QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: «Vaqif Cavadovun təcrübəsi azdır. Fərhad Vəliyevin səhvi olduğunu etiraf etməliyəm» (31.03.2009,qol.az)

Azərbaycan milli komandasının sabiq hücumçusu və kapitanı, hazırda “Qarabağ”ın baş məşqçi işləyən Qurban Qurbanov Rusiya - Azərbaycan matçı ilə bağlı Qol.Az-a müsahibə verib

- Ümumilikdə, milli komandamız pis təsir bağışlamadı. Baxmayaraq ki, səfərdə güclü rəqibə qarşı oynayırdıq. Çünki Rusiya komandası hazırda dünyanın ən güclü millilərindən biri hesab olunur. Hazırda təkcə Rusiyada yox, bütün dünyada futbol sürətlə dəyişir, inkişaf edir. Sadəcə, biz hələ ki, bu sürətlə ayaqlaşa bilmirik.
- Konkret Rusiya ilə oyunda millimizin ifasında nə sizi qane etdi?
- Futbolçularımız soyuqqanlı və müdafiədə diqqətli oynayırdılar. Əvvəlki illərlə müqayisədə tez-tez top itirmirdik, əksinə, onu müəyyən müddət özümüzdə saxlamağı bacarırdıq. Bunu mənim deməyim artıqdır, hər şey göz qabağındaydı. Əminliklə deyə bilərəm ki, artıq komanda kimi müdafiə olunmağı bacarırıq. Burada təbii ki, Foqtsun da əməyini qeyd etmək lazımdır. Bundan başqa, komandamız daha əvvəlki kimi arxaya çəkilib kor-koranə topu hara gəldi də vurmur. Məsələn, çox xoşuma gəldi ki, rəqibi mərkəzdə qarşılayaraq onların rahatlıqla hücum etməsinə imkan vermədik. Şəxsən mən Foqtsun fəaliyyətini qənaətbəxş hesab edirəm və düşünürəm ki, almaniyalıya vaxt verilməlidir. Onsuz da tez-tez məşqçi dəyişməklə hər dəfə itiririk. Bu, düzgün deyil. Qeyd etdiyimiz kimi, hazırkı vəziyyətdə əsas olan odur ki, müdafiə xəttini qaydaya salaq. Buna yavaş-yavaş nail oluruq. Bundan sonra hücumdakı məsuldarlığı artırıb qol vurmağın üzərində işləmək lazımdır.
- “Qarabağ”ın milli komandadakı üzvlərinin çıxışını necə dəyərləndirərdiniz?
- Vaqif Cavadov cəmi bir hissə oynadı. Bununla belə, onun yaxşı təsir bağışladığını deyə bilərəm. Qol imkanı da oldu. Düzdür, bəzi epizodlarda tələskənliyə yol verərək top itirdi. Amma digər epizodlarda topu özündə daha çox saxlamaqla komandamızın futbolçularının meydançada öz yerlərini tutmasını təmin edirdi. Fərhad Vəliyevə gəlincə, ilk qolda onun səhvi olduğunu etiraf etməliyəm. Düzdür, həmin epizodda top da öz trayektoriyasını dəyişərək qapıçını aldatdı. Lakin istənilən halda Vəliyev həmin zərbəni dəf etməliydi. Buna baxmayaraq, ümumilikdə Fərhadın da çıxışını uğurlu qiymətləndirərdim. O, bir neçə epizodda komandamızı qoldan xilas etdi. Eyni zamanda o cür qol buraxdıqdan sonra psixoloji cəhətdən sınmadı və özünü toparlaya bildi. Qapıçı kimi komanda yoldaşlarına lazımı göstərişlərini verərək onları ruhlandırırdı.
- Hakimlik haqqında nə deyə bilərsiniz?
- Açığı, hakimin rəqibə simpatiyası hiss olunurdu. Elə qapımıza vurulan qol epizodunu qeyd edərdim. Rusların ilk zərbəsindən sonra top canlı səddən döndü. Nə gərək var idi, yenidən təkrar zərbə təyin etməyə? Həmin qola kimi oyun gedirdi ki, qol vurulacağını dəmək olmazdı. Çünki komandamız inamla mübarizə aparırdı və rəqibin timsalında qol təhlükəsi yox idi. Amma hakimin qərarı planlarımızı alt-üst etdi.
- İndi də istərdik ki, Fərhadla Cavidin çatışmayan cəhətlərinə münasibət bildirəsiniz. Vaqif meydanda çox işləyir, mübarizə aparır. Lakin sanki onda futbolçu savadı çatışmır. Ötürmə anında çox vaxt bunu etmir və başı aşağı oynayır. Konkret Rusiya ilə oyunda hesab 0:1 olarkən o başını qaldırıb Qomeşə ötürmə versəydi, bəlkə də hesab bərabərləşə bilərdi.
- Yox, mən deməzdim ki Vaqifin futbolçu kimi səviyyəsi aşağıdır. O, yaxşı hücumçudur və potensialı var. Mən inanıram ki, gələcəkdə Azərbaycan futboluna xeyir verəcək. Sadəcə, təcrübəsi azdır və bunun üzərində işləməlidir. Biz də klub olaraq əlimizdən gələni edəcəyik ki, Cavadov indikindən qat-qat yaxşı səviyyədə çıxış etsin.
- Fərhad isə son vaxtlar klubda da tez-tez kobud səhvlərə yol verir. Sizcə, onun problemi nəylə bağlıdır?
- Bu, hər bir qapıçının başına gələ bilər. Futboldur da, burada hər şey ola bilər. Səhvi hamı edə bilər. Ümumi götürdükdə isə Fərhadı çox güclü qapıçı kimi qiymətləndirərdim. O, uzun müddət milli komandanın da əsas qapıçısı olub. Səhv edib qol buraxmasına baxmayaraq, həyacana düşmür və özünü sərbəst apara bilir.
- Bəlkə hansısa şəxsi problemi var və bu da oyununa təsir edir?
- Yox. Bir baş məşqçi kimi sizi əmin edirəm ki, Fərhadın heç bir problemi yoxdur. Sadəcə, səhvə yol verdi ki, bu da təkrar edirəm, istənilən qapıçının başına gələ bilər.