QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Emin İmaməliyev: “Uğursuzluğa son qoymaq istəyirik” (livesport.az 19.02.2009)



 

Saytımız ikinci dövrənin startından etibarən turun ən yaxşı futbolçusunu müəyyənləşdirəcək. Ölkənin aparacı idman nəşrləri və televiziya kanalları arasında aparılan ilk sorğunun qalibi Emin İmaməliyev oldu. «Bakılı» ilə görüşdə iki qol vuran «Qarabağ»ın yarımmüdafiəçisi LIVESPORT.az  saytına eksklüziv müsahibə verdi.

 

- Emin, ikinci dövrənin ilk matçında belə uğurlu çıxış edəcəyini gözləyirdinmi?

 

- Türkiyədə yüksək səviyyəli təlim-məşq toplanışı keçmişik. Antalyadakı hazırlıq zamanı özümü yaxşı tərəfdən göstərməyə çalışırdım. Düzünü desəm, iki qol vuracağımı düşünmürdüm. Amma meydana çıxdığım hər oyunda qol vurmaq istəyirəm.

 

- «Bakılı» ilə matçda fərqləndiyin vəziyyətləri xatırlayırsanmı?

 

- Birinci vəziyyətdə Zaur Ramazanovun ötürməsindən sonra topu qapıdan keçirdim. İkinci qolun vurulmasında da Zaurun xidmətləri böyük oldu. O, Vaqifə ötürmə etmək istəsə də, müdafiəçiyə toxunan top qarşıma düşdü. Fürsəti qaçırmayaraq, növbəti qoluma imza atdım.

 

- Qələbə sayəsində «Qarabağ» turnir cədvəlində üç pillə irəliləyə bildi. Artıq 8 oyundur uduzmayan komanda uğurlu seriyanı davam etdirə biləcəkmi?

 

- Uğurlu çıxış üçün komandaya hər cür şərait yaradılıb. Əsas məqsədimiz mükafatalayiq yerlər tutmaqdır. «Qarabağ» uzun illərdir çempion ola bilmir. Uğursuzluğa son qoymaq istəyirik.

 

- Bunun üçün komandaya nə lazımdır?

 

- Düzü, «Qarabağ»ın heç bir problemi yoxdur. Rəhbərlik bizə lazım olan dəstəyi verir. Demək olar ki, hər oyundan əvvəl və sonra komandanın prezidenti Tahir Goozal futbolçularla görüşür. Əlbəttə, bu amil oyunlar zamanı bizə əlavə ruh yüksəkliyi verir.

 

- «Qarabağ»a gənc mütəxəssis Qurban Qurbanov başçılıq edir. Komandada əhval-ruhiyyə hansı səviyyədədir?

 

- Kollektivdə əla mühit formalaşıb. Futbolda bu vacib amillərdən biridir. Oyunçuların bir-birləri ilə münasibəti yüksək səviyyədədir. Çalışırq ki, məşqçinin verdiyi tapşırıqları meydanda uğurla yerinə yetirək. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmin matçlarda lazımi xalları yığa bilsək, qarşımıza qoyduğumuz məqsədlərə bir addım da yaxınlaşacağıq.

 

- Bəs çempionata uğursuz start götürməyinizə səbəb nə idi?

 

- Startdakı uğursuzluğu normal qarşılaşamaq lazımdır. Son anda komandada baş məşqçi dəyişikliyi baş vermişdi. Qurban müəllim futbolçuları yaxşı tanımadığından vaxta ehtiyacı var idi. Sonradan hər şey qaydasına düşdü. Xüsusilə birinci dövrənin sonlarında güclü rəqiblərə qalib gəldik.

 

- Emin, əvvəllər yığmaya mütəmadi dəvət olunurdun. Son zamanlar nədənsə milli məşqçilərinin diqqətindən kənarda qalmısan…

 

- Milliyə çağırılmamağımın səbəbi mənim üçün də qaranlıq qalır. Bütün oyunlarda var qüvvəmlə çalışıram ki, klubun əsas heyətində yer alım. Sözsüz ki, «Qarabağ»da yalnız uğurlu çıxış sayəsində milliyə dəvət ala bilərəm. Hər an yığmanın formasını geyinməyə hazıram. Ümid edirəm ki, qarşıdakı müddətdə Berti Foqts tərəfindən dəvət alacağam.