QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban QURBANOV: «Sonadək mübarizə aparacağıq» (livesport.az, 10.02.2009)

 

«Qarabağ» birinci dövrənin sonlarında uğurlu nəticələrə imza ataraq, turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdırdı. Hazırda liderdən 7 xal geri qalan «Qarabağ»ın mükafata layiq yerlər tutmaq şansi böyükdür. Klubun baş məşqçisi Qurban Qurbanov LIVESPORT.az saytına verdiyi eksklüziv müsahibədə komandanın məqsədləri haqqında danışdı.

 - Qurban müəllim, birinci dövrənin yekunlarından razı qaldınızmı?

 

- Məlum olduğu kimi, premyer Liqanın startına bir həftə qalmış kluba baş məşqçisi vəzifəsinə təyin olundum. Sözsüz ki, ilk əvvəl komandanı yaxşı tanımırdım. Odur ki, çempionatın startında uğursuz nəticələr əldə etdik. Amma getdikcə komanda və futbolçulara daha yaxşı bələd oldum. Yekunda birinci dövrənin sonlarında vacib xallar qazanmağı bacardıq.

 

- Tükiyədə keçirilən təlim-məşq toplanişi necə keçdi? Yoxlama matçlarında futbolçular ümidləri doğrultdularmı?

 

- Antalyada 24 günlük təlim-məşq toplanışı keçdik. Uzun müddətli hazırlıq çox çətin keçir. Odur ki, hər cür şərait yaradılmışdı ki, futbolçular psixoloji cəhətdən yorulmasınlar. Yoxlama oyunlarında qeydə alınan nəticələr bizim üçün əhəmiyyətli deyildi. Toplanış zamanı hər bir futbolçunun fiziki hazırlığına xüsusi diqqət yetirildi. Mənə elə gəlir ki, hər şey qaydasında oldu.

 

- Yüksək səviyyəli hazırlıqdan sonra «Qarabağ»ın hansı mövqelərində çatışmazlıqlar üzə çıxdı?

 

- Xətlərarası əlaqədə bəzi problemlər var. Oyunlar zamanı bəzən istədiyimiz kimi anlaşa bilmirdik. Dövrələrarası fasilədə heyətə cəlb olunan futbolçuların uyğunlaşması üçün də müəyyən vaxt tələb olunur. Rəşad Sadiqovla Elnur Allahverdiyevin uzun müddət məşq etməsi özünü göstərirdi.

 

- «Qarabağ»ın əsas hücumçuları qol vurmaqda çətinlik çəkirdilər. Bu nə ilə əlaqədardır?

 

- Birinci dövrənin son oyunlarında meydanı qol vuraraq tərk etdik. Ümimiyyətlə, Premyer Liqanın cəmi 2 matçında top vurmamışıq. Futbolda hücumçu nadir hallarda bütün oyunlarda fərqlənir. Əsas nəticədir. Hücumçularımız öz üzərlərində çox işləyirlər. Çalışırıq ki, oyundan-oyuna çatızmazlıqları aradan qaldıraq.

 

- Birinci dövrənin sonunda əldə etdiyiniz uğurlu seriyanı davam etdirə biləcəksiniz?

 

- Futbolda əsas amillərdən biri çempionatın sonunda büdrəməməkdir. Yuxarıda vurğuladığım kimi, uzun müddətli fasilədən sonra çempionat oyunları ağır keçir. Ola bilər ki, ikinci dövrənin əvvəlində komanda istənilən oyunu nümayiş etdirməsin. Amma getdikcə futbolçular əvvəlki güclərini bərpa edəcəklər.

 

- Klub rəhbərliyi qarşınıza hansı məqsədləri qoyub?

 

- Mövsümün əvvəlində «Qarabağ»ın qarşısına yüksək yerlərdən birini tutmaq vəzifəsi qoyulmuşdu. Vəziyyətdən asılı olmayaraq, komanda həmişə mükafata layiq yerlər tutmağa çalışır. Bu mövsüm Premyer Liqada mübarizə kəskinləşib. Məncə, qaliblər son turadək məlum olmayacaq. Çalışacağıq ki, «Qarabağ»ın qarşısına qoyulan vəzifənin öhdəsindən gələk. Əsas məqsədimiz Avropa kuboklarına vəsiqə verən yerlərdən birini tutmaqdır.

 

- Sizcə, «Qarabağ» mövsümü hansı pillədə başa vura bilər?

 

- Bu barədə danışmaq düzgün olmazdı. Əmin olun, sonadək mübarizə aparacağıq.