafiənin solunda oynadan Qurbanov Medvedevə sağ cinahda, Hacıyevə isə Ramazaniylə birgə mərkəzdə mübarizə aparmaq şansı yaratmışdı. Orta sahədə isə Namiq Yusifovu ehtiyatda saxlayan baş məşqçi Mamadubanı Aslanla yanaşı dayaq yarımmüdafiəçisi kimi oynadırdı. Lakin Kərimov Şakiri və Eminlə birlikdə hücumların təşkili zamanı ön xəttdə yanaşı mübarizə aparan Zaurla Fərhadoviçi topla təmin etməyə daha çox üstünlük verirdi. Qeyd edək ki, Nidal da start heyətində ilk dəfə yer alırdı.
Matç kəşfiyyatsız başladı və ilk dəqiqələrdən komandalar qol arayışına üstünlük verdi. Lakin hesabın açılması elə də gözlənilən olmadı. Belə ki, matçın 5-ci dəqiqəsində qonaqlar cərimə zərbəsi vurmaq hüququ qazandı və Fərhadın buraxdığı kobud səhv ağdamlıları çətin vəziyyətə saldı. Mucirinin təxminən 35 metrdən vurduğu zərbəni ilk cəhddə tutan yığmanın qolkiperi onu əlində saxlaya bilmədi və nəticədə top qapı xəttini keçdi. Belə erkən, özü də ucuz qol buraxacağını gözləməyən ağdamlıların şoka düşməsi "Bakı"nın hesabı daha da artırması üçün şərait yaratsa da, Hacievskinin yetirmələri bundan istifadə edə bilmədi. Əvəzində getdikcə özünü toparlayan Ağdam futbolçuları 35-ci dəqiqədə hesabı bərabərləşdirə bilərdi. Belə ki, ilk real qol vəziyyətini künc zərbəsindən sonra yaxalayan meydan sahiblərində Aftandilin 2-3 metrdən zərbəsi tirə tuş gəldi. Nəticədə daha çox meydanın mərkəzində gedən mübarizəyə səhnə olan ilk yarı qonaqların minimal hesablı üstünlüyü ilə də başa çatdı.
İkinci yarıya baş məşqçilər əvəzləməylə başladı ki, bunların da hər ikisi makedoniyalı futbolçular - Şakiri və Xristovla bağlı oldu. Belə ki, sözügedən qarşılaşma daha çox bu iki oyunçunun mübarizəsi baxımından maraq kəsb etsə də, fasilədən sonra azarkeşlər onları meydanda görə bilmədi. Hacievski artıq hesabda irəli olduqları üçün iki hücumçuyla oynamağın mənasız olduğunu düşünüb Georgini cinah yarımmüdafiəçisi Ramazanla əvəzlədiyi halda, Qurbanov ilk yarıda bir qədər əsəbi görünən pleymeykeri Vaqiflə dəyişdi. Yeri gəlmişkən, Şakiri ilk yarının son saniyələrində Cəmşidlə mübahisə etdiyindən futbolçular arasında kiçik narazılıq yarandı ki, makedoniyalı orta sahə oyunçusunu həmyerlisi Xristov sakitləşdirdi.
Cavadovun meydana çıxması "Qarabağ"ın fəallığı artırmasına xeyli təsir göstərdi. Belə ki, qonaqları daha çox müdafiə haqda düşünməyə vadar edən meydan sahibləri düşünülmüş hücumlarının sayını da artırmağa nail oldu. Lakin Hacievskinin yetirmələri ağıllı müdafiə olunmaqla ağdamlıların fərqlənməsinə imkan vermirdi. Makedoniyalı mütəxəssisin elə də inamlı təsir bağışlamayan Brankoviçi son yarım saata girərkən Savinovla əvəzləməsi də bu yöndə az rol oynamadı. Qurbanov isə məğlubiyyətdən yaxa qurtarmaq üçün Fərhadoviçi Murad, Emini Ayxanla əvəzləmək qərarına gəldi. Düzdü, heç nəylə yadda qalmayan İmaməliyevin meydandan çıxarılması düzgün olsa da, Nidalın əvəzləməsi arzuolunan deyildi. Çünki onunla müqayisədə Ramazanov daha bərbad oyun sərgiləməkdəydi və onun sona qədər meydanda saxlanılması ağdamlıların qol vura bilməməsində başlıca rol oynadı. Nəticədə rəqib qapısına yol tapmaqda çətinlik çəkən ağdamlılar matçın başa çatmasına 10 dəqiqə qalmış daha bir zərbə aldı. Belə ki, Ramim bir neçə müdafiəçinin əhatəsində cərimə meydançasına yaxınlaşaraq uzaq küncə qarşısıalınmaz zərbə endirməklə yekun nəticəni müəyyənləşdirdi - 0:2. Bu nəticə həm də bakılıların Ağdam təmsilçisindən daha iddialı olduğunu təsdiqlədi.
Oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov yenə qayğılı göründüyü halda Qyoko Hacievski həddən artıq sevincliydi. Oyun haqda fikirlərini bildirmək üçün söz ilk olaraq makedoniyalıya verildi.
- Komandamız yaxşı formadadı. Arxada qalan görüşlərdə qazanılan uğurlu nəticələrdən sonra komandada əla atmosfer hökm sürür. "Qarabağ" üzərindəki qələbəmizi oyuna psixoloji cəhətdən daha yaxşı köklənməyimizlə izah edərdim. Fikrimcə, Fərhadın səhvi bu günkü oyunda üstünlüyün tərəfimizə keçməsində böyük rol oynadı. Bura yalnız baxımlı futbol sərgiləmək yox, həm də nəticə qazanmaq üçün gəlmişdik. Hesabımıza yazdığımız üç xal komandam üçün çox vacib idi. Oyun dostcasına keçdi. Hakimlərə də hansısa iradım yoxdu. Qurbanov komandada yenidi. Əminəm ki, o yaxın günlərdə "Qarabağ"ın oyun sistemində öz istədiklərinə nail olmağı bacaracaq.
Qurbanov isə növbəti məğlubiyyətlərinə belə münasibət bildirdi:
- Yenə məğlub olduğumuza görə məyusam. Bu uğursuzluq göstərdi ki, biz oyunçularla daha ciddi söhbət aparmalıyıq. Çünki hər vəziyyətdən çıxış yolu var. Halbuki ötən tur olduğu kimi, yenə adi səhvlər nəticəsində məğlub olduq. Təbii ki, "Bakı" kimi mütəşəkkil komandayla oyunun əvvəlində belə sadə və gözlənilməz qol buraxandan sonra oynamaq elə də asan deyil. Bütövlükdə çatışmazlıqlar çoxdu və indi qarşıdakı fasilə dövründə bunlar üzərində çalışmaq üçün vaxtımız olacaq. Ümid edirəm ki, problemləri yoluna qoyub, istədiyimiz oyunu sərgiləməyi bacaracağıq.
- Fərhad ötən oyunda da adi vəziyyətdə kobud səhvə yol vermişdi. Onu ən azı digər qapıçıyla əvəzləyib yumşaq şəkildə cəzalandırmaq olmazdımı?
- Hər şeyə fikir veriləcək. Belə şanssızlığı hər bir qapıçı yaşaya bilər. Ancaq Vəliyev özünü təsdiq etmiş qapıçı olduğundan, həm də yığmanın şərəfini qoruduğundan biz onun oyun praktikasından əziyyət çəkməməsi haqda da düşünürük. Təki millinin heyətində belə səhvlər buraxmasın. "Qarabağ"da əvəzolunmaz oyunçu olmadığını görəcəksiz.
- Bəlkə komandanızda sizə qədər nizam-intizamla bağlı problemlər olub, indi bunun əziyyətini çəkirsiz?
- Belə düşünmürəm. Çünki hər bir məşqçi ilk növbədə komandada intizamın qaydasında olmasına diqqət yetirir. Hazırda məni ən çox narahat edən məqam ayrı-ayrılıqda futbolçularımızın peşəkarlığını artırmamasıdı. Sadəcə, öz cavanlığımı yada salıram. O vaxt formada qalmaq, əsas heyətdəki yerimi itirməmək üçün daha səylə çalışırdım, fərdi məşqlər edirdim. Amma indiki oyunçularda nədənsə bu istəyi görmürəm. Yaxşı olardı ki, bütün oyunçularımız öz ustalıq səviyyəsini artırmaq barədə düşünsün.
- Ramazanov digər oyunlarda olduğu kimi yenə əvəzlənmədi. Hesab etmirsiz ki, Zaur hələ komandaya tam uyğunlaşa bilməyib və onu dəyişməklə müəyyən çıxış yolu tapmaq olardı.
- Əslində komandaya uyğunlaşmayan təkcə Zaur deyil. Ancaq bunun da çıxış yolunu tapacağıq.
- 4 oyuna iki məğlubiyyət və bir heç-heçədən sonra Qurban bəy üçün çempionluqdan danışmaq çətin olmayacaq ki?
- Çempionluqdan danışmaq həmişə çətindi. Xüsusilə belə vəziyyətdə. İndi biz müəyyən xal itkilərinə məruz qalsaq da, inamımızı itirmirik. Ümid sonda ölür. Ancaq bizim əsas vəzifəmiz ilk "üçlük"də qərarlaşmaqdı və inanıram ki, hər şey istədiyimiz kimi alınacaq.
- Cənab Hacievski, sizin Sissokonu ehtiyatda saxlayıb, Şarliyaya daha çox güvənməyiniz nədən irəli gəlir? Çünki qaradərili oyunçu həmkarından daha güclü olduğunu iddia edir...
- Təbii ki, o güclü olmasaydı, komandamın tərkibində olmazdı. Sissokoyla aramda hər hansı problem də yoxdu ki, onu start heyətində meydana buraxmayım. Onların hər ikisi lazımlı oyunçulardı və hansını meydana buraxacağıma da mən qərar verirəm.