QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Bosniyalı futbolçu Azərbaycanda “qol kralı” olmasını arzulayır (APA-SPORT)22.10.2008
Bakı. Mehman Süleymanov – APA-Sport. “Azərbaycan haqda çempionumuz “Şiroki Briyeq” “Neftçi”yə qarşı oynayanda eşitmişdim. Ötən mövsüm isə milli komandanız yığmamızla hazırlıq matçı keçirdi. Ölkəniz haqda məlumatım bu qədər idi”. “APA-Sport”un məlumatına görə, bunu “Qarabağ”ın bosniyalı legioneri Nidal Fərhatoviç klubun rəsmi saytına müsahibəsində deyib.

Cari mövsümdə şərəfini qoruduğu Ağdam klubunda vurduğu 4 qoldan 3-ə başla imza atan hücumçu boyunun uca olmasından yaxşı istifadə edir. Premyer Liqanın bombardirlər siyahısında yuxarı pillələrdə yer alan Fərhatoviç sonda bu yarışın qalibi olmaq istəyir: “Əlbəttə, bütün hücumçular “qol kralı” olmaq istəyər. NBC, “Qəbələ” və “Simurq”la görüşlərdə qol vurmaq üçün əla imkanlarım vardı. Bu şanslardan istifadə etsəydim, indi hesabımda 10 qol vardı. Komanda yoldaşım Artim Şakiri də mənimlə qol yarışına girişib. Hücumda bir yerdə çıxış etdiyimiz Zaur Ramazanov məşqdə inanılmaz dərəcədə asan qollar vurur. Hiss olunur ki, vuran ayağı var. Amma sanki oyunda tilsimə düşür. Belə hallar futbolda tez-tez baş verir. İnanıram ki, Zaur bir qol vurduqdan sonra hər şey düzələcək”.

Premyer Liqamızla öz çempionatlarının səviyyəsini eyni hesab edən 28 yaşlı hücumçu karyerasında bir mövsümdə ən çox qolu (14) vətənində “Sarayevo” klubunda vurub. Burada gördüklərindən razılığını ifadə edən Fərhatoviç futbolumuza diqqətin artırıldığını qeyd edib: “Hal-hazırda Azərbaycan birinciliyinə böyük sərmayə qoyulur ki, bunun da bəhrəsini yaxın illərdə görmək olacaq. Bura gələnədək Almaniyada “Karslrue”də forma geyinmək şansı tapmışam. Düzdü, zədə ucbatından bu klubdan ayrılmalı oldum. İsveçdə, Birləşmiş Ərəb Əmirliyində də top qovmuşam. Bosniyada əsasən U-21-də çıxış etmiş, əsas yığmaya isə 3 dəfə dəvət almışam”.

Qeyd edək ki, hazırda 9 qolla Premyer Liqanın bombardiri olan “Xəzər-Lənkəran”ın bolqar hücumçusu İvan Svetkov da cari mövsümdən ölkəmizdə çıxış edir.