QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”dan növbəti açıqlama: Hakimə pul versəydik, bizi də araşdırmaya cəlb edərdilər(qol.az 13.03.2009)
“Mənə dedilər ki, “Qarabağ”la işbirliyinə girmişəm. Güya bu komandanın “Bakı”yla oyununda ağdamlılara kömək etməliydim. Bunun da müqabilində onlardan 15 min manat almışam. Lakin bu fikirlərin hamısı absurddur. Mən heç kimdən pul almamışam”. Qol.Az-ın məlumatına görə, bu sözləri ona qarşı səslənən ittihamlara cavab verərkən FİFA referisi Babək Quliyev deyib. B.Quliyev günahsız olduğunu və məsələnin sonunu gözlədiyini bildirib.
“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl də Qol.Az-ın müxbirinə bu məsələylə bağlı heç bir əlaqələrinin olmadığını söyləyib: “Biz hər zaman oyunların təmiz idman mübarizəsi şəraitində keçməsinin tərəfdarı olmuşuq. “Qarabağ”ın adının bu cür olayla birgə hallanması heç də yaxşı hal deyil. Bizim bu məsələylə heç bir əlaqəmiz yoxdur. Həm də hansısa əlaqəsimiz olsaydı, bizi də araşdırmaya cəlb edərdilər. Lakin bu günə qədər nə federasiya, nə də Hakimlər Komitəsi tərəfindən bizə bir söz deyən olub. Bu da “Qarabağ”ın günahsızlığının göstəricisidir. Ola bilər ki, bu söz-söhbəti komandamızı istəməyənlər, gözü götürməyənlər yayıb”.