QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“O vaxt “Qarabağ”ın qarşısında dayana biləcək komanda yox idi” (apasport.az, 24.04.2009)
Ağdamın “Qarabağ” klubunun kapitanı Aslan Kərimovun apasport.az saytına müsahibəsi

- “Qarabağ” 16 illik fasilədən sonra Ağdamda oyun keçirəcək. Komandanızda sonuncu dəfə oradakı matçda iştirak edən yeganə futbolçusunuz. Maraqlıdır, həmin qarşılaşma yadınızda necə qalıb?
- Həmin oyunu xatırlayıram. Ölkə kubokunun yarımfinalında “Turan”la görüşürdük. Həmin vaxt çempionatda 3-4 güclü klubdan biri də Tovuz təmsilçisi idi. Ancaq biz qalib gələcəyimizə yüz faiz arxayın idik. Sadəcə, səfərdə keçiriləcək cavab oyunu öncəsi üstünlük qazanmaq, top buraxmamaq lazım idi. Həmin oyunda 1:0 hesabı ilə qalib gəldik və səhv etmirəmsə, qələbə topunu ikinci hissədə vurduq. Hazırda “Qarabağ”da məşqçi kimi çalışan Yaşar Hüseynov uzaq məsafədən dəqiq zərbə ilə qol vurdu. Cavab görüşündə 2:1 hesabı ilə qələbə qazandıq. Finalda da Sabirabadın “İnşaatçı” klubunu 1:0 hesabı ilə məğlub etdik və kuboku qazandıq. Mövsümü “qızıl dubl”la başa vurduq. Ümumiyyətlə, həmin vaxt güclü idik və qabağımızda dayanan yox idi.

- Həmin vaxt “Qarabağ”ın heyətində ən gənc, indi isə ən yaşlı futbolçu, həm də kapitansınız...
- Doğrudur. Həmin vaxt cəmi 20 yaşım var idi. Ancaq təcrübəli futbolçuların əhatəsində oynamaqdan sıxılmırdım, özümü rahat hiss edirdim. Komanda yoldaşlarım arxamda dağ kimi dayanmışdılar. Meydanda əsas işim topu rəqibdən alıb, komanda yoldaşlarıma vermək idi. Səhvlər olanda bunu oyundaşlarım sığortalayırdı. Gənc yaşlarımda elə bir güclü komandada oynamaq xoşbəxtçiliyi mənə nəsib oldu.

- Ağdamın işğal olunması xəbərini nə vaxt eşitdiniz?
- “Turan”la Bakıda oyunlarımız vardı. Elə ölkə kubokunun final matçını da paytaxtda keçirdik. 1993-cü ildə ev oyunlarımızı Ağdamda keçirsək də, Mingəçevirdə qalırdıq. Həmin vaxt ermənilər ora tez-tez mərmi atdıqlarından, qalmaq təhlükəli idi. Yadımdadır, bir-iki oyunda meydana “qrad” düşmüşdü. “Turan”la görüş Ağdamda sonuncu matç oldu. Sonradan eşitdik ki, Ağdam işğal olunub və ev oyunlarını keçirdiyimiz “İmarət” stadionuna qayıda bilmədik.

- Peşəkar Futbol Liqasının çıxardığı qərarla artıq bu imkanı qazanmısız. Mayda Premyer Liqada “İnter” və “Xəzər-Lənkəran”, ölkə kubokunda “Bakı” ilə cavab yarımfinal görüşünü Ağdamda, Quzanlı Olimpiya İdman Kompleksinin stadionunda keçirəcəksiniz. Yenidən Ağdamda oynayacağınızı gözləyirdinizmi?
- Əvvəlcə gözləməsəm də, Olimpiya İdman Kompleksi açılandan sonra ümid yarandı. Fikirləşdim ki, nə vaxtsa orada oynayacağıq. Quzanlıdakı arena “İmarət” stadionundan elə də uzaqda deyil. Aradakı məsafə təxminən 20 kilometr olar.

- “Qarabağ”ın yenidən Ağdamda oynaması yaxşı hal olmaqla yanaşı, eyni zamanda böyük məsuliyyətdir. Bu məsuliyyəti daşımağa hazırsınızmı?
- Həqiqətən də üzərimizə böyük məsuliyyət düşür. Artıq Ağdamda doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Bu, məsuliyyətimizi artırmaqla yanaşı, mövsümün sonunda vacib oyunlarda bizim üçün üstün cəhət olacaq. Çünki meydan sahiblərinin azarkeşlərinin çılğın dəstəyini, qışqırığını eşitmək rəqib komandanı psixoloji cəhətdən sıxır. Bu, nəticə qazanmaq baxımdan bizim üçün təxminən 15 faiz kömək olacaq. Eyni səviyyəli komandaların oyununda azarkeş dəstəyi böyük rol oynayır. Biz də Ağdamda uğurlu çıxış etməyə çalışaraq, onları sevindirməliyik.

- Ağdamda oynamaq variantına qarşı çıxanlar da oldu...
- Burada söhbət nəyin bahasına olursa-olsun orada oynamaqdan getmir. Qanun hər şeydən alidir. Rəqiblərimiz da vəziyyəti başa düşüb, Ağdamda oynamaq variantına dəstək olmalıdır. “Qarabağ”ın azarkeşləri arasında qaçqınlar və məcburi köçkünlərimiz çoxluq təşkil edir. Onlar üçün doğma komandalarının Ağdamda oynaması çox vacibdir.

- Uzun müddət milli komandamızda çıxış etmisiniz, kapitan sarğını daşımısınız. Yığmamız iyunun ilk ongünlüyündə üç oyun keçirəcək. Sizcə, bu, futbolçular üçün fiziki hazırlıq baxımdan problem yarada bilər?
- Milli karyeramı başa vursam da, yığmanı diqqətdə saxlayır, onu dəstəkləyirəm. Bu oyunlar komandamıza xeyir verəcək. Dalbadal oyunlar zamanı fiziki yüklənən futbolçular bərkə-boşa düşürlər. Əsas məsələ Uelslə rəsmi oyuna hazır olmaqdır. Komandanın hazırlığının səviyyəsini baş məşqçi daha yaxşı bilir və onun hazırlıq planı var. Sadəcə, Türkiyə və Uelslə oyunlar arasında müddət cəmi 4 gündür. Özü də türkiyəlilərlə yoldaşlıq görüşünü səfərdə keçirəcəyik. Yəni uçuş, yol yorğunluğu öz mənfi təsirini göstərə bilər. Futbolçunun oyundan sonra bərpasına isə iki gün lazım gəlir. Yoldaşlıq görüşü rəsmi oyundan bir həftə öncə keçirmək daha yaxşı olardı. Bütün bunlar subyektiv fikrimdir. Mən futbolçuyam və səhv edə bilərəm. İnanıram ki, yığma üzvlərimiz bir həftə ərzində üç güclü rəqiblə oyuna dözə biləcəklər. İspaniya ilə yoldaşlıq görüşünə gəlincə, son Avropa çempionu ilə oynamaq hər futbolçuya nəsib olmur. Necə ki, biz vaxtilə İtaliya, İngiltərə kimi yığmalarla oynamaq imkanı qazanmışıq. Buna görə də İspaniya kimi yığmalarla yoldaşlıq görüşü keçirməyi iki əlli dəstəkləyirəm. Belə oyunlar futbolçularımız üçün böyük bir təcrübədir.